"Bu vəziyyət prosesə yanaşmada Consonla Bayden arasında olan fərqdən qaynaqlanır. Səbəb də odur ki, qoca Bayden Rusiyanın nüvə silahı tətbiq edə biləcəyindən qorxur”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Böyük Britaniya baş naziri Boris Consonun ABŞ Prezidenti Co Baydenlə müqayisədə Ukrayna məsələsində Rusiyaya qarşı daha kəskin və qətiyyətli reaksiya sərgiləməsinin fərqini izah edərkən deyib:
"Digər tərəfdən, Böyük Britaniyanın Avropa Birliyindən çıxdıqdan sonra beynəlxalq məsələlərdə daha müstəqil siyasət yürütdüyü hiss olunur. Bununla da London keçmişlərdə olduğu kimi, özünün də ayrıca güc mərkəzi olduğu obrazını formalaşdırmağa çalışır. Consonun məlum hadisələrdə Rusiyaya münasibətdə digər dövlət rəhbərlərilə müqayisədə daha sərt olması ilə seçilməsinin arxasında yuxarıda qeyd etdiyim bu məqam da dayanır”.
Hətta həmsöhbətimiz daha kritik məqamda Londonun Ukraynaya hərbi qüvvə göndərə biləcəyini də istisna etmir:
"Boris Conson Qərbin digər ölkələrinin liderlərindən fərqli olaraq Rusiyaya qarşı daha radikal mövqe tutması ilə seçilir. O, hətta bir neçə çıxışında Putini təhqir edən fikirlər də səsləndirib. Böyük Britaniyanın baş naziri Rusiyanı tamamilə dünya maliyyə bazarından çıxarmağı, SWİFT sistemini kəsməyi tələb edir. Conson Ukraynaya xeyli silah və təlimatçı göndərib. Yəni Kiyevin hərbi təchizatında Böyük Britaniya daha üstün rol oynayıb və oynayır. Belə olan halda, vəziyyətin daha da dərinləşməsi fonunda Consonun təkbaşına olaraq Rusiyaya qarşı hansısa hərəkətlər edəcəyini, Ukraynaya canlı qüvvə göndərə biləcəyini də istisna etmirəm.
ABŞ Prezidenti isə bu istiqamətdə Conson qədər sərtlik və tələskənlik nümayiş etdirmir. Amerikanın dənizlərdə və Avropa məkanında xeyli sayda qoşunu var. Amma heç olmasa bu qoşunlardan Rusiyanı qorxudacaq, səksəkəyə sala biləcək hər hansı bir hərəkətə keçmir”.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Conson Rusiyanın təcili olaraq beynəlxalq maliyyə sistemindən, SWİFT-dən də çıxarılmasını tələb edir. ABŞ isə bu məsələni dəstəkləsə də, London qədər qətiyyətlilik nümayiş etdirmir. Bayden dəfələrlə bəyan edib ki, ABŞ qoşunlarını Ukraynaya göndərməyəcək”.
Rüfət Sultan