Qrenlandiya ABŞ-dan gələn təhdidlər fonunda Böyük Britaniyaya müraciət edib. Qrenlandiyanın biznes və energetika naziri Naaya Natanilsen Londonda qanunvericilər qarşısında çıxışı zamanı Böyük Britaniya hökumətini Donald Trampın təhdidlərinə qarşı Qrenlandiyaya dəstək verməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barəfə "Politico” nəşri yazıb.
Böyük Britaniya parlamentində çıxışı zamanı nazir ölkələr arasında dialoqun vacibliyini vurğulayıb. Bu müraciət Danimarkanın ABŞ-ın aqressiv davranışlarının NATO hərbi alyansını iflic edə biləcəyi barədə xəbərdarlığından sonra baş tutub.
"Hazırda dialoq lazımdır – həqiqi, dərin dialoq. Dünyadakı problemlər nə qədər mürəkkəb olsa da, bu, danışıqdan imtina etmək üçün səbəb deyil. Çətin məsələlər zorakılıq və ya güc yolu ilə deyil, dialoq vasitəsilə həll oluna bilər”, deyə Natanilsen bildirib.
Nəşr qeyd edir ki, Natanilsen Donald Trampın Qrenlandiyanı nəzarətə götürmək barədə artan təhdidləri fonunda bir sıra görüşlər keçirib.
"Biz özümüzü xəyanətə uğramış hiss edirik. Daha əvvəl dəfələrlə bildirdiyimiz kimi, bu ritorikanı təhqiramiz hesab edirik, eyni zamanda heyrətləndiricidir. Çünki biz yalnız Qrenlandiyanın ABŞ-ın milli maraqlarının bir hissəsi olması ideyasını dəstəkləmişik”, deyə Natanilsen əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp Qrenlandiya ilə bağlı təhdidlərini növbəti dəfə təkrarlayıb. O, ABŞ adanı nəzarətə götürməzsə, bunun Çin və ya Rusiya tərəfindən edilə biləcəyini iddia edib. Tramp məsələnin diplomatik yolla həllinə üstünlük verdiyini desə də, digər variantları da istisna etməyib.
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen adanın "Danimarkanı seçdiyini” bildirib. Buna cavab olaraq Tramp bunun "onun üçün böyük problem olacağını” deyib və Qrenlandiyalı rəsmiyə işarə edib.
Aydın
Şərhlər