
Müsavat rəhbərliyi ADR-ə qoşulan müsavatçılara çağırış edir, onların partiyadan çıxarılmalar da istisna deyil.
Fevralın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı keçiriləcək. Bu barədə ADR-in Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu məlumat verib. O, bildirib ki, ADR-in təsis konfransı fevralın 21-də, saat 09:00-dan 13:00-dək Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.
“Hazırda konfransa hazırlıq işlərinin davam etdirən ADR Hərəkatının Təşkilat Komitəsi bu məqsədlə hər gün yığışaraq, konfransa qədər ADR Hərəkatının Nizamnaməsinin və proqramının, 2015-ci il üçün fəaliyyət istiqamətləri və 2015-18-ci illər üçün strateji planının layihələrini müzakirə edəcək. Bütün bu sənədlərin Təsis Konfransında qəbulu gözlənilir”, - deyə Q.İbadoğlu bildirib.
Onun sözlərinə görə, konfransda həmçinin ADR Hərəkatının sədri, İdarə Heyəti, Ali Şurası və Nəzarət Təftiş Komissiyasının üzvlərinin seçkisi keçiriləcək. Konfransda 30 rayon təşkilatının, gənclər və qadınlar qolunun formalaşdırılması üzrə Təşəbbüs Qrupunun üzvləri iştirak edəcəklər. Konfransa qonaq qismində ictimai xadimlər və media mənsubları da dəvət alacaqlar.
Qeyd edək ki, ADR-in paytaxtda və rayonlarda yaradılan təşəbbüs qrupunun əksər üzvləri Müsavat Partiyasının üzvləridir. ADR-in təsis olunmasından əvvəl Q.İbadoğlunun partiyadan çıxarılması digər ADR üzvləri ilə bağlı narahatlıq yaradır. ADR-ə qoşulan müsavatçıların partiyadan çıxarılıb-çıxarılmaması da müzakirə olunan məsələlərdəndir.
Müsavat başqanının müavini Elman Fəttah isə bu məsələ ilə bağlı musavat.com-a açıqlama verib. O, bildirib ki, ADR-in təsis konfransının olub-olmamasının Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur: “ADR-də müsavatçıların təmsil olunmasını istəmirik. Onlara izahatlarımız, çağırışlarımız davam edir. Amma onlarla bağlı münasibətimiz hansısa toplantıda iştirak edib-etməməkıə bağlı deyil. Bütövlükdə ADR-i Müsavata qarşı bir təşkilat hesab edirik. Müsavatçılar onun təşkilində olmamalıdırlar. Bununla bağlı düşünməlidirlər. Əgər bu proses uzun müddət davam edərsə, yəqin ki, biz hansısa formada məsələyə münasibət bildirəcəyik. Amma konkret toplantı ilə bağlı məsələnin müzakirəsi bizim gündəliyimizdə yoxdur”.
Toplantıda iştirak edənlərin partiyadan çıxarılacağı ilə bağlı ehtimal və narahatçılıqlara gəldikdə isə, E.Fəttah bu məsələyə fərdi yanaşdıqlarını bildirib: “Biz məsələyə fərdi yanaşırıq. Kimlər öz fəaliyyətində Müsavat Partiyasının nizamnaməsini pozursa, xüsusilə də partiyanın nüfuzuna zərbə vuran davranışlarına davam edirsə, bu halda partiyada həmin şəxsin fərdi məsələsinə baxıla bilər. Biz də eşidirik, bilirik, kimlər hansı fəaliyyəti göstərirlər. Bəziləri Müsavata qarşı olmadıqlarını deyirlər. Biz onların fəaliyyətlərini izləyirik. Müsavat Partiyasına qarşı olan insanların partiyada üzvlüyü davam edə bilməz. Özləri bu məsələni yekunlaşdırmalıdırlar. Kimlər özləri yekunlaşdıracaq, biz alqışlayacağıq. Kim ki, partiyada fəaliyyətini davam etdirir, kim ki, fəaliyyətini partiyadan kənarda davam etdirir, onlara da uğurlar arzulayacağıq. Amma bu məsələdə özləri qərar verməyənlər haqqında, əgər onların fəaliyyətləri Müsavat Partiyasına qarşı sistemləşəcəksə, təbii ki, müzakirə olunacaq. Bu, gələcəyin məsələsidir. Müzakirə olunmadan bu barədə bir şey deyə bilmərəm”.
Qaynar.info