Xəbər lenti

"... yeni Müsavat Partiyası yaranacaq” - NƏ BAŞ VERİR?
Siyasət14:56 17.11.2014

"... yeni Müsavat Partiyası yaranacaq” - NƏ BAŞ VERİR?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. 

Qaynar.info xəbər verir ki, Müsavat başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında deyib ki, partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sıralarından xaric edilib.

Divan S. Əlisoyun partiyanın siyasi xəttinə zidd davrandığını əsas götürüb.

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlıya isə Divanın çağırışına məhəl qoymadığı üçün töhmət verilib.

Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy və Ə. Talışxanlı Divana getməyəcəklərini bəyan ediblər.

"Arif Hacılının iki qardaşından başqa hamı susur"

 “Səxavət Əlisoyun Müsavatdan çıxarılması onu göstərir ki, orada repressiya gedir. Çünki Səxavət Əlisoy seçkilərin saxtalaşdırıldığını, qurultayın düzgün keçirilmədiyini, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının və Divanın düzgün seçilmədiyini dəfələrlə bəyan edib. Bu günsə öz fikrini, demokratik düşüncəsini səsləndirdiyinə görə partiyadan çıxarıldı”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında Səxavət Əlisoyun partiyadan kənarlaşdırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, S.Əlisoy sadəcə tələb edib ki, Müsavat Partiyasının nizamnaməsinin tələbləri yerinə yetirilsin və fakt ortaya qoyub ki, partiya nizamnaməsinin tələbləri kobud şəkildə pozulub, seçkilər saxtalaşdırılıb: “O tələb edir ki, demokratik qaydada qurultay keçirilsin. Çünki bir qrup tərəfindən Müsavat Partiyası monopoliyadadır. Ömrü boyu yalandan demokratiyadan, fikir plüralizmindən danışanlar, Azərbaycanda keçirilən seçkiləri saxtalıqda ittiham edənlər bu gün özləri hansı vəziyyətdə olmalarını ortaya qoydular. Partiya rəhbərliyinə seçkilərdə hətta ən iyrənc saxtakarlığa əl atırlar. Demək olar ki, Müsavatda tanınmış simaların əksəriyyəti bütün bu məsələ ilə əlaqədar ya partiyanı tərk edib, ya da azad fikirlərinə görə partiyadan çıxarılırlar”.

YAP rəsmisi Qubad İbadoğlu və Səxavət Əlisoyun Azərbaycan iqtidarı tərəfindən idarə olunması ittihamlarına da cavab verib: “İstər yerli təşkilat sədrləri, istər partiya gənclər təşkilatının sədri, istər ayrı-ayrı şəxslər, məsələn, Nəsib Nəsibli, Hikmət Hacızadə və Müsavatın əksər qurucuları son qurultayın seçiminə etirazını bildirib. Bunun iqtidara nə dəxli var axı? Buna etiraz edənlər sadəcə deyirlər ki, azad və ədalətli seçki keçirilsin, Nizamnaməyə uyğun hərəkət tələb edirlər. Onlar haqlı olaraq deyirlər ki, seçki Arif Hacılının saxtakarlığı, fitnəkarlığı ilə keçirilməməlidir. Budur söhbət. Bunun iqtidara nə aidiyyəti var? Hamınız da görürsünüz ki, Müsavat Partiyası tərəfindən bunların fikirlərinə heç kim cavab vermir, Arif Hacılının iki qardaşından başqa hamı susur. Bu da təsdiq edir ki, Müsavat Partiyası Arif Hacılı tərəfindən monopoliyaya götürülüb. Təbii ki, burada bilavasitə İsa Qəmbərin barmağı var”.

S.Novruzov Müsavatın gələcəyi ilə bağlı qənaətini də açıqlayıb: “Ya təkrar qurultay keçirilməlidir, ya da yeni bir Müsavat Partiyası yaranacaq”.

Əlövsət Talışxanlı istefa verdi

Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü partiyadan istefa verib.

Bu barədə APA-ya Əlövsət Talışxanlı məlumat verib.

Ə. Talışxanlı bildirib ki, Müsavatın qeyri-legitim Divanının qərarına əsasən, Səxavət Əlisoyun partiyadan çıxarılmasına etiraz olaraq bu addımı atıb.

O, S. Əlisoyun partiyadan çıxarılmasına görə Müsavatın sabiq başqanı İsa Qəmbəri ittiham edib: “Səxavət Əlisoy partiyadan İsa Qəmbərin təkidi ilə çıxarıldı”.

Vurğun Əyyub Müsavat rəhbərliyini qisasçılıqda ittiham etdi

“Güman ki, Müsavat rəhbərliyinin qisas almaq cəhdləri davam edəcək. Kim partiya rəhbərliyinin apardığı siyasətdən narazı olacaqsa, onlardan bu şəkildə qisas almaq istəyəcəklər”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub başqanlığa sabiq namizəd Səxavət Əlisoyun partiya sıralarından xaric edilməsinə münasibət bildirərkən deyib.

V.Əyyub Müsavat Divanının S.Əlisoyun partiya sıralarından xaric edilməsi ilə bağlı qərarını qisasa cəhd kimi qiymətləndirib: “Müsavat Divanının qərarı partiya rəhbərliyinin Səxavət Əlisoydan qisas almaq cəhdidir. Çünki Səxavət Əlisoy indi partiyaya rəhbərlik edənlərin legitimliyini qəbul etmir”.

Qaynar.info