REAL İdarə Heyyətinin üzvü Azər Qasımlı cəbhədə baş verən hadisələrlə bağlı olaraq Qaynar.info saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Azər bəy, Rusiya xarici işlər naziri Sergey Lavrov sabah Azərbaycana gələcək. İndiki məqamda Sergey Lavrovun Bakı səfəri hansı anlam daşıyır?
- Lavrovun ayın 7-nə olan səfəri əvvəlcədən planlaşdırılmışdı. Yəni bu 4 günlük münaqişədən əvvəl planlaşdırılmış və elan olunmuş bir səfərdir. Səfərə konkret bu məsələ aid deyil, başqa məsələlər də daxildir. Aydındır ki, bu məsələ də müzakirə olunacaq. Son 4 gün ərzində gedən döyüşlər və bunun nəticəsi müzakirə olunacaq. Tək Lavrov deyil, o cümlədən Rusiyanın baş naziri Dmitri Medvedev də əvvəlcə İrəvana, sonra isə Bakıya gələcək. Hətta Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da yaxın zamanlarda Bakıya səfəri nəzərdə tutulur. Söhbət ondan gedir ki, Rusiya rəhbərliyi son hadisələrdən olduqca narahatdır. Qarabağda baş verən hadisələrin olmasını istəməzdi. İlk növbədə Lavrov bu məsələləri qaldıracaq. İrəlidə Dağlıq Qarabağ probleminin hansı şəkildə həll olunması, Minsk Qrupunda hansı dəyişikliklər olacaq, danışıqların çərçivəsi və formatı bütün bunları müzakirə edəcəklər. Rusiya əvvəlcə də bəyan etmişdi ki, Qarabağ problemi Minsk Qrupu çərçivəsində həll olunmalıdır. Bu formatın dəyişməsini istəmir. Çünki anlayır ki, bu format dəyişsə Rusiya ilə bərabər Türkiyə də düşə bilər. O da heç bir halda bunu istəmir.
- Bəzi siyasi şərhçilər deyir ki, bu münaqişədən sonra ola bilər Qarabağ ətrafı 5 rayonun ərazisi qaytarılsın, daha sonra münaqişənin həlli başqa formata keçrilsin. Bu nə dərəcədə inandırıcıdır?
- Sözün açığı mən hansısa rayonun qaytarılmasına inanmıram. Münaqişə oldu və münaqişədən sonra sülh danışıqlarında hansısa ərazinin qaytarılmasına inanmıram. Çünki hər iki tərəf münaqişənin durdurulması ilə bağlı qərar verdi. Ən azı erməni tərəfi müraciət etsəydi ki, biz ciddi kompromislərə hazırıq, nəsə demək olardı. Düzdü, Sarksiyan əvvəl bunu bəyan etdi. Amma indi gördüyümüz budur ki, o dediyi sözləri dəyişmək istəyir. Tam əksinə, yeni şərtlər irəli sürmək yolunu tutub. Mən buna inanmıram və fikirləşirəm ki, bu yenə uzunmüddətli bir proses olacaq. Azərbaycan yenidən irəlidə Qarabağ müharibəsinə başlamaq məcburiyyətində qalacaq. Ermənistanın bunu edəcəyi inandırıcı görünmür. Ermənistan deyəcək ki, mən bu rayonları Azərbaycana qaytarıramsa, bunun müqabilində Azərbaycan da hansısa kompromisə getməlidir. Azərbaycan hansı kompromisə gedə bilər? Azərbaycan maksimum gedə biləcəyi kompromisi demişdi. Bu da ki, Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi idi. Bu da ki, müstəqillik kimi bir şeydir. Sadəcə, Beynəlxalq münasibətlərdə Qarabağ öz maraqlarını deyil, onun maraqlarını Azərbaycan təmsil edəcək. Hər halda Azərbaycan buna hazır idi. Bundan o tərəfə artıq Dağlıq Qarabağın müstəqil dövlət olması deməkdir. Azərbaycan da buna gedə bilməz. Başqa variantlar da ola bilər. Burda Rusiyanın da mövqeyi, şərtləri çox önəmlidir. Bu şərtlər nə olacaq, bunu yaxın zamanda biləciyik. Böyük ehtimalla əsas şərt sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi və qüvvələrin Ruslardan ibarət olması məsələsidir.
- ATƏT-in Minsk Qrupunun digər ölkələri Fransa və ABŞ razı olarmı ki, sülhməramlılar sırf ruslardan ibarət olsun?
-Təbii ki, onlar buna razı olmayacaq. İnanmıram ki, Azərbaycan da razılaşsın. Azərbaycan heç bir halda buna razı olmamalıdır. Nəinki rsların, ümumiyyətlə hər hansı sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi bizim milli maraqlarımıza tamamilə ziddir. Sadəcə buna deyil, referendum məsələsinə də getmək olmaz. Referenduma o halda getmək olar ki, Azərbaycanın bütün vətəndaşları bu referendumda iştirak etsin. Yalnız Dağlıq Qarabağın erməniləri ilə deyil, bütün Azərbaycanla referendum keçriləcəksə, Qarabağın statusu ilə bağlı keçrilə bilər. Əgər Ermənistan Avropa üzvlüyü və ya inteqrasiya ilə bağlı qərar verərsə, Azərbaycan da belə bir qərar verərsə, burda məhz Avropa birliyinin egitası altında müəyyən sülhməramlı qüvvələr orda yerləşdirilə bilər. Amma bu sülhməramlılar arasında ruslar olmasın. Ancaq gündəlikdə belə bir məsələ yoxdur və inanmıram ki, Azərbaycan buna getsin. Amerikanın və Fransanın da buna razılıq verəcəyi inandırıcı deyil. Çünki onlar da gözəl başa düşürlər ki, bir hadisə olsa, onlar uzaqdadı, ancaq ruslar yaxındadı və Rusiyanın Ermənistan ərazisində hərbi bazası var.
- Atəşkəs elan olunandan sonra rus qoşunları Dağıstanda hərbi təlimlərə başladı. Bunu hər hansı bir mesaj kimi qəbul etmək olarmı?
- Bu dəqiq məlumatdırsa, əlbəttə ki, açıq şəkildə mesajdır. Hər halda Azərbaycan hakimiyyətinin 2008-ci ildə Gürcüstan-Rusiya münaqişəsində baş verənlər yadındadır. Eyni ssenarinin Azərbaycanda da baş verməsini istəmir. Təbii ki, prezident bu savaşa başlyanda özü üçün qırmızı xəttləri müəyyən etmişdi. Aydındır ki, daha əvvəldən hansı nöqtəyə qədər vura bilər. Nöqtə də odur ki, Rusiyanın məsələyə münasibəti və reaksiyasına uyğun olaraq qərar verməyi planlaşdırmışdı. Diplomatik kanallarla Azərbaycana təzyiqlər oldu. Bundan sonra isə irəli getməklə qapalı deyil, açıq reaksiyanın olmasını istəmirdi. Zəif görünmək istəmirdi. Buna görə də prosesi durdurdu.
Qaynar.info