
Dünən futzal üzrə Azərbaycan çempionatının "Araz" - "Neftçi" İK oyununa yollandıq.
Bu oyundan əvvəl isə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovla danışmaq imkanını əldən buraxmadıq. Beləliklə, Axundovun Qaynar.info-ya müsahibəsini təqdim edirik.
- Yaxınlarda millimiz Serbiyada keçirilən Avropa çempionatında iştirak etdi. Ordan hansı təəssüratlarla qayıtmısınız?
- Bildiyiniz kimi, Federasiya prezidenti seçiləndən sonra bu, 4-cü qitə çempionatımız idi. Bu Avropa çempionatı çox yüksək səviyyədə təşkil olunmuşdu. Bunadək olan 3 çempionatdan da yüksək. Komandaların oteldən idman zalınadək gəlməsi çox yaxşı təşkil edilmişdi. Ordan yaxşı təəssüratlarla qayıtmışam. AFFA rəhbərliyi ilə danışmağı düşünürəm. 2020-ci il Avropa çempionatını Bakıda keçirmək üçün namizədliyimizi verməliyik. Bizdə də belə bir çempionatı keçirmək üçün əla infrastruktur var.
- Həmin turnirə ev sahibliyi etmək üçün təxmini nə qədər maliyyə xərci tələb olunur?
- Hər il maliyyə xərcləri dəyişir. Ancaq gördüyünüz kimi, Azərbaycanda ən mötəbər yarışlar yüksək səviyyədə keçirilir. 12 komandadan ibarət Avropa çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi üçün heç bir problem yoxdur. Bu gün Azərbaycan futzal üzrə dünya çempionatını da keçirə bilər. Bunun üçün lazımi şəraitimiz var. Ona görə də Azərbaycanda qitə çempionatını keçirməkdə problem görmürəm.
- "Xazar Aylands" klubu ötən mövsüm uzun müddətdən sonra azərbaycanlı məşqçi ilə çempion oldu. Onu çempion edən baş məşqçi Elnur Qəmbərov isə hazırda işsizdir...
- "Xazar Aylands" klubunun oyunçularının 70 faizi əvvəllər "Araz" və "Neftçi"də çıxış edənlər idi. Deməzdim ki, o komanda məşqçi sayəsində çempion oldu. O komanda məşqçisiz olsaydı belə, avtomatik çempion olacaqdılar. Bildiyiniz kimi, Elnur Qəmbərov 2 il əvvəl "Araz"da oynayırdı. Onun hələ məşqçi olmasına çox var. Şəxsən onu yaxından tanıdığım üçün deyirəm. O hələ lazımi məşqçi kurslarına getməli, oxumalıdır. Ulduz oyunçuları yığmışdı, kənardan birini məşqçi qoysaydın belə, yenə o komandanı çempion edərdi. Dediyim kimi, Elnur hələ öz üzərində işləməlidir. O, məşqçi kimi həvəskarlar liqasından və ya I dəstədən başlamalıdır. Məşqçi olmaq asan məsələ deyil. Hətta Tino Peres kimi dünya şöhrətli məşqçidən narazı qaldığımız anlar olur. "Xazar Aylands" komandasının çempion olmasını mən məhz 14 futzalçıya bağlayıram. Orda məşqçi işi yox idi. Elnurun mənlə elə bir problemi yoxdur. Ancaq son vaxtlar görürəm ki, ora-bura yazır ki, mən çempion olmuşam. Düzdür, faktiki olaraq o, Azərbaycan çempionu olub. Ancaq hansısa klub baş məşqçi kimi Elnuru komandasına dəvət etmirsə, bu, federasiyanın günahı deyil, klublara aid məsələdir. Federasiya prezidenti kimi ya "Ekol"a, ya "Neftçi"yə, ya "Araz"a və ya digər klublara göstəriş verə bilmərəm ki, Elnur Qəmbərovu siz baş məşqçi götürün. Bunun üçün vaxt lazımdır.
- Elnur Qəmbərovun məşqçiliyə başlaması üçün kurslarda iştirak etməsinin vacibliyini vurğuladınız. Federasiya olaraq xaricdə kurs keçməsi üçün onu harasa göndərməyə dair planlarınız varmı?
- İlk növbədə müraciət olunmalıdır. Bunun üçün AFFA rəhbərliyinə müraciət olunmalı və məşqçilik kurslarına yazılmalıdır. Əgər müraciət etmirsənsə... Onda Alesio neyləməlidir? Alesio və ondan qabaqkı məşqçilər "Araz"la 9 dəfə Azərbaycan çempionu olublar. Bizdə hələ belə bir tendensiya olmamışdı. 1 dəfə "Xazar Aylands"la çempion olandan sonra özünü yüksək məşqçi sayması düzgün deyil. O hələ bu sahədə "bişməlidir". Əgər məşqçi olmaq fikri varsa, o müəyyən mərhələləri keçməlidir.
- Serbiyada millimizin sabiq baş məşqçisi Alesio ilə görüşdünüz. Halbuki o burdan qaçıb Qazaxıstana gedərkən böyük qalmaqal yaşanmışdı. Braziliyalı məşqçi ilə nə haqda söhbətiniz oldu?
- Alesionun burdan qaçıb getməsi qeyri-etik addım idi. Xatırlayırsınızsa, onda "Araz"ın UEFA Kubokunda oynamasına 20 gün vaxt qalmışdı. Mənimlə görüşdə demişdi ki, Azərbaycanda qalıram. Həmin gün gecə isə komandanın inzibatçısından eşidirəm ki, yaşadığı evi təhvil vermədən ölkəni tərk edib. Onun isə AFFA ilə müqaviləsi vardı. İnsan kimi bu addımı qəbul edə bilmirdim. Getməyin də öz təhəri var. Mətbuatda da demişdi ki, yazılanlar şayiədir, Azərbaycandan getmirəm. Ancaq başqa cür hərəkət etdi. Qazaxıstan Futzal Federasiyasının prezidenti və ondan yuxarıda duran adamlar mənə Alesionun bu addımına görə heç hara şikayət ünvanlamamağımızı xahiş etmişdi. Biz də AFFA-nın baş katibi Elxan Məmmədovla Alesio ilə olan müqaviləni pozduq. Serbiyada isə komandalar bir oteldə qalırdı. İstər-istəməz üz-üzə gəlirdik. Mənə əl verdi, etik normalara uyğun olaraq mən də görüşdüm. Onunla başqa hər hansı bir söhbətimiz olmadı. Alesionun Azərbaycan futzalında gördüyü işləri inkar etmək olmaz. Ancaq o belə addımı ilə hər şeyin üstündən xətt çəkdi.
- Komandamız Avropa çempionatında VIII yeri tutdu. Razı qaldınız?
- Minimum hədəf qrupdan çıxmaq idi. Çünki son 2 Avropa çempionatında qrupdan çıxa bilmirdik. Rusiya ilə oyunda hesabı 1:1 edəndə daha da irəliyə getmək üçün ümidlərimiz vardı. Şanslarımızdan yararlansaydıq, həmin oyunda qələbə də qazana bilərdik. Maksimum hədəf kimi istəyirdik ki, 2010-cu ildə olduğu kimi yarımfinala adlayaq, ancaq alınmadı. Ümumiyyətlə, komandanın çıxışından razı qalmadım. Çıxışımızı təhlil etmək istərdik. Ancaq bildiyiniz kimi, dünya çempionatının pley-off mərhələsində Hollandiya ilə görüşə az vaxt qalıb.
- Hollandiya ilə oyunun hazırlıqları zamanı millinin heyətində dəyişikliklər olacaq?
- Təbii ki. Martın 2-3-dən məşqlərə başlayacağıq. 18-19 futzalçı heyətə dəvət edəcəyik. Kim hazır olsa, o da oynayacaq. Ancaq dəqiqliyi ilə deyə bilərəm ki, Sergey Çuykov artıq millidə olmayacaq.
- Onu orda cəmi 1 oyunda oynatdınız. Rus oyunçunu milliləşdirib orda cəmi 1 oyunda meydana buraxmağın adı nə idi?
- Serbiyaya gedənədək Bakıda 2 təlim-məşq toplanışı keçdik. Çuykov toplanışlarda yüksək səviyyədə özünü göstərdi. Klublarımızla yoxlama oyunlarında da yaxşı çıxış etdi. Amma Serbiyada nə oldusa, oyunu alınmadı. Özünə də təşəkkür etdik ki, gəlib millimiz üçün oynadı. Ancaq bizə hazır oyunçular lazımdır. Yenidən Rəcəb Fərəczadə ilə Namiq Məmmədkərimov milliyə çağırılacaq. "Neftçi" və "Ekol"dan 1-2 oyunçu toplanışlara dəvət olunacaq. Bu 19-20 oyunçudan hansı toplanışlarda özünü göstərə bilsə, onlar da Hollandiya ilə 2 pley-off matçında çıxış edəcək.
- "Araz"ın gənc qapıçısı Rövşən Hüseynli Avropa çempionatında debüt etdi. Onun çıxışını necə qiymətləndirirsiniz?
- O, gənc və pesprektivli qapıçıdır. O, Xorvatiyada dünya çempionatının seçmə oyunları və İtaliya ilə Avropa çempionatındakı ilk görüşümüz zamanı qənaətbəxş çıxış etdi. Ancaq həmişə bizim futzalçılardan tələbim olub ki, ulduz xəstəliyinə tutulmasınlar. Onda Rövşənə bir az çox tərif gəldi. Azərbaycan və Rusiya mətbuatına müsahibələr verdi. Ancaq özünüz gördünüz ki, Çexiya və Rusiya ilə oyunlarda çox gülməli səhvlərə yol verdi. Öz qoruduğu küncdən 10 metrdən qol buraxdı. Halbuki İtaliya ilə oyunda 10-12 100 faizli qollara mane olmuşdu. Ona tərif gələn kimi qolunun altı şişdi. O başa düşməlidir ki, Azərbaycan millisinin 1 nömrəli qapıçısıdır, üzərində ölkənin bayrağını daşıyırsan. Özüilə də danışmışam. O, ağıllı oğlandır, inanıram ki, bu kimi məsələlərdən artıq dərs çıxarıb.
- Fransadan bir braziliyalı futzalçı - Andre Kampos Avropa çempionatı öncəsi milliyə çağırılmışdı. O yenidən yığmadan dəvət ala bilər?
- Xeyr. Onun artıq 8 ildən çoxdur ki, Azərbaycan pasportu vardı, millimizdə də oynayıb. Andre Fransanın I dəstəsində "Mets"də çıxış edir. Ancaq gördük ki, Azərbaycanda oynayan futzalçıların səviyyəsi onunkundan qat-qat yüksəkdir.
Səbuhi TOFİQOĞLU