Milli Televiziya və Radio Şurası (MRTŞ) 2012-ci ildə xarici serialların yayımına qadağa qoyduqdan sonra yerli teleserialların çəkilməsi intensiv hal aldı. Əvvəllər tamaşaçılar “Santa-barbara”, “Lavizna”, “Vəhşi mələk”, “Ayrılsaq da bərabərik”, “Aşkı-memnu”, “Kurtlar vadisi”nə baxırdısa, indi yerli teleserial olan “Eks-bacanaqlar”, “Vicdan haqqı”, “Bir ailəm var”, “Qardaşlar”ı izləyir.
Hazırda telekanallarda 20-ə yaxın yerli serial yayımlanır. Film və serial biznesinin inkişaf etməyə başladığı dövrdə çatışmazlıqların aradan qaldırılmasına isə səy göstərilmir. Zəif ssenari, peşəkar aktyorların kənarda qalması, bəsit dialoqlar, küçə sözlərinin işlənməsi, ikiarvadlılığın təbliği və s. kimi problemlər sosial şəbəkələrdə tez-tez müzakirə olunur. Daima tamaşaçıların maraq dairəsində olan seriallar bu qədər çatışmazlıq ilə tamaşaçıya nə verir?
Musavat.com seriallar barədə sorğu aparıb və onların son durumunu dəyərləndirib. MTRŞ-nın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, hazırda qanunvericiliyin tələblərini pozan serial yoxdur: “Əvvəllər var idi, onların da yayımı dayandırıldı. Seriallarda istifadə olunan sözlər, ifadələr konkret söyüş, vulqar xarakterli olan zaman MTRŞ olaraq müdaxilə edirik. Monitorinq zamanı serialları mən də izləmişəm. Xüsusi olaraq, biədəb, söyüş xarakterli ifadələrə rast gəlməmişəm. ATV yayımladığı seriallara xüsusilə diqqət edir, bizim tələblərimizi nəzər alır. Son zamanlar irad bildirdiyimiz teleserial yoxdur”.
Xalq artisti Rasim Balayev deyib ki, teleserialların durumu ürəkaçan deyil: “O seriallar sənət deyil, sənətə aidiyyatı yoxdur. O serialları niyə çəkdiklərini bilmirəm. Orada çox özbaşınalıq var, rejissoru bacarıqsız, ssenaristi zəifdir. Bacarıqlı aktyor və aktrisalar var, amma onlardan düzgün istifadə olunmur. Pis ssenari qarşısında aktyor nə edə bilər? Aktyor gərək rejissorla böyüsün. Ona görə heç bir seriallarda oynamıram. Seriallarda məhsulları reklam edirlər. Onlara baxanda adamın əti tökülür. Heç olmasa, seriallar efirə getmədən öncə telekanalın böyüyü baxsın, cəmiyyətə yararlı olub-olmamasına diqqət etsin. Mənim onları tənqid etməyim yersizdir. Mən və mənim kimi kino biliciləri film və serialları tənqid edəndə deyirlər ki, onlara rol vermədiyimiz üçün paxıllıq edirlər. Mənim onlara yazığım gəlir”.
Media eksperti Zeynal Məmmədli bildirib ki, serialların zəif olmasının səbəbi rəqabətin olmamasıdır: “Serialda olan xırda səhvlərə baxmaq lazım deyil, o səhvlər səbəb deyil, nəticədir, onlar səbəblərdən yaranıb. Seriallarda çatışmazlığın olmasının səbəbi media bazarının sərbəst olmamasıdır. Televiziyalar o bazardan pul qazananda gerçək rəqabət olacaq. Rəqabət olan zaman dil məsələləri, ssenari incəlikləri, set mədəniyyəti ön plana gələcək. Hər şey düzgün olan zaman gözəl ssenarilər yazılır, ictimai müzakirələr aparılır. Bəlkə də, seriallarda küçə sözlərinin, bəsit dialoqların işlənməsinin səbəbi diqqət çəkmək, əhaliyə daha yaxın olmaq, işlədiyi təbəqə ilə ünsiyyət yaratmaqdır. Bütün çatışmazlığın səbəbini aradan qaldırmalıyıq. Milçəyi öldürmək üçün üfunəti məhv etmək lazımdır”.
Qaynarinfo.az