"Rusiya Ermənistana 200 milyon dollarlıq silah göndərəcəyini deyir. Ancaq bu daha çox, hətta bir milyard dolardan da çox ola bilər. Ona görə də Azərbaycan öz ordusuna yeni silahlar almalıdır".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Federasiyasının Ermənistana silah-sursat və hərbi texnika almaq üçün 200 milyon dollar kredit ayırması və bu kredit çərçivəsində Ermnistanı silahlandırmasına münasibət bildirərəkən deyib.
Qabil Hüseynli
Qabil Hüseynli Azərbaycanın Rusiyaya xəbərdarlıq etməli olduğunu deyib: "Azərbaycan bu məsələ ilə əlaqədar Rusiyaya xəbərdarlıq etməlidir ki, rəsmi Moskva öz silahlarının Dağlıq Qarabağda peyda olmasına qarşı tədbirlər görsün. Amma bu elə də ciddi əhəmiyyətə malik olmayacaq. Yeganə çıxış yolu Azərbaycanın yeni silah növləri alması və bu silahlarla ordunun təchizatını yaxşılaşdırması ola bilər. Rusiya Azərbaycana da silah satır. Amma bu silahların növlərini, çeşidlərini artırmaq lazımdır".
"Azərbaycan bu günlərdə Rusiyadan özü yeriyən silah növü aldı. Bizim onlarla 5 milyard dollarlıq müqaviləmiz var. Həmin müqavilədə nəzərdə tutulan silahların bir hissəsini göndəriblər, bir hissəsi qalıb. İndi də göndərməkdə davam edirlər. Ona görə Azərbaycan da silahlanır. Dövlətimiz təkcə Rusiyadan deyil, İsraildən, İrandan və başqa dövlətlərdən silah alır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az