
Hollandiyanın "Villem II" klubunun texniki direktoru Karlos Albers "Anderlext"dən ötən mövsüm onlarda icarə əsasında çıxış edən Samuel Armenterosun "Qarabağ"a keçməsi haqda danışıb.
Qaynar.info xəbər verir ki, Albers Hollandiya televiziyalarından birinə verdiyi müsahibəsində bunları bildirib: "Heyətdə 20 dəyişiklik etmişik. Bizim yaxşı komandamız var. Ancaq bəzən işlər qaydasında, sən istədiyindən də yaxşı formada getmir".
Jurnalistin "Siz Armenterosu komandada saxlamaq istəyirdiniz, ancaq o yekunda Azərbaycanı seçdi. Ona görə də son gündə Slovakiya yığmasının hücumçusu Adam Nemetsi aldınız" sualını klub rəsmisinə belə cavablandırıb:"Biz əvvəldən bunun üzərində çalışırdıq. Ancaq "transfer pəncərəsi" bağlanırdı deyə, Armenterosu gözləyə bilməzdik".
Daha sonra oyunçunun Hollandiyanın Tilburq şəhərini Bakıya dəyişməsinin səbəbi soruşulub. Klub rəsmisi bunun səbəblərini vergi sistemi ilə bağlayıb: "Oyunçuların hər birinin özünəməxsus keyfiyyəti olur. Azərbaycanda burdakı kimi deyil. Müqavilə bağlayarkən danışdığın məbləğ vergiyə çıxılmır. Ona görə Samuel bizdən getdi. Həm də biz elə hücumçu istəyirdik ki, arxası qapıya olanda topu saxlaya bilsin. Nemets belə biridir. Bu üzdən onu heyətə qatdıq... Aldığın hücumçuya zəmanəti o halda vermək olar ki, siz Messini alarsınız".
Qeyd edək ki, Samuel Armenteros ötən mövsüm "Villem II" komandasında 11 qol vurub və 8 məhsuldar ötürməyə imza atıb.
Qaynar.info