Xəbər verdiyimiz kimi, bu gün futzal üzrə Avropa çempionatının keçirildiyi Serbiyanın paytaxtı Belqradda püşkatma mərasimi keçirilib. Azərbaycan millisi Kolumbiyada keçiriləcək dünya çempionatına yollanmaq üçün Hollandiya ilə qarşılaşacaq.
Qaynar.info xəbər verir ki, Hollandiyanın baş məşqçisi Marsel Losveld martın 22-si və aprelin 12-də keçiriləcək oyunlar haqda bunları deyib:
"Dünya çempionatının seçmə mərhələsinin pley-offunda hər hansı bir asan rəqib tapa bilməzsiniz. Bundan daha betər rəqib düşə bilərdi. Dünya çempionatına çıxmağa yalnız 7 Avropa ölkəsi qalıb. Ona görə də əvvəldən bilirsən ki, güclü rəqiblə düşəcəksən. Bu baxımdan bizə Azərbaycanın düşməsi elə də pis təsir etmədi.
Onların yeni oyun ideyaları var və qol vurmağı yaxşı bacarırlar. Yaxın günlərdə mən məşqlər zamanı onların lazımi taktiki gedişlərini oyunçulara izah edəcəyəm".
Qeyd edək ki, böyük futboldan fərqli olaraq, Hollandiya və Azərbaycan bunadək 4 dəfə futzalda üz-üzə gəlib. Bunlardan 2-də hollandlar, 1-də isə Azərbaycan qələbə qazanıb. Digər matç heç-heçə başa çatıb. Qələbə qazandığımız matç "narıncılar"la sonuncu görüşümüzdür. 4:3 hesabı ilə qalib gəldiyimiz həmin oyun 2007-ci ildə baş tutub. Top fərqi hələ ki hollandların xeyrinədir: 14-11.
Qaynar.info