Gürcüstanın soydaşlarımızın kompakt şəkildə yaşadıqları Marneuli rayonunda seçki həyəcanı öləzisə də, hələ tam bitməyib. Gözlər sabaha - oktyabrın 30-na dikilib. Bütün Gürcüstana və dünyaya səs salmış 36 –cı dairədə seçkinin II turu keçiriləcəkdir. Ilk turun nəticəsinə görə, müxalif Vahid Milli Hərəkat Partiyasının həmin dairədən majoritar namizədi Əhməd İmamquliyev 49,81, onun rəqibi – “Gürcü arzusu” Partiyasının namizədi , svan əsilli Tamaz Naveriani isə 44 faiz səs toplayıb. Gənc soydaşımız Ə.İmamquliyev deyir ki, hakimiyyət inzibati resurslarla mane olmasa idi, o, ilk turdaca qalibiyyətini elan edərdi. Doğrudan da, Əhməd bəyin seçki qərargahında yarımca saat olmaq kifayətdir ki, onun əslində necə qeyri –bərabər şərtlər daxilində mübarizə apardığının şahidi olasan. Sanki bütün hakimiyyət, dövlət aparatı işini –gücünü buraxıb, 36 yaşlı bu gənc lideri mandatsız qoymağa köklənib. Bir zamanların tərifli Gürcüstanında Saakaşvili islahatlarından imtina edərək, geriyəqayıdış prosesi başlayıb, ölkədə avtoritarizm meylləri güclənir. Hər şeyə rəğmən dörd aylıq gərgin təbliğat dönəmində Ə.İmamquliyev kifayət qədər uğurlu iş apara bilib. Seçki mahnısı, plakatlarla bəzədilmiş xüsusi avtomobil, ev –ev, məhəllə -məhəllə gəzərək insanlarla tanışlıq və s. Marneuli seçicisi üçün yenilik idi. İndi Ə.İmamquliyev Gürcüstanın ən populyar siyasətçilərindən biridir. Mübarizə şərtlərinin amansızlığına baxmayaraq, o, mütləq qələbə çalacağını iddia edir.
Qaynarinfo.Az saytı Əhməd İmamquliyev ilə olan müsahibəni təqdim edir
-Seçkinin II turuna bir gün qalır. Hazırki seçkiqabağı situasiyanı necə qiymətləndirirsiniz?
-Hakimiyyət xalqın üzərinə basqılarını dayandırmır. Marneulinin mərkəzi bazarına Naverianilər nəzarət edir. Polisin əliylə bazarda işləyənlərə güclü təzyiq göstərirlər. Onlara hədə -qorxu gəlirlər, deyirlər ki, Əhməd qalib gəlsə, sizi bazardan çıxardacağıq. Polislər ev –ev, küçə -küçə gəzərək insanlara bildirirlər ki, müxalif namizədə səs versəniz, sizi şərləyib həbs edəcəyik və yaxud da iş yerlərinizə vergi müfəttişlərini göndərəcəyik. Bütün bunlar baş tutmadıqda isə, seçiciləri pulla ələ almağa cəhd göstərirlər, ayrı –ayrı adamlara külli miqdarda pullar paylayırlar.
-Siz bunları rəsmi qaydada Mərkəzi Seçki Komissiyasına (MSK) bildirmisinizmi?
-Biz bu barədə bütün Gürcüstanı məlumatlandırmışıq. Elə dünən mənim “Rustavi -2” kanalında çıxışım oldu. Mən orada da bəyan etdim ki, hədə -qorxuların və təzyiqlərin ardı –arası kəsilmir. Biz mütəmadi olaraq həm Gürcüstan, həm də dünya ictimaiyyətini bu barədə məlumatlandırırıq. Amma təəssüflər olsun ki, heç bir adekvat tədbir görülmür, MSK baş verən qanunsuzluqları görməzdən gəlir.
-Hazırda altı nəfər gənc soydaşımız seçki məhbusu kimi həbsdədir. İstər onların azadlığa çıxması, istərsə də, burada baş verən digər hadisələrlə bağlı Azərbaycandan gözləntiləriniz nələrdir?
- Azərbaycan bizim mənəvi Vətənimizdir. Əlbəttə, biz istərdik ki, Azərbaycan hökumətinin rəsmiləri müşahidəçi qismində olsa belə, burada baş verən ədalətsizliklərə biganə qalmasınlar. Biz uzun zamandır görürük ki, erməni əsilli Gürcüstan vətəndaşlarının bir problemi olan kimi Ermənistan hakimiyyəti həmin an işə qarışır və soydaşlarını tək buraxmırlar. Biz eyni addımı Azərbaycandan da umuruq, gözləyirik. Ancaq əfsuslar olsun ki, baş verən son hadisələrə heç bir reaksiya görmürük, Azərbaycan telekanallarının buradakı büroları da bizə qarşı tam biganədirlər. Ancaq hər şeyə rəğmən biz Gürcüstan hökuməti ilə işləməliyik. Bura bizim Vətənimizdir və biz bu ölkənin tamhüqüqlu vətəndaşlarıyıq. Biz heç vaxt imkan vermərik ki, bizə ikinci dərəcəlli xalq kimi baxsınlar.
-İndi hamını belə bir sual düşündürür ki, seçicilərin 95 faizinin azərbaycanlı olduğu bir dairədə nədən Ə.İmamquliyev birinci turda qalib gələ bilmədi?
- İlk turda mən qalib gəlmişəm. Hazırda hakimiyyət partiyasının namizədindən 1000 səs irəlidəyəm. 10026 səs mən toplamışam, 9 minə yaxin isə rəqibim. Bildiyiniz kimi, Qızılhacılı kəndində yerləşən bir məntəqədə iğtişaş törədildi və orada seçki baş tutmadı. Oktyabrın 22-də həmin məntəqədə təkrar səsvermə keçirildi və bütün gücümüzü oraya səfərbər edə bildiyimiz üçün şəffaflığı qoruya bildik. Orada biz bir daha təsdiq etdik ki, ədalətli rəqabət şəraitində biz necə qali gələ bilirik. Əgər bütün Gürcüstanda və xüsusilə də 36 –cı dairədə seçki prosesi bu qaydada keçsəydi, biz ilk turda böyük fərq üstünlüyü ilə qələbə çalıb mandatımıza sahib çıxacaqdıq. Ancaq çox təəssüflər olsun ki, xüsusilə də dağlıq zonalarda yerləşən məntəqələrdə seçki ədalətsiz keçirildi. Ələlxüsus da ermənilərin kompakt yaşadıqları Şaumyani kəndində hökumət kütləvi şəkildə saxtakarlığa yol verdi. Digər qeyri – azərbaycanlı kəndlərində də bizim nəzarətimiz zəif oldu və rəsmi dairələr istədikləri qanunsuzluqları rahat şəkildə həyata keçirə bildilər. 36 –ci dairədə 16 belə məntəqə var və onların hamısında biz uduzdurulduq, qalan 29 məntəqədə isə qalib gəlmişik. Qeyri –azərbaycanlı kəndlərində faktiki olaraq onlar elan etdikləri qədər seçici yoxdur. Kəndlər boşdur, əhali ayrı –ayrı yerlərə köçüblər, buna baxmayaraq, həmin seçiciləri guya səsvermədə iştirakçı kimi qeydə aldılar və bizim məğlubiyyətimizi kağız üzərində rəsmiləşdirdilər. Ancaq bəzi gürcü məntəqələri də var ki, biz oradan səs ala bildik.
-Oktyabrın 30–dan gözləntiləriniz nədir?
-Mən inaniram ki, xalqımız bir daha doğru –düzgün və prinsipial seçimini edəcəkdir. Biz mütləq qalib gələcəyik, ayrı çıxış yolumuz yoxdur. Təəssüf edirəm ki, “Gürcü arzusu”nun üzvləri baş verən proseslərə milli don geyindirməyə cəhd göstərirlər və bu, bulanıq suda balıq tutmaq sevdasından başqa bir şey deyil. Bu iqtidar dərk etmək istəmir ki, xalqımız Tamaz Naveriani kimi bir savadsızın onları təmsil etməsini istəmir. O adam ömründə bir kitab belə oxumayıb, öz ana dilində belə danışa bilmir. Naverianilər bu bölgəni tanımırlar, xalqın problemlərindən xəbərsizdirlər, Tiflisdə yaşayırlar və bura ilə onları bağlayan yeganə şey bazardır ki, oradan da milyonlar qazanırlar. Xalqımız savadsızlara, zorbaçılara, qaranlıq keçmişə sahib olanlara yox, bizə səs verəcək və biz də onları parlamentdə layiqli şəkildə təmsil edəcəyik.
-Bəs bütün Gürcüstan üzrə partiyanızın məğlubiyyətinə səbəb nə oldu?
-Mən buna məğlubiyyət deməzdim. Biz bütün dünyaya sübut etdik ki, bizim partiyanın xalq arasında güclü dəstəyi var və biz bu ölkədə ən güclü partiyayıq. Seçicilər bizə könüllü şəkildə, vicdanlarının səsinə qulaq verərək səs verdilər. Iqtidar partiyası isə ayrı –ayrı zorakı üsullarla səs topladı. “Gürcü arzusu”nun qalibiyyəti sırf saxtakarlıq nəticəsində baş verdi.
-Qərbin müşahidə missiyalarının yekun rəyi Sizi qane edirmi? “Vizasız Avropa”nın taleyi necə olacaq?
-Ümumilikdə qane etmir, lakin onlar da birmənalı şəkildə vurğuladılar ki, seçki prosesi tam şəffaf olmayıb. Necə şəffaf ola bilər ki, elə bizim dairədə xalqın seçiminin onlardan yana olmadığını biləndə əhali ilə qarşıdurma yaratdılar və altı nəfər gənc fəalı qanunsuz şəkildə həbs etdilər. Bu qarşıdurma “Gürcü arzusu”ndan başqa heç kimə gərək deyildi və yalnız onların işinə yaradı. Bu bir növ bizim seçiciləri qorxutmaq məqsədi güdürdü ki, onlarda xof yaransın və bir daha səsverməyə qatılmasınlar. Lakin biz sübut edəcəyik ki, heç nədən qorxmuruq, qorxmağa da bir əsas yoxdur və bizim azad seçimimizi heç kim əlimizdən ala bilməz. Hətta həbs olunan gənclərdən birinin atası belə bir söz dedi ki, “yüz il boyunduruqda yaşamaqdansa, bir gün ölmək daha yaxşıdır ”. Axı nə vaxta qədər bizim səsimizi oğurlamalıdırlar, nə zamana kimi bizim haqqımız tapdalanmalıdır? Mən bunu təkcə azərbaycanlılara aid etmirəm, bütün Gürcüstanda insanların hüquqları tapdalanır. Biz ölkəmizin gələcəyi üçün birlikdə mübarizə aparmalıyıq.
-Baş nazirin münasibəti necə oldu?
- Çox təəssüflər olsun ki, indiyədək baş nazir bu məsələlərə münasibət bildirməyib. Yalnız daxili işlər naziri çox səviyyəsiz bir açıqlama verdi ki, bu həbsolunanların hamısı kriminal ünsürlərdir. Lakin biz əlimizdə olan videoqeydlərlə sübut etdik ki, əslində tutulanlardan bəziləri xalqı sükunətə çağırırlar və onlardan daş atmamalarını xahiş edirlər. Təxribatı isə hökumət nümayəndəsi olan Aydın Həsənov adlı şəxs törətdi. O, həmin məntəqədə “Gürcü arzusu”nun komissiya üzvü idi. Çıxıb insanları nümayişkaranə şəkildə təhqir etdi ki, “mən sizin ağanızam və mən kimə desəm, siz də ona səs verməlisiniz ”. Həmin gənclər də o təhqirləri qəbul etmədilər və qarşıdurma da bu üzdən baş verdi. Burada heç bir milli münaqişədən söhbət gedə bilməz. Yox əgər, Aydın Həsənov adlı həmin şəxs milliyyətini, dilini və dinini dəyişibsə, onda bu barədə fikirləşmək olar.
-Sizə qarşı bu qədər aqressiyanın səbəbi nədir?
- Bu, “Gürcü arzusu”nun milli –ayrıseçkilik ideologiyası və digər millətlərə yuxarıdan aşağı baxması ilə bağlıdır. Onların dar düşüncəsinin məhsuludur. Tez –tez eşidirəm ki, rəqibimin tərəfdarları və qohumları belə xəbərlər yayırlar ki, bəs Əhməd İmamquliyev parlamentə düşsə, orada Gürcüstan dəvlətinə qarşı çıxışlar edəcək, digər azərbaycanlı millət vəkillərini başına toplayıb dövlətçiliyin əleyhinə gedəcəklər. Bu, ucuz şou və siyasi təxribatdan başqa bir şey deyil. Bunlar bir şeyi dərk etmək istəmirlər ki, bizdə heç bir zaman separatçı meyllər olmayıb və biz həmişə Gürcüstan dövlətçiliyinin yanında yer almışıq. Borçalılar daim bu dövlətin inkişafına öz töhfələrini veriblər. Digər tərəfdən burada indiyədək belə bir pis ənənə formalaşıb ki, dövlət və hökumət orqanlarında irəli çıxan azərbaycanlılar mütləq hansısa təhlükəsizlik xidməti orqanlarına bağlı olsunlar və onlardan tapşırıq, göstəriş alsınlar. Mənim isə fərqim ondadır ki, tam azad şəxsəm, heç bir strukturdan asılılığım yoxdur. Mən öz siyasi karyeramı millətimə və dövlətimə xidmət üzərində qurmuşam və heç kimin sifarişi ilə də hərəkət etmək fikrində deyiləm. Biz azərbaycanlılar bu ölkənin tamhüquqlu üzvləri kimi cəmiyyətə inteqrasiya olunmalıyıq, dövlətin bütün sferalarında təmsilçilərimiz olmalıdır. Hazırki iqtidarın isə bu istiqamətdəki siyasəti olduqca yanlışdır. Sizə bir misal çəkim. 2014 –cü ildə o zamankı baş nazir İrakli Qaribaşvili Novruz bayramı münasibətilə Marneuliyə gəlmişdir və həmin vaxt çıxışında çox böyük siyasi səbatsızlığa yol vermişdir. O, azərbaycanlılara xitabən “mən çox sevinirəm ki, sizin öz Vətəninizlə - Azərbaycanla sıx əlaqələriniz var”. Şəxsən mən bunu özümüzə qarşı təhqir və eyni zamanda bizi burada qonaq gözündə görmək cəhdi kimi qəbul edirəm. Bunlar birdəfəlik dərk etməlidirlər ki, biz burada qonaq yox, aborigenlərik və milli taleyimiz Gürcüstanın aqibətinə bağlıdır.
Digər bir problem bizim insanların çox vaxt “dövlət” və “hakimiyyət” anlayışlarını qarışdırmasıdır. Bu da dövlət dilini bilməməyimiz və informasiya azlığı ilə bağlıdır. “Gürcü arzusu” xoşlayır ki, etirazçı kütləyə “dövlətə qarşı çıxırlar” yarlığı yapışdırsınlar və bu üsulla soydaşlarımız arasında xof yaratsınlar. Ancaq biz dövlətə yox, siyasi hakimiyyətə müxalifətdəyik və bu bizim hüququmuzdur.
-Millət vəkili seçiləcəyiniz təqdirdə planlarınız nədir, Azərbaycan məktəblərinin taleyi necə olacaq?
- Təkcə azərbaycanlıların kompakt yaşadıqları regionda deyil, bütün Gürcüstanda təhsillə bağlı çox ciddi problemlər mövcuddur. Gürcüstan təbii ehtiyatlar baxımından kasıb ölkədir. Ona görə də bizim insan resurslarından səmərəli istifadə etməkdən başqa çıxış yolumuz yoxdur. “Gürcü arzusu”nun azərbaycanlı deputatı Mahir Dərziyevdən fərqli olaraq, mən belə hesab edirəm ki, Azərbaycan məktəbləri mütləq şəkildə fəaliyyətlərini davam etdirməlidirlər. Çox təəssüf ki, o, “milli məktəbləri bağlamaq lazımdır” kimi uğursuz bəyanat verdi. Necə olur ki, Axmeta rayonunun çeçenlər yaşayan balaca bir qəsəbəsində onlara ana dilində təhsil imkanı yaradılır, ancaq bizim bundan məhrum edilməyimiz təklif olunur. Təhsilin dilini yox, onun sistemini dəyişmək lazımdır. Uşağın hansı dildə təhsil alacağına valideynlər qərar verməlidirlər və demokratiyaya iddialı dövlət də bu seçimi onların əlindən almamalıdır.
Arzu Elbrusoğlu
Qaynarinfo.Az