Əvəz Temirxan: “İstəyirsiniz Rusiyanı yıxıb sürüyüm?Ölkəmizin bir sıra partiyaları respublikamızda, habelə ölkəmizin sərhədlərindən kənarda baş verən hadisələrə çevik münasibət, operativ reaksiya nümayiş etdirsələr də, son vaxtlar belə aktivliyi Azərbaycan Liberal Partiyasının (ALP) timsalında müşahidə olunmur. Lakin uzun illər əməkdaşlıq etdiyi VİP-dən ayrılaraq Milli Şurada təmsil olunan, sonra isə həmin qurumu da tərk edən ALP-nin sədri Əvəz Temirxan söylənilənlərlə razılaşmır:
- Hazırda elmi praktika ilə məşğul oluram. Siyasi mövqeyimə görə məni Vəkillər Kollegiyasına üzv qəbul etmirlər. Çünki kollegiyaya üzvlüyüm onlar üçün başagrısı ola bilər. Vəkillər Kollegiyasını məhkəməyə vermişəm. İşə Ali Məhkəmədə baxılır. Ondan sonra Avropa İnsan Haqları Məhkəməsinə üz tutacam.
- Sizcə, Avropa Məhkəməsinin çıxaracağı qərarın faydası olacaqmı?
- Açığı, həmin məhkəməyə də inanmıram. Orda hakim mantiyasında iqtidarın nümayəndələri var. Yunan hakimi Linos Sicilianos bir gündə Azərbaycanla bağlı 50 qərar qəbul etdi ki, bu işlərə Avropa Məhkəməsində baxıla bilməz.
- Partiyada hansı yeniliklər var?
- Təşkilatlanma ilə məşğul oluruq.
- ALP bələdiyyə seçkilərində iştirak edəcək?
- Seçkilərdə iştirakımız səsvermələrdən əvvəl situasiyanın dəyərləndirilməsindən və qəbul ediləcək qərardan asılı olacaq. Seçkilərdə içtirakımız 2 formada mümkündür: partiya kimi və ya üzvlərin marafona fərdi qoşulması.
- Partiya seçkiyə blokla, yoxsa fərdi qatılacaq?- Bu, vəziyyətdən asılı olacaq. Açığı, Azərbaycanda seçki yoxdur. Seçkilər adlandırılan kampaniya sovet dövründən də eybəcər şəkildə keçirilir. Əvvəlcə demokratik şərait yaradılmalıdır. Bunu da iqtidar etməlidir. Müxalifət isə daxili təzyiqləri gücləndirməlidir. Ukraynanın gününə düşməmək üçün biz ilk növbədə xalqın mənafeyini müdafiə etməliyik. Daxili sabitlik pozulsa, bu dövlətin süqutuna gətirib çıxara bilər. Hər halda dövlətimiz Ukraynadan böyük deyil. Əgər Ukraynadakı hadisələr Azərbaycanda cərəyan etsə, görün nələr baş verər.
- Lalə Şövkət nə üçün ictimai-siyasi proseslərdə görünmür? Niyə meydandan kənara çəkilib?- Lalə xanım həmişə mövqeyini ya özü birbaşa, ya da partiya vasitəsilə çatdırır. Elə bir strateji məsələ yoxdur ki, onun mövqeyi bəlli olmasın. Xüsusən son beynəlxalq məsələlərlə əlaqədar ALP Lalə xanımın mövqeyini ortaya qoyub. Ona görə demək olmaz ki, ALP liderinin mövqeyi bəlli deyil.
- Konkretləşdirək, hansı beynəlxalq məsələdə?- Azərbaycan-Türkiyə inteqrasiyası, Ukrayna-Rusiya, Azərbaycan-Ukrayna münasibətləri ilə əlaqədar. Hesab edirik ki, Azərbaycan yaranmış situasiyada beynəlxalq vəziyyətin, şəraitin cəngəlləşdiyi dövrdə fövqəlgüclərin maraqlarının təhlükəli geopolitik məngənəsindədir. Hakimiyyətin kiçik ehtiyatsızlığı xalqa baha başa gələ, dövlətimizin parçalanmasına səbəb ola bilər. Ona görə də qarşılıqlı razılaşma əsasında daxili sabitliyi qorumalı, ölkənin sosial sabitliyi təmin olunmalı, dövlətimizin, ordumuzun müdafiə gücünü artırmalıyıq. Ölkəmiz müdafiə gücünü Türkiyə vasitəsilə artırmalıdır. Ukrayna məsələsinə gəlincə, respublikamızın bu ölkə ilə münasibətləri yüksək səviyyədədir. Hakimiyyət bundan sonra da Ukraynanın suverenliyini, ərazi bütövlüyünü müdafiə etməli, habelə Azərbaycan-Rusiya münasibətlərində də ehtiyatla davranmalıdır.
- ALP-nin irəli sürdüyü bu təklifləri elə hakimiyyət rəsmiləri də bəyan edir və ... həyata keçirirlər. Bəs çatışmayan nədir?- İnformasiya hakimiyyətdə çoxdur, nəinki bizdə. Müxalifət olaraq informasiyamız hakimiyyətin informasiyasından qat-qat azdr. Buna görə də narahatlığımız var. Ordu daha da gücləndirilməli və hakimiyyət siyasətdə daha çevik olmalıdır. İqtidar ilk növbədə Azərbaycanın maraqlarına zərər vurmamaq barədə düşünməlidir.
- Krımın Rusiya tərəfindən işgalı məsələsində ALP-nin mövqeyi niyə məlum olmadı?- Biz partiya olaraq mövqeyimizi ortaya qoymuşuq.
- Necə, bəyanat formasında?- Gəlin belə danışaq. Hər hansı bəyanat verməzdən əvvəl düşünürük ki, bu, Azərbaycan dövlətinə və xalqına nə verəcək.
- Əvəz bəy, bəyanat yaydınızmı?- Bəyanat yayanda da Azərbaycan xalqının maraqlarını düşünürük, susanda da. ALP-nin Ukrayna-Rusiya münasibətlərində susması ilə bağlı dediklərinizlə razı deyiləm. Xeyr, Azərbaycan Liberal Partiyası susmadı, öz mövqeyini ortaya qoydu. Dil siyasi qüvvələrə və siyasətçiyə təkcə danışmaq üçün deyil, bəzən də susmaq üçün verilib. Bəzi məlumatlara görə Azərbaycanı da Ukraynanın taleyi gözləyə bilər.
- Yəni Rusiyanın timsalında...- Mən demədim hansısa dövlətin timsalında. Biz şou-biznesdə deyilik. Siz istəyirsiniz mən Azərbaycan Liberal Partiyasının adından Rusiyanı yıxıb sürüyüm? Bunu istəyirsiniz? Və Rusiya cəmiyyətinin müəyyən qüvvələrində Azərbaycana qarşı aqressivliyi artırmağımı istəyirsiniz? Sizə bu lazımdırmı? Bu, bizə, xalqa vacibdirmi? Mən deyirəm ehtiyatla davranmaq lazımdır. Siz filan ölkənin timsalında Azərbaycanı təhlükə gözlədiyini soruşursunuz. Özümüzü böyük təhlükələr gözləyir. Bu, konkret bir ölkənin, məsələn, nəzərdə tutduğunuz dövlətin timsalında olmaya bilər. Məsələn, Ermənistanın timsalında mümkündür.
- Sizcə, Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq ərazi bütövlüyünün bərpası üçün Daglıq Qarabağda hərbi əməliyyatlara başlasa, Rusiya Ukraynadakı ssenarini burada reallaşdırmayacaq ki?- Həm siyasətçi, həm də hüquqşünas kimi deyirəm: beynəlxalq hüquq heç kimə lazım olmayan kağız parçasıdır. Hazırda bu termin cəngəllik hüququ kimi nəzərdə tutulur. Kim güclüdürsə, o, haqlıdır. Hüquq elmində belə bir anlayış var: - “ölü” hüquq. Beynəlxalq hüquq hal-hazırda ölü hüquqdur. BMT-nin 4 qətnaməsinin heç birində Ermənistan aqressor kimi tanınmayıb.
- Milli Şuranın fəaliyyətini necə qiymətləndirirsiniz?- Əfəndim, biz həmin qurumu tərk etmişik deyə, Milli Şuranın fəaliyyətlərinə qiymət verməyimiz doğru deyil.
- Bilirsiniz bu sual niyə ortaya çıxdı?- Xeyr.
- 2006-2007-ci ildən VİP-lə eyni blokda əməkdaşlıq edirdiniz. Amma sonra VİP-lə əməkdaşlığı kənara qoyub, Milli Şuraya üz tutdunuz.- Xeyr, elə deyil.
- Ancaq VİP sədri Əli Əliyev bildirdi ki, məhz ALP-nin Milli Şuranı seçməsi səbəbindən “İnsan Naminə” blokunun fəaliyyəti dağıldı.- Yox, yox, məncə, Əli bəy belə fikir söyləməyib. Mən ümumiyyətlə VİP-lə əməkdaşlığımızın tarixini müzakirə etmək istəmirəm. Müxalifət partiyaları ilə münasibətlərdə daha maraqlı məsələlər var.
- Yəni bu sizin səhv addımınız deyildi?- Partiyalararası münasibətlərin yenidən müzakirə olunmasının tərəfdarı deyiləm.
- Mən münasibətlərdən danışmıram. Səhvinizi soruşuram. ALP-nin MŞ-la baglı qərarı yanlış deyildi ki?- Əgər söhbət Milli Şuradan gedirsə, bizim orada olmağımız zərurət idi.
- Amma növbəti dəfə aldadıldınız.- Nə isə ummurduq ki, aldadılaq? Əksinə, bizdən umacaqlar var idi. Dəstək umurdular və biz də onu verdik.
- Son günlər baş verən bir sıra hadisələr, nurçulara yaxın məmurların vəzifələrindən qovulmaları, qadağan edilmiş ədəbiyyatların müsadirəsi və bir neçə şəxsin saxlanıması göstərdi ki, Gülən hərəkatının üzvləri ölkəmizi siyasi poliqona çevirmək istəyirlər.- Bunun belə olub-olmadığını zamanın öhdəsinə buraxaq. Qanunvericiliyə görə ölkə vətəndaşları olmayan şəxslərin Azərbaycanda dini təbliğat aparmaları qadağandır.
- Söhbət təkcə təbliğatdan getmir.- Əgər təbliğat aparılırsa, bu, hakimiyyətin günahı üzündən baş verir. Söhbət məmurlardan gedirsə, bəs iqtidar hara baxırdı?
- Ərdoğan nurçular məsələsinin Azərbaycanda ciddi müzakirə olundugunu bəyan etdi. - Bəs Azərbaycan hakimiyyəti indiyə kimi hara baxırdı? Niyə hakimiyyət xarici ölkə vətəndaşlarının Azərbaycan üçün ciddi təhlükə yarada biləcək dini təbligat aparmasına imkan verir? Xarici ölkələrin bir neçə dini cərəyanları Azərbaycanda öz maraqları üçün təbliğat aparırlar.
Cavid Əlisoy
Qaynar.info