
İsveçrədə yaşayan tanınmış yazıçı Ələkbər Əliyev ötən günlərdə Meydan.tv-yə müsahibə verib. Ələkbər müsahibəsində yaradıcılığından, rus dilində çap olunan son əsəri "Emiqrant"dan və Azərbaycanda çap edilən "Gilə" romanına olan münasibət və bir çox məsələlərdən danışıb.
O, həmçinin bildirib ki, nə proza texnikası, nə ədəbiyyat duyumu, nə də intellektual səviyyə baxımından, Azərbaycanda mənə yaxın düşəcək heç kim yoxdur. Varsa da, hələ ortaya məhsul qoymayıb deyə, tanımırıq.
Müsahibə zamanı Seymur Baycan haqqında da danışan Ələkbər Əliyev qeyd edib ki, yazıçılığına gəldikdə isə mən onu Azərbaycanın çağdaş yox, klassik ədəbiyyatına aid edirəm. O, Cəlilin müasiri olmalıydı, səhvən bizim zamanımızda doğuldu.
Ələkbər Əliyev müsahibəsi ilə bağlı "Qaynar" Seymur Baycandan münasibət öyrənib.
Tanınmış yazıçı deyib ki, Ələkbər Əliyev tamamilə doğru deyib bir qram da fikirində şişirtmə yoxdur: "Bizim nəslin arasında təkcə Ələkbər yazıçı olmağı bacardı. Söhbət təkcə bizim nəsildən getmir. Ümumən Azərbaycan ədəbiyyatını götürəndə Ələkbər dünya standartlarına, müasir ədəbiyyatın tələblərinə ən yaxın, ən uyğun gələn yazıçıdır. Çox gözəl texnikası var. Zaxar Prilepinin "Sanka" romanını oxumuşam. Ələkbərin "Sarı Gəlin" romanı "Sanka" romanından qat-qat güclü əsərdir. Yəni demək istəyirəm ki, əsər var, sadəcə adamlar görmək istəmirlər.
"Gilə"də çox gözəl əsərdi. Ələkbər elə bir əsər yazmaqla bizi çox təəccübləndirdi. Onun potensialına bələd olsam da, belə gözəl bir əsər yazacağını təsəvvürümə gətirə bilməzdim. "Gilə"ni Azərbaycanda çox az adam oxudu. Amma tam qətiyyətlə deyirəm, "Gilə"ni Ələkbər yox, Anar Rzayev, Elçin Əfəndiyev, ya da vəzifəsi pulu olan bir başqa yazıçı yazsaydı, Cəmil Həsənlidən tutmuş Zahid Oruca qədər, nə qədər adam "Gilə"ni və onun müəllifini tərif atəşinə tutardılar. Ələkbər bu saxtakarlığı görür. Gör adamı hansı həddə çatdırıblar ki, əsərinin Azərbaycan dilində çıxmasını istəmir.
Biz nəsil kimi ortaya çıxanda tez-tez bizə deyirdilər ki, hanı əsəriniz, gedin əsər yazın sonra danışın. Bu arqumenti onların əlindən aldıq. Lakin məsələ ondadır ki, Azərbaycanda vəzifəsi, pulu olmayan yazıçıya nifrət edirlər. Açıq desəm bizim nəsilə qarşı bir nifrət var. Elə bil bütün baş verən bəlaların səbəbkarı bizik. Halbuki sayımız çox azalıb. Tale də hərəni bir diyara atıb".
Seymur Baycanın sözlərinə görə, ənənəni nəzərə alsaq, azərbaycanlı bir müəllifin "Emiqrant" kimi bir əsər yazması məntiqdən kənar hadisədi: "Əgər bir gürcü yazıçısı "Emiqrant" kimi əsər yazsaydı, hadisəyə çevrilərdi. Amma Ələkbər dəqiq bilir ki, "Emiqrant" Azərbaycan dilində çıxsa oxuyan az olacaq. Azərbaycanlıların təsəvvürünə görə yaxşı əsəri ancaq qoca, ordenli medallı. vəzifəli yazıçılar yazmalıdılar. Elə isə "Emiqrant" kimi əsər niyə Azərbaycan dilində çıxmalıdır? Doğru qərardır. Ələkbər dəxilsiz adamların boşboğazlığına şərait yaratmaq istəmir. Azərbaycanda pulsuz, vəzifəsiz yazıçının oxucusu yoxdur. Ölkədə hər sahənin öz adamı var. Sahələr bölüşdürülüb. Ədəbiyyat da, həmçinin. Və kimsə orden, medal almadan vəzifəsiz, pulsuz bu sahəyə girmək istəyəndə iqtidarlı, müxalifətli hamının qıcığına səbəb olur. Ümumən götürəndə, mədəniyyət sahəsində baş verən hadisələri analiz edəndə ölkənin bugünkü vəziyyəti qanuna uyğun görünür.
Məntiqdən kənar heç bir hadisə baş vermir. Sisteminin mənfi cəhətlərinin üstünə azərbaycanlıların “milli koloriti” də əlavə olunduqda çox eybəcər mənzərə ortaya çıxır. Azərbaycanlılar paxıl xalqdı. Bu heç olan şeydi. Azərbaycanlıların paxıllığı unikal paxıllıqdı. Burda həkim müəllimin, müəllim vəkilin, vəkil menecerin, menecer aparıcının, xülaseyi-kəlam, başqa-başqa sahənin adamları bir-birinin paxıllığını çəkir. Bunların hamısı da bir yerə yığışıb mandatsız, vəzifəsiz, medalsız özünə iki-üç oxucu qazanmış yazıçının paxıllığını çəkirlər".
Aydın
Qaynar.Az