Kremldə keçirilən üçtərəfli Olland-Merkel-Putin görüşü yekunlaşıb. Axar.az xəbər verir ki, Fransa, Almaniya və Rusiya liderləri mətbuata açıqlama vermədən şam yeməyinə yollanıblar.
Keçirilən üçtərəfli görüş və sonrakı gedişatın nəticələri barədə Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Aktual.az-a açıqlamasında bildirib ki, proses daha çox uzanacaq: "Görüşdən sonra, sadəcə, açıqlama verilirdi ki, danışıqlar telefon vasitəsi ilə davam edəcək. Mənə elə gəlir ki, bu proses daha çox uzanacaq və vaxt aparacaq. Ümumi nəticələr də müəyyən qədər şübhələr doğurur. Keçmiş SSRİ ərazisində olan münaqişələrin tarixi göstərir ki, heç bir münaqişə öz həllini tapmayıb. Uzun müddət davam edir. Belə bir ehtimal var ki, Ukrayna məsələsini də bu münaqişələrin aqibəti gözləyir".
A. Mollazadə Dağlıq Qarabağ münaqişəsindən də danışıb: "Belə düşünürəm ki, problemlərin bir çoxu beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinə münasibətdə hüququn aliliyinə nihilist mövqedən yanaşmasının, eyni zamanda sərt reaksiyalarının olmamasının nəticəsidir. Bu gün Ukraynada baş verən məlum hadislər də məhz həmin münasibətlərin göstəricisidir. Beynəlxalq təşkilatlar Ermənistanı sülhə məcbur etməsələr, Dağlıq Qarabağ münaqişəsi həllini tapmasa, digər münaqişələrin də taleyi buna bənzəyəcək".
Qaynar.info