Fəzail Ağamalı: “Bu müqavilənin qüvvədən düşməsini alqışlayıram”
İran parlamentinin üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılması təklifi ilə çıxış ediblər. İran parlamentinin bir sıra üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər. Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən parlamentin Azərbaycan dilli deputatlarının qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib.
Türkmənçay müqaviləsinin bitməsinə münasibət bildirən Ana Vətən Partiyası (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Qaynar.info-ya deyib ki, müqavilə bitəndən sonra Cənubi və Şimali Azərbaycanın birləşdirilməsi məsələsi qoyulmalıdır: “Mən də bu müqavilənin qüvvədən düşməsini alqışlayıram. İndi artıq 19-cu əsr deyil, dünya düzənində, xəritəsində kifayət qədər dəyişikliklər baş verir. Vaxtilə ikiyə bölünmüş Azərbaycanın Quzeyində müsqətil dövlət yaranıb. İndi zamanı çatıb ki, nəhayət İranın ərazisindəki soydaşlarımız da Quzey Azərbaycana birləşsinlər. Belə olan halda, Azərbaycan vahid dövlət kimi bərqərar olacaq. Buyurub, qursunlar. Biz də beynəlxalq hüquq normalarına söykənərək onlara dəstək verək”.
İlkin
Qaynar.info