
Məlum olduğu kimi, Gəncənin "Kəpəz" klubu uzun müddətdən sonra avrokuboklarda mübarizəyə qoşulacaq. Komanda qayıdışını Moldovanın gümüş medalçısı "Daçiya" klubuna qarşı keçirəcək.
Qaynarinfo.az xəbər verir ki, tərəflər arasındakı ilk matç 10 gün sonra - iyunun 30-da Mərdəkandakı "Dalğa Arena"da baş tutacaq.
Bu üzdən "Daçiya"nın Rusiya qafqazlıları - klub prezidenti Adlan Şişxanov, komandanın rəisi Mühacir Polonkoyev və yarımmüdafiəçi Ruslan Şauvxalov həmyerlilərinə Bakıya gəlib onları dəstəkləməyə çağırıb. Həmin müraciətin mətnini təqdim edirik:
"Salam Aleykum, qardaş və bacılar!
Elə alındı ki, iyunun 30-da biz Avropa Liqası matçında Bakıda Azərbaycanın "Kəpəz" Futbol Klubu ilə oynayacağıq. Biz sizə dəstək üçün müraciət edirik. Həmin gün stadiona gəlməyi və bizi dəstəkləməyinizi xahiş edirik. Sizin dəstəyiniz bizim üçün, "Daçiya" qafqazlıları üçün çox vacib və xoş olacaq. Bu münasibət həm də şübhəsiz "Daçiya" klubu və 12 oyunçu üçün olacaq. Sizi Bakıda gözləyirik və sizinlə birgə qələbəyə ümid edirik".
Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması bu oyundan 1 həftə sonra - iyulun 7-də Moldovanın paytaxtı Kişinyovda baş tutacaq. Oyun ölkənin IV böyük stadionu (8550 tutumu var - red.) olan "Moldova"da keçiriləcək.
Onu da bildirək ki, bu cütün qalibi "Admira Vakker" (Avstriya) - "Spartak" (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qaynarinfo.az