Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması ikinci devalvasiya riskini qaçılmaz edir. Ekspertlər bildirirlər ki, proses rezervlərin tükənməsinə doğru gedir və yaxşı olmayan nəticələr vəd edir. Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, ikinci devalvasiya da ölkə iqtisadiyyatı üçün ciddi təhlükə hesab edilir.
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, bir ayda rezervlərin 1,5 milyard dollar azalması onu göstərir ki, manata güvən qalmayıb: “Azərbaycan əhalisinin, iqtisadi oyunçuların manata güvəni tamamilə sarsılıb. Gözləntiləri artıb ki, manatın getdikcə dəyərsizləşməsi davam edəcək. Bu tipli məsələlərdə, valyuta məzənnəsi ilə bağlı məsələlərdə güvən çox önəmlidir. Güvən sarsıldıqca oyunçuların aktivliyi artır və getdikcə daha çox, həm əhali həm iqtisadiyyatda iqtisadi fəaliyyətlə məşğul olan insanlar, şirkətlər getdikcə daha çox əllərində olan sərbəst manatı dollara çevirməyə meyl göstərirlər. Bu, onu göstərir ki, devalvasiya sürəci ümumiyyətlə çox sürətlidir. Yəni insanlara mesaj verildi ki, heç bir gərginlik olmayacaq. Birdən-birə 35 faiz devalvasiya oldu. Bu, onu göstərdi ki, insanların ümumiyyətlə Mərkəzi Bankın sözünə və hökumətin atdığı addımlara güvəni tamamilə sarsıldı. Devalvasiyadan sonra da valyuta ehtiyatlarını azalması onu göstərir ki, insanlar hələ də əllərində olan manatın sürətlə dollarlaşmasına çalışırlar. Bu proses güvən yenidən təsis olunmayana qədər davamlı olacaq”.

Ekspertin sözlərinə görə, bu isə rezervlər üzərində böyük basqı yaradır: “Rezervlərin belə sürətlə azalması onu deməyə əsas verir ki, Mərkəzi Bank yaxın aylarda, aprel-may aylarında da bu tendensiya davamlı olsa, ikinci bir addım atmaq məcburiyyətində qalacaq. Çünki rezervlərin tükənməsi sürəti həddindən artıq yüksəlib. Hətta Mərkəzi Bank fevralda və yanvarda olan müdaxilələrdən mart ayında daha çox müdaxilə etməyə məcbur olub. Ona görə də hər şey aprel və may aylarında rəsmi rəqəmlərin vəziyyətindən asılı olacaq. Görünən odur ki, ajiotaj davam edir və insanlar əllərində olan manat kiçik manat rezervlərini belə yenidən dollara çevirməyə çalışırlar. Bu ajiotajın davamlı olması aprel ayında da müdaxilələrin yüksək səviyyədə olmasını indidən proqnozlaşdırmağa əsas verir. Belə davam etsə, təbii ki, Mərkəzi Bankın ikinci devalvasiyaya getməsi qaçılmaz olacaq. Amma bunun səviyyəsi və faizi barədə söz demək çətindir. Hər şey neftin qiymətindən asılı olacaq. Çox güman ki, neftin qiymətinin yaxın zamanlarda artması gözlənilmir. Bu səbəbdən ikinci devalvasiya dalğasında Mərkəzi Bank məcburən birinci dalğadakı 35 faiz həcmindən olmasa belə, ona yaxın, və yaxud da onun yarısı qədər həcmdə devalvasiyaya getməyə məcbur olacaq”.
Qeyd edək ki, ekspertlər Mərkəzi Bankın devalvasiyanın tempini artıracağından narahatdırlar. Həmçinin, bildirilir ki, kəskin devalvasiya da istisna deyil. Çünki Mərkəzi Bank bu templə maksimum 2-3 ay ehtiyatların azalmasına imkan verə bilər.
Ekspert Samir Əliyev isə bildirib ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının azalması səkkiz ay ərzində davam edir: “Manatın sabitliyi üçün Mərkəzi Bank son dörd ayda valyuta ehtiyatının 37 faizini itirib. Dekabr-mart aylarında ehtiyat təxminən 5,5 milyard dollar azalıb”. S.Əliyev qeyd edib ki, hətta 34 faizlik kəskin devalvasiya da valyuta ehtiyatını qoruya bilməyib: “Vəziyyət gözlənildiyindən də pisdir. Proseslər göstərir ki, Mərkəzi Bank manatın yumşaq devalvasiyasını davam etdirəcək”.
Ekspertin sözlərinə görə, narahatçılıq manatın ucuzlaşmasının gözlənildiyindən də sürətli templə davam etdiriləcəyindəndir: “Mərkəzi Bank tezliklə sərt addımlar atmalı olacaq. Hadisələr indiki şəkildə davam edərsə, ajiotaj aradan qalxmazsa, Mərkəzi Bank devalvasiyanın tempini artırmaq və ya növbəti kəskin devalvasiya seçimi arasında qala bilər”.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 4,29 milyard dollar (31,2 faiz) azalaraq 13,76 milyard dollardan 9,47 milyard dollara enib.
Qaynar.info