Xəbər lenti

"Deyirlər həbsdəkilər dərhal azad olunsun" - Milli Məclisdə müzakirə
Siyasət08:50 30.09.2014

"Deyirlər həbsdəkilər dərhal azad olunsun" - Milli Məclisdə müzakirə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında 37 məsələnin müzakirə olunacağı gözlənilir. Ancaq hələlik deputatlar cari məsələlərlə bağlı ayrılan vaxtdan istifadə edərək Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsindən danışırlar. Spiker Oqtay Əsədovun təklifi ilə Avropa Parlamentinə etiraz bəyanatı hazırlamaq üçün parlamentdə vitse-spiker Valeh Ələsgərovun sədrliyi və bir neçə deputatın iştirakı ilə komissiya yaradıb.  

V.Ələsgərov beynəlxalq təşkilata sərt təpki verəndən sonra çıxış edən spiker Oqtay Əsədov da Avropa Parlamentinin qətnaməsinə sərt təpki verdi: “Avropa tövsiyə verə bilər, amma qətnamədə yazır ki, dərhal azad olunsun.  Sən kimsən bizə təsir edirsən? Bunlar hamısı Avropa Parlamentinin özünün qanunsuzqlarıdır”.
Siyavuş Novruzov dedi ki, son bir ayda Azərbaycana qarşı müxtəlif təzyiqlər, bəyanatlar, müraciətlər olur. Dünən də Fredoom House adlı bir təşkilat sənəd yayıb. Bir ölkənin ərazisində olan QHT başqa ölkənin daxili işlərinə qarışır, bu, yolverilməzdir.

Burda onlara donos verənlərin məlumatı əsasında Azərbaycanla bağlı hesabat yayır. Biz mövqeyimizi çox sərt şəkildə qoymalıyıq. AŞPA sədrinə sual verdim ki, Rusiyanın mandatını dayandırıbsınız, bəs Ermənistanın mandatını niyə dondurmayıbsınız? Deyir Ermənistan sizin ərazinizi 1992-ci ildə işğal edib, amma siz AŞPA-ya 2001-ci ildə qəbul olunubsunuz.

Deyirlər həbsdəkilər dərhal azad olunsun. Biz bunları girov götürməmişik ki, deyirlər dərhal azad olunsun. Hələ məhkəmə olsun, görək hansı faktlar ortaya çıxacaq. Hələ istintaq gedir ".

Spiker adı çıxışçılar siyahısına yazılmadığı üçün etiraz edən deputata ”şikayət yaz ki, kompüter düz işləmədi”,  deyə məsləhət gördü.

Əli Hüseynli dedi ki əslində Avropa parlamentarizmi özü çökməkdədir: “ Azərbaycanla bağlı qərarların arxasında erməni lobbisi və Qərbdəki digər dairələr dayanır. Biz Avronestlə münasibətlərə yenidən baxmalıyıq. Azərbaycan enerji məsələlərində dünyaya verdiyi töhfəyə Avropadan adekvat cavab ala bilmir. Belə çıxır ki, Qərb o QHT-ləri dəstəkləyir ki, onlar barışıq adı altında ermənilərin maraqlarına xidmət edirlər”.

Zahid Oruc dedi ki, Avropa Parlamenti müxtəlif qrupların əlində təsir üçün buir çubuqdur. Deputat qeyd etdi ki, onlar hesab edirdilər Azərbaycan NABUCCO ilə bağlı layihədə öndə olacaq, Ukrayna məsələsində Rusiyaya qarşı çıxacaq, onların təsir dairəsinə düşəcək, bu, alınmadı.  Z.Oruc qeyd etdi ki, elə həmin parlament Ukraynanın başına bəla açdı.  Ermənistana qarşı heç bir tədbirlər görülmür, ancaq Rusiyaya qarşı qətnamələr qəbul edilir, yaxud Azərbaycanla bağlı 1 milyonun haqı 1 nəfərə qurban verilir?

Fəzail Ağamalı də Avronestdən çıxmağa çağırdı: “Hansı beynəlxalq təşkilat Azərbaycanla normal münasibət qurmaq arzusundadırsa, o təşkilatlarla əməkdaşlığımızı davam etdirməliyik. Avropa Parlamenti Azərbaycana  qarşı qərəzli, böhtan kampaniyasını davamlı şəkildə aparır. Mən təklif edirəm ki, Azərbaycan Avronestdən çıxdığını bəyan etsin. Ona görə də bəyanatla kifayətlənməyək.  Ancaq Avropa İttifaqı ilə əməkdaşlığımızı davam etdirə bilərik”.

Azay Quliyev dedi ki, Şərq Tərəfdaşlığı proqramı öz imicini ciddi şəkildə zədələyib, Avronestə olan inam və etimad iflasa uğrayıb: “Bu, Avropa Parlamentinin qərəzli mövqeyinin nəticəsidir. Avropa Parlamentinin qətnaməsi də qərəzli münasibətin nümunəsidir”. A.Quliyev  “beynəlxalq qurumların əlində alətə çevrilən” QHT-lərə müraciət etdi: “Həmin QHT-ləri siyahıya salmaqla onların durumunu daha da çətinləşdirilər. Bir neçə gün əvvəl Emil Məmmədovun məsələsinə baxıldı  və şərti cəza ilə azadlığa buraxıldı. QHT-lər bilsin ki, onların problemini  Azərbaycan dövləti həll edəcək”.

Qüdrət Həsənquliyev də Avropadakı beynəlxalq təşkilatlara  kəskin etiraz bildirilməsini zəruri saydı: “Necə olur ki, beynəlxalq təşkilatlar bizim əsas məsələlərimizə laqeydlik göstərirlər, amma ayrı-ayrı şəxslərə diqqət göstərilir. Mən əminəm ki, həbsdə olanlara yüksək mükafatlar veriləcək. Sonra da deyiləcək ki, baxın, filan mükafatların qalibləri həbsdə saxlanılır. ”

Ardınca Q.Həsənquliv dedi ki, beynəlxalq təşkilatlara qarşı qarşıdurmaya getmək lazım deyil. Bu mənada hökumətə səsləndi:  “Düşünmürəm ki, 5-6 nəfərə görə Qərblə, beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməliyik. Ona görə də ölkə rəhbərliyi həbs qətimkan tədbirlərini dəyişdirməli və məhkəməyə qədər gözləməliyik. Biz acı reallıqları görürük, biz böyük ölkə deyilik”.

Bahar Muradova isə dedi ki, məsələ 5-6 nəfərdə deyil: “Əgər düşünürüksə ki, 5-6 nəfəri güzəştə getsək, beynəlxalq təşkilatlar təzyiqləri dayandıracaq, bu, düzgün deyil. Beynəlxalq təşkilatlar da bizi özündən razı olan kiçik dövlət kimi bizi cəzalandırmaq istəyirlər. Belə siyahılar ilk dəfə deyil ki, hazırlanır”. Vitse-spiker dedi ki, kifayət qədər sərt tonda bəyanat qəbul etməliyik, geri çəkilmək olmaz.  
 
İqbal Ağazadə Avropaya qarşı sərt çıxışlara etiraz etdi və analoji münasibəti Rusiyaya qarşı sərgiləməyə çağırdı: “Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qəbul olunan qərarlara etirazlarla razıyam, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı. Ancaq əgər dövlət olaraq biliriksə ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı bu qərarları qərəzlidir, onda niyə elə fəaliyyət göstərməliyik ki, həmin təşkilatlar fürsət və bəhanə tapsınlar? Siz Rusiyanın Ermənistan vasitəsilə Azərbaycan torpaqlarını işğal etdiyini heçmi bilmirsiniz? Bilirsinizsə, nədən Rusiyaya münasibətdə qorxaq və çəkingən münasibət sərgilənir və bunu manevr adlandırısınız? Avropa işğal etmir deyə, onun üzərinə bu qədərmi getmək lazımdır? İlk növbədə iqtidar düşünməlidir ki, bu siyasətin gerçəkləşməməsi üçün hansı addımlar atılmalıdır. Rusiyanın əleyhinə bir bəyanat verə bilərsinizmi? Heç kəs verə bilməz. Çünki Rusiya Azərbaycana sarsıdıcı zərbə vura bilər. Mən bunu rahat deyirəm, çünki iqtidarın sözünü demirəm, müxalifətəm. Bu gün Azərbaycanın tək bir Avropa ölkəsi ilə ticarət dövriyyəsi 42-45 faizdir. Bəli, cəmiyyətdə narazılıqlar var, bu narazılığı azaltmaq üçün konkret addımlar atmaq lazımdır”.

İ.Ağazadə dedi ki, rəsmi qurumlara bir müraciət göndərib: “Barəsində cinayət işi qaldırılan adamın həyat yoldaşı və övladını xaricə buraxmırlar”. Deputat barışa çağırdı: “Ölkədə böyük barış amnistiyasına ehtiyac var. Bu barışı saxlaya biləcək yeganə qüvvə iqtidardır. Avropa əleyhinə bəyanat vermək yox, əməkdaşlıq üçün addımlar atmaq lazımdır”. Bir barış amnistiyası elan olunmalı, siyasi məhbus, vicdan məhbusu adlandırılan hər kəs azadlığa buraxılmalıdır”. //Musavat.com

Qaynar.info