“Məqsədimiz ədalətli cəmiyyətin bərqərar edilməsidir. Azərbaycan xalqının pozulmuş hüquqları, normal həyat haqqı bərpa edilməlidir. Xalqın nəinki Xəzərin sahillərindən, Azərbaycan neftindən də pay almaq haqqı özünə qaytarılmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli “Amerikanın səsi” radiosunda “Sərbəst kürsü” canlı forumunun qonağı olarkən deyib. “Xəzərin neftini demirik, prezident olsanız, dənizin kənarına çəkilən o hasarları nə edəcəksiniz?” sualına cavabında C. Həsənli bildirib ki, ölkənin neftindən Azərbaycan xalqından başqa bütün işbazlar faydalanır: “Təəssüf ki, neft gəlirləri artdıqca əhalimiz daha da yoxsullaşır. Bunun sirri açılmalıdır. Bu gün Xəzərin sahəlləri ayrı-ayrı işbazlar tərəfindən Çin səddi kimi hasarlarla əhatə edilib. Hələ Milli Məclisdə Xəzərin sahililə bağlı məsələlər müzakirə ediləndə mən dedim ki, dənizdən 20 metr məsafədə olan sahilin ayrı-ayrı adamlara verilməsi Azərbaycan xalqını dənizin üzünə həsrət qoyacaq. Sosial cəhətdən müdafiə olunmayan, çörək pulu tapmayan adamların dənizdən ödənişli formada istifadə etməsini heç nə ilə izah etmək olmaz”.