
"Əhməd Davudoğlu baş nazir postuna namizədliyini verməyib, siyasətdən getməli idi"
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Azər Qasımlı Türkiyənin baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasının sədrliyindən getməsi xəbərinə münasibət bildirərkən deyib.
Azər Qasımlı bildirib ki, Əhməd Davudoğlu onun müəllimi olub və bir il dərs deyib: "Davudoğlunu tam yaxşı olmasa da, amma müəyyən mənada tanıyıram. Onun siyasətə gəlişini heç kəs gözləmirdi. Əksər çevrələr Davudoğlunu şəxsi fikri olan, ideoloji baxımdan çox güclü insan sayırdı. İdeoloji olaraq Əhməd Davudoğlu, Rəcəb Tayyib Ərdoğandan üstündür. İstər daxili, istər də xarici siyasətdə nələr etmək lazım olduğunu daha yaxşı bilir. Prioritet məsələlərdə daha güclü olan adam Ərdoğanla anlaşa bilməzdi. O ya Ərdoğanın təsiri altına düşməlidir, ya da ki müstəqil olmalıdır."

Azər Qasımlı
Politoloqun sözlərinə görə, Əhməd Davudoğlu baş nazir postuna namizədliyini verməyib, siyasətdən getməli idi: "Görünən budur ki, Türkiyədə prezidentlə baş nazir arasında ciddi fikir ayrılıqları var. Bu fikir ayrılıqları olmaya bilməzdi. Çünki Türkiyə konstitusiyasına görə, prezident bu gün siyasətə qardışdığı şəkildə davrana bilməz. Amma buna baxmayaraq, Ərdoğan konstitusiyanı pozur.
Özünü daha çox siyasi rəhbər və icraedici hakimiyyətin rəhbəri kimi göstərir. Halbuki prezident icraedici hakimiyyətin rəhbəri deyil. O Ali Baş komandandır. İcra hakimiyyəti tamamilə baş nazirə aiddir. Türkiyə hələ də parlament respublikasıdır. Prezident respublikası deyil ki, Ərdoğan baş nazirə nəyi, necə etməyi diqtə etsin. Əsas problem bundan qaynaqlanır. Çünki prezident sistemə uyğun davranmır".
Azər Qasımlının fikrincə, Əhməd Davudoğlu istefaya gedəcəyi təqdirdə AKP daha az şəxsi fikirlərə sahib olan, texniki baxımdan baş nazir ola biləcək bir nəfərin namizədliyini irəli sürəcəklər: "Düşünürəm ki, bu AKP iqtidarının sonucunun bir başlanğıcıdır. AKP-nin daxilində ciddi prosseslər gedir. Bu barədə daha əvvəl də məlumatlar gəzirdi. Keçmiş prezident Abdulla Gülün də Ərdoğanla ciddi problemləri var. Bunları nəzərə alaraq demək olar ki, AKP-nin iki yerə parçalanma ehtimalı var. Gələcəkdə AKP-ni və Ərdoğanı ciddi imtahanlar gözləyir".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az