
Bu saatlarda “EL” Hərəkatı ilə REAL arasında məxfi danışıqlar başlayıb
Qaynar.info-ya daxil olan məlumata görə, bu saatlarda “El” Hərəkatının rəhbərliyi ilə “Respublikaçı Alterativ” Hərəkatının rəhbərliyi arasında görüş keçirilir. Toplantı mətbuata qapalı şəraitdə aparılır. Tərəflər əsasən gələcək əməkdaşlıq, ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər haqda fikir mübadiləsi aparırlar.
Eləcədə müzakirə zamanı həbsdə olan REAL sədri İlqar Məmmədov, Tofiq Yaqublu və digər məhbusların vəziyyəti, müdafiə olunma taktikasına dair də fikir mübadiləsi aparılıb.
Görüşdə hər iki təşkilatın rəhbər şəxslərinin iştirak etdiyi deyilir.
Hazırda müzakirələrin davam etdiyi bildirilir.
REAL Hərəkatının Məclis sədri Erkin Qədirli isə Qaynar.info-ya açıqlamasında bildirib ki, bu, partiyalararası rəsmi bir görüş olmayıb: "Bu, rəsmi görüş deyildi. Sadəcə, xeyli vaxt idi bir-birimizi görmürdük. Eldar Namazovdan təklif gəldi ki, görüşək, biz də görüşdük. Bu, sadəcə, bir çay süfrəsi idi. Düzdür, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı da söhbətimiz oldu. Amma burada heç bir məxfi söhbət, toplantı olmayıb. Bilmirəm bunu niyə bu qədər şişirdiblər".
Qaynar.info