"Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərini təxirə salsaydı, belə çıxardı ki, PKK-nın əzələ nümayişi qarşısında bir qədər geri çəkildi".
Bu sözləri Qaynar.info-ya açıqlamasında palitoloq Elxan Şahinoğlu Ankarada baş verən növbəti terror hadisəsinin səbəblərini şərh edərkən deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə prezidentinin Azərbaycana bundan əvvəl planlaşdırılan səfəri öncəsi Ankarada terror hadisəsi baş verəndə bunu başqa səbəblərlə izah etmək olardı: "Amma görürük ki, ikinci dəfə də oxşar vəziyyət yaranır. Yenə də Ərdoğanın Bakıya səfər öncəsi, yenə də paytaxt Ankarada partlayış olur. Sanki terrorçuların arxasında olan qüvvələr Ərdoğanın Azərbaycana səfərini və Azərbaycanla siyasi-iqtisadi, hərbi əməkdaşlığının genişlənməsi ilə bağlı fikir mübadiləsinin aparılmasına mane olmaq istəyir. Ancaq yaxşı haldır ki, Ərdoğan bu dəfə səfərdən imtina etmədi. İkinci dəfə də səfər təxirə salınsaydı, belə çıxardı ki, Ərdoğan PKK-nın əzələ nümayişi qarşısında bir qədər geri çəkildi. O zaman üçüncü partlayışdan sonra da məcbur qalıb səfəri təxirə salardı".
Elxan Şahinoğlu qeyd edir ki, son beş ayda bu Ankarada üçüncü partlayışdı: "Burdan belə nəticəyə gəlmək olar ki, bu PKK-nın tək başına həyata keçirə bilməyəcəyi əməliyyatdı. Arxasında böyük güclər var. O qüvvələr ki, ona hərbi-siyasi dəstək verir, Suriyadakı kürdləri silahlandırırlar".
Xatırladaq ki, son məlumatlara görə dünən Ankarada baş verən terror aktı nəticəsində 37 nəfər ölüb, 71 nəfər isə yaralanıb.
Qafqaz Rafiqoğlu
Qaynar.info