
Əli Əliyev: "Bu faktor həm də dövlətçilik üçün təhdid və təhlükədir"
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Qaynar.info-ya müsahibəsi:
- Əli bəy, hazırda partiya olaraq nə işlə məşğulsunuz?
- Vətəndaş və İnkişaf Partiyası olaraq hazırda cari işlərlə, təşkilatlanma ilə məşğul oluruq. Ötən ilin prezident seçkiləri müəyyən mənada Vətəndaş və İnkişaf Partiyasına ziyan vurdu. Biz heç vaxt prezident seçkilərində iştirak etməmişdik. Partiyamızın 45 min imza toplamasına və seçkilərə psixoloji hazırlığına baxmayaraq, bu prosesdə iştirak edə bilmədik. Baş verənlər siyasi təşkilatımızın strukturlarına təsir göstərdi. Mart ayının əvvəllərindən fəaliyyətimizi gücləndirmişik. Çalışırıq ki, qarşıdan gələn bələdiyyə, habelə gələn ilin parlament seçkilərində iştirak edək. Bələdiyyə seçkilərində iştirak bizim üçün məşq xarakterli ola bilər. Parlament seçkiləri də ölkəmiz üçün mühüm olacaq.
Geopolitik məsələlər coğrafi baxımdan Azərbaycanın daxili ictimai-siyasi həyatına təsir göstərməyə başlayıb. Hesab edirəm zaman keçdikcə bu təsir daha da artacaq. Və yerləşdiyimiz məkan dünya güclərinin hədəfindədir. Həmin nöqteyi-nəzərdən ölkənin daxili mühitini dəyişmək ehtimalı yüksəlir. Bu, parlament seçkilərində siyasi qüvvələr arasında razılaşdırılacaq. Hesab edirəm, 2015-ci ilin parlament seçkiləri həlledici marafon olacaq. Partiyaların həmin seçkilərdə tutacağı mövqe, yeri, prinsiplərini nədən ibarət olacaq – bunu indidən işləyib hazırlamaq lazımdır. Parlament seçkiləri VİP üçün həlledici marafonlardandır.
-Yəqin ki, son günlər həm cəmiyyətdə, mətbuatda, həm də sosial şəbəkələrdə harınlamış bəzi məmurların övladlarının qanunsuz hərəkətlərinin əsas müzakirə mövzularından biri olmasının fərqindəsiniz. Qeyri-qanuni yollarla sərvət toplamış bir sıra vəzifəli şəxslərin övladlarının kübar həyat tərzi şəraitində harınlıqlarının artması sizcə hansı təhlükələrdən xəbər verir?
- Hesab edirəm Yeni Azərbaycan Partiyası üçün nə qədər çətin olsa da, bunu etiraf etməlidirlər: - YAP hakimiyyəti son 20 ildə Heydər Əliyev və İlham Əliyev dövrləri kimi iki mərhələ ilə xarakterizə olunur. İki siyasətçinin fəaliyyətlərində, davranışlarında kifayət qədər fərq var. Heydər Əliyev dönəmində komandasının ön sıralarında olan şəxslər ondan ehtiyatlanırdılar. Heydər Əliyev dövlətçilik təcrübəsinə malik olduğundan onların əl-ayaq açmalarına imkan vermirdi. Məndə olan məlumata görə hətta məmurlar eyni rəngdə kostyumlar alıb, həmin paltarlarını dəyişmədiklərini nümayiş etdirirdilər. Müşavirələrdə Heydər Əliyev dəfələrlə onların harınlamalarına, aksessuarlarına dair fikirlər səsləndirirdi. İlham Əliyev prezident seçildikdən sonra onun Heydər Əliyevin komandası ilə işləmək məcburiyyəti ortaya çıxdı. Mənə elə gəlir, işlərin rəvan olması üçün belə bir komanda ilə işləmək üçün psixoloji baryer lazımdır. Mənə elə gəlir, müəyyən boşluqlara yol verilib.
- Məsələn hansı məsələlərdə?
- Artıq Azərbaycan hakimiyyətində təmsil olunan bəzi oliqarxlar siyasi faktorlara çevriliblər. Bu faktor həm də dövlətçilik üçün təhdid və təhlükədir. Mənə elə gəlir, İlham Əliyev bu harınlığın qarşısını almaqda zəif adam deyil. Ancaq hələlik onun davranışlarında ehtiyatlılıq nümayiş etdirilir. Xəbərdarlıq var, amma cəza azdır və miqyasına görə deyil. Hələ «ANS» telekanalında hakimiyyətə yaxın bir şəxslə debat zamanı bildirmişdim ki, Quba hadisələri zamanı camaatın heysiyyatı ilə oynayan icra başçısı cəzalandırılmalıdır. Lakin həmin şəxs Bakıya gətirilib vəzifəyə təyin olundu. Həmin rayonun kurasiyası nəqliyyat naziri Ziya Məmmədovda olduğundan onun tərəfindən yeni şəxs Qubaya icra başçısı təyin edildi. Məndə dəqiq məlumat var ki, yeni icra başçısı əvvəlki rayon rəhbərinin evinin yandırılmasına baxmayaraq burada yeni ev tikdirir. Ona ev də demək olmaz. Bu bina rayonun mərkəzində inşa olunur və çox böyük evdir. Bütün bunların cəzanın olmaması səbəbindən irəli gəlir. İsmayıllı hadisələri də yaddan çıxmamalıdır.
- Son zamanlar baş verənlər göstərir ki, belə hallar yenə təkrarlana bilər.
- Bütün bunlara görə bəzi məmurların heç nədən çəkinmədən, utanmadan, xalqın heysiyyatına əhəmiyət vermədən belə oyunları çıxarırlar. Əvvəllər baş vermiş hadisələr də onlara dərs olmayıb. Gəmiçilik sahəsində çalışan məmurun övladının əməkdar artistimizin ailəsində iki insanın həyatına son qoymasına səbəb olan hadisəni törətməsi İsmayıllı hadisələrinin bəzi şəxslərin övladlarına dərs olmadığını göstərdi. Azərbaycan hakimiyyətinin üst qatında olan şəxslərin yaxınlarının bu cür davranışları bəzi komanda üzvlərinin əndazələrini aşmasının göstəricisidir. Bir daha qeyd etmək istəyirəm ki, İlham Əliyevin belə halların qarşısını almaqda zəif olduğunu düşünmürəm. O, sadəcə həmrəylik nümayiş etdirərək özünə çox yaxın adamların bu cür məsuliyyətsiz hərəkətlərinin qarşılığını vermir. Düşünürəm belə halları törədənlərə mütləq cəza verilməlidir ki, baş verənlər digərlərinə dərs olsun. Yüksək eşelonda övladları yaxşı işlər görən məmurlar da var. Bunu normal qəbul etmək lazımdır. Amma kimsə cızığından çıxırsa, onun cəzasını mütləq vermək lazımdır.
- VİP-lə Milli Şuranın ayrı-ayrı üzvlərinin münasibətləri arasında gərginlik, qarşılıqlı ittihamlar mövcud idi. Gərginlik indi də bu vəziyyətdədir?
- Hadisələri yada salmaq məcburiyyətindəyəm. İndi Ukraynada baş verən hadisələrin o dövrdə bir qədər başqa formada Azərbaycanda törədilməsi mümkün idi. Sizin zənginizdən əvvəl Kuzminin verilişində Vladimir Putinin müsahibəsini izləyirdim. Putin SSRİ-ni bərpa etmək istəyir. Onun son çıxışlarında səsləndirdiyi ifadələr də belə deməyə əsas verir. Biz bu gün Ukraynada həmin hadisələrin həyata keçirilməsinin şahidi oluruq. Krım işğal olundu, indi isə həmin ölkənin cənub şərqində demək olar hərbi əməliyyatlar həyata keçirilir. Düzdür, əməliyyatlar hələ açıq fazaya keçməyib, amma Rusiyanın müdafiə naziri bununla bağlı bəyanat verdi. Həmin hadisələrin Azərbaycanda da törənməsi ehtimalı kifayət qədər yüksək idi.
- Vətəndaş və İnkişaf Partiyasının bununla bağlı mövqeyi nədən ibarət idi?
- Bizim mövqeyimiz həmin hadisələrin heç bir halda şəxsi maraqlarımızdan və ya məqsədlərimizdən irəli gəlmirdi. Sərgilədiyimiz mövqe dövlətçiliyin qorunması ilə bağlıydı. Hesab edirik Azərbaycanın suverenliyi və müstəqilliyi mübahisə və müzakirə mövzusu ola bilməz. Təəssüf ki, bəzi partiyalar, ziyalılar, QHT-lər milyarderlər klubu ilə birlikdə Milli Şura adlı Kreml layihəsində iştiraka razı oldular. Bu gün isə Kremlin layihəsində iştirak etmiş bəzi şəxslər Moskvanın belə təşəbbüslərini pisləyirlər. İsa Qəmbər bir müddət əvvəl «biz Moskva layihəsini Azərbaycan layihəsinə çevirə bildik» ifadəsini işlətdi. Bu, Kremlin namizədi Rüstəm İbrahimbəyovun Cəmil Həsənli ilə əvəzlənməsinə dair fikir idi. Müsavat başqanına yaxın olan Pənah Hüseynin «Biz ilk dəfə olaraq Azərbaycanda müəllifi olmadığımız layihədə iştirak məcburiyyətində qalmışıq» ifadəsini nəzərdən qaçırmamalıyıq. Bütün bunlar Milli Şura layihəsinin Kremlə məxsus olmasını sübut edən eyhamlar idi. Digər fakt İsa Qəmbərin Eldar Namazovun formalaşdırdığı Rusiya ilə biznes masasında əyləşməsi faktıdır. Yadınızdadırsa, Moskva ilə əlaqə saxlayan, Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi təşəbbüsünün müəllifi o idi. Lakin bu şəxslər sonradan əvvəlki mövqelərindən uzaqlaşdılar.
- Səhv etirəmsə, sizin liberallardan uzaqlaşmağınız da bu məsələlərlə əlaqədardır.
- Mənzərə bir qədər fərqli idi.
- Axı tərəfdaşlarınızın qarşı tərəfə üz tutması üzündən əməkdaşlığınıza xitam verildi.
- Biz sadəcə olaraq «İnsan naminə» blokunu siyasi birliyə çevirə bilmədik. Bunun baş tutmaması başqa məsələ ilə əlaqədardır. Həmin məsələnin detalları öz aramızda olduğundan onu müzakirə etmək istəmirəm.
- Bir neçə gün əvvəl «Space» telekanalında yayımlanan «Qonaqlıq» verilişində çıxış edən şairə müharibə veteranlarını kartofla müqayisə etdi. Bundan bir neçə gün əvvəl başqa bir şəxs veteranları təhqir etdi.
- YAP hakimiyyətinin müsbət və mənfi tərəfləri var. Dövlətçilik ənənələrinin qorunub saxlanmasında Heydər Əliyevin xidməti olub. Lakin cəmiyyətdə inamsızlıq, veteranlara müharibə veteranlarına etimadsızlıq mənfi istiqamətdə inkişaf edib. Bunun çox ciddi səbəbləri var. 2005-ci ilin iyul-avqustunda «Milli yol» qəzetinin bir məqaləsi əlimə keçib. Həmin məqaləni araşdırıram. Hesab edirəm, dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması üçün bədəninin bir hissəsini vermiş, gəncliyini qurban etmiş şəxslərə dövlətin münasibəti belə olmamalıdır. Onlar Azərbaycanın ən şərəfli və qürurlu vətəndaşlarıdır. Sizin səsləndirdiyiniz nümunələr hökumətin səhv siyasətinin fəsadlarıdır. Onun səbəblərini hakimiyyətin apardığı siyasətdə axtarmaq lazımdır. Əgər cəmiyyətdə həmin şəxslər deyil, artist təbəqəsi yuxarı səviyyəyə qaldırılıbsa, təbii ki, dövlətə sədaqətlə qulluq etmiş şəxslərə qarşı belə münasibət adi qarşılanimalıdır.
Cavid Əlisoy
Qaynar.info