Xəbər lenti

"Həyat yoldaşımın ailəsi məni qəbul etmir" - Azərbaycanlı müğənni
Maqazin15:23 16.03.2016

"Həyat yoldaşımın ailəsi məni qəbul etmir" - Azərbaycanlı müğənni

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Sevda Sanalıyeva musavat.com saytının suallarını cavablandırıb. Ana olmağa hazırlaşan müğənni ilə söhbətə mətbuatdan uzaq qalmağının səbəbindən başlayır. 
- İkinci dəfə ana olmağa hazırlaşırsınız. Uzun müddət mediadan kənar qalmağınıza səbəb  hamilə olmanız idi?
- Ağır və çətin günlər yaşayıram. Bilirəm ki, əziyyətli vaxt 3 aya qədərdir. Hamiləliyin 4-cü ayına keçsəm də, problemlərlə üzləşirəm. Ümumi götürsək, Allaha şükürlər olsun ki, hər şey yaxşıdır. Övladımın cinsiyyətini yoxlatmamışam. Allah verən paydır, qız və ya oğlan olmasının fərqi yoxdur. Əsas odur ki, sağlam doğulsun. 
- Sevda xanım, ərə getməyiniz və ana olmağa hazırlaşmağınız haqda xəbərlər mətbuatda yayımlananda ilk olaraq təkzib etdiniz. Daha sonra isə yanlış informasiya verdiyiniz bəlli oldu. Niyə hər zaman mətbuatı səhv istiqamətləndirirsiniz? 
- Hansı xanım öz toy xəbərini gizlətmək istəyər? Ərə getdiyimi açıq ürək ilə, qışqıra-qışqıra insanlara çatdırmaq istəyirdim. Gizlətməyimin səbəbi göz-nəzərdən qorxmaq deyildi. Həyat yoldaşımın ailəsi ilə problemlər var idi, biz də öz aramızda toy etmək istədik. Yoldaşım dedi ki, ailəsi evliliyimizi qəbul etdikdən sonra ictimaiyyətə bildirərik. Mən çox istəyərdim ki, 35 nəfərlik deyil, 250 nəfərlik toy olsun. Onun ailəsi gəlməyəndən sonra mənim nəslimi ora yığmağım mənasız idi. Həyat yoldaşıma hörmət məqsədi ilə gizlətdim. Amma hələ də ailəsi məni qəbul etmir. 
- Həyat yoldaşınızın ailəsinin sizi qəbul etmədiyini bildirdiniz. Bəs övladınızı görüblər?
- Övladımın bir yaşı tamam oldu, amma hələ görməyiblər. Oğlumun atası-anası var, nənə və babası bizik.
- Ailə qurub ana olsanız da, hələ də evliliyinizin saxta olduğunu deyirlər. Bu söz-söhbətlər sizə necə təsir edir?
- Ailəni kiməsə görə qurmamışam, kimisə inandırmağa məcbur deyiləm. Nikah sənədlərimiz var, amma onları şayiə yayanları inandırmaq üçün istifadə etmədim. Çıxıb nikah sənədimizi mətbuatda göstərə bilərdim, lakin buna ehtiyac duymadım. Öz xoşbəxtliyim, gələcəyim üçün ailə qurmuşam. Ötən ilə qədər ancaq işləyirdim,  əziyyət çəkirdim, qazanc haqda düşünürdüm. "Saxta evlilik edib" söhbəti çox iyrəncdir.
- Bəzi həmkarlarınız deyir ki, özünü şou-biznesə aid hesab etmir. Bu fikirlə razısınız?
- Şou-biznesin içindəyəmsə, özümü buraya niyə aid hiss etməyim? 13 yaşımdan bu işin içindəyəm. Gündəm xətrinə belə söhbətlər edirlər. Mən daim kənarda qalmağı seçmişəm.
- Yaşadığınız çətinliklərə baxmayaraq daim üzünüz gülür. 
- Ürəyin qan ağlaya-ağlaya üzünün gülməyi çox çətindir. Mən bunu yaxşı bacarıram. Bəlkə də, aktyor-rejissor fakültəsini qurtardığım üçün çətin günlərdə gülə bilirəm. Mənim yasımın, çətinliyimin tamaşaçıya aidiyyəti yoxdur. Ona görə də daim cəmiyyət içərisində gülürəm. Evə girəndə isə ağlayıram.
- Devalvasiyadan sonra bir çox bank bağlandı. Bu hadisədə insanlarda "bank qorxusu" yaratdı. Onlar artıq pullarını banklara etibar etmirlər. Sizin banklarla probleminiz var?
- Hazırda kredit götürmək ağılsızlıqdır. Devalvasiya ərəfəsində gedib borcumu bağladım. Böyük işlər görəndə kredit götürürdüm. Çünki əlimdəki nağd pulu işimə xərcləməyə cəsarət etmirəm. İş alınmasa, pulsuz qala bilərəm. Kreditdə isə itirəcəyim bir neçə min manat ola bilər. Sonuncu dəfə bankdan 50 min manat götürmüşdüm.
- Xüsusi geyim tərziniz olmasa da, hər zaman aksesuarınız diqqətçəkən olur. Digər qadınlar kimi zinət əşyalarını sevirsiniz? 
- Mənim üçün zinət əşyaları önəm daşımır. Yaxınlarım həyatda nələrə qiymət verdiyimi bilir. Pul, maddiyyat mənim üçün 2-ci plandadır. Düzdür, pul qazanmağı sevirəm,  qazanıram da, pulumu yatıracağım işləri də bilirəm. Amma əsas ailəmin xoşbəxtliyidir.
- Bir az da  yeni yaradıcılıq işinizdən danışaq. Müğənnilər arasında hamiləlik zamanı klip çəkdirmək dəb halını alıb. Bu ənənəni davam etdirəcəksiniz?
- Yazın sonunda iki mahnıma klip çəkdirəcəyəm. Musiqisi Pərviz Mahmudov, sözləri Aygün İsmayılovanın yazdığı "Dön mənə" mahnısına Nail Naiboğlu, söz və musiqisi Zülfi Bədəlova məxsus "Bahar" adlı bəstəyə Şahin Zəkizadə ekran həyatı verəcək. Klipi hamiləliyim tam bilinəndən sonra çəkdirəcəyəm ki, uşağıma xatirə qalsın. 
- Küsülü olduğunuz sənətçi var?
- Heç bir sənət yoldaşımla küsülü deyiləm. İllər öncə Rəqsanə İsmayılova ilə danışmırdım, indi münasibətlərimiz normaldır. Mən kin saxlaya bilmirəm, 5 günlük dünyadır, sabah həyatda  olub-olmayacağımız bəlli deyil. Heç kimə düşmən olmaq istəmirəm, kimsəylə rəqabət aparmaq mənə yaraşmaz, hər kəsin öz yeri var.
- Şou-biznes nümayəndələrindən narazılığınız varmı? 
- Əlbəttə, var. Bəzi sənət adamları bu sənəti ləkələyir, onlar şou-biznesi səviyyəsizcə tanıdır. Kənardan baxanlar deyir ki, biri belədirsə, hamısı elədir. Samira, Elnarə Xəlilova, Lalə Məmmədova kimi ailəcanlı sənət adamları çoxdur. Digərləri onlardan nümunə götürməlidir. Tək narazılığım budur.
Qaynar.info