Xəbər lenti

"Kimdir xəyanətkar?" - Ramin Hacılı
Siyasət09:45 06.05.2014

"Kimdir xəyanətkar?" - Ramin Hacılı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İctimai-siyasi fəal Ramin Hacılı son günlər barəsində səslənən bəzi iddialara cavab yazaraq musavat.com-a təqdim edib. Müəllifin "Kimdir xəyanətkar?" başlığı qoyduğu həmin yazını oxucularımıza təqdim edirik.

Kimdir xəyanətkar?

Xatırlayırsınızsa, Milli Məclisin ötən sessiyasında deputat Əli Hüseynli belə bir açıqlama ilə çıxış etdi: “QHT-lərin, jurnalistlərin “xalq diplomatiyası” adı altında görüşləri Ermənistan xüsusi xidmət orqanlarının nailiyyətlərinə işləyib”. 

Digər deputat Azay Quluyev isə bildirdi ki, Ermənistana gedən şəxslər və onların təmsil olunduğu QHT-lər araşdırılmalıdır. ANS-in vitse-prezidenti Mirşahin Ağayev "Hesabat" verlişində mənim Ermənistanda rəqsimi göstərərək heysiyyatdan danışdı və uzun araşdırmadan sonra TV olaraq gəldikləri qərarı bəyan etdi: "Ermənistana getmək olmaz!" 

Ən son Ermənistana səfər edən mənəm. Hələ üstəlik, orda ermənilərlə rəqs də etmişəm. Səfər təklifi olsa günü bu gün yenə gedərdim. Rəqs də edərdim. Qafqazda yalnız biz yaşamırıq, ermənilər bizim qonşumuzdur, düşmən olsalar da. Bunu dəyişə bilmərik. Heç kimə sirr deyil ki, bu konflikt Rusiya imperiyasının münaqişələrlə hökmranlıq taktikasının tərkib hissəsidir. Muharibə atasız uşaqlar, qazilər bəxş edir topluma. Bunun qarşılığında Qarabağı qaytara biləciyiksə, inanın, Azərbaycan dövləti çoxdan muharibə edərdi. 

Azərbaycan dövlət başçısının "Təzə pir" məscid kompleksinin açılışı mərasimində çıxışından bir hissəni oxuyun: “Biz hamımız çalışırıq və çalışmalıyıq ki, bütün Qafqazda sülh tam bərqərar olsun. Çünki Qafqaz vahid orqanizmdir. Cənubi Qafqaz ölkələri müstəqil dövlətlərdir, Şimali Qafqaz respublikaları Rusiya dövləti tərkibində fəaliyyət göstərirlər. Ancaq bu coğrafi ərazi təkcə coğrafi ərazi deyil. Qafqaz xalqları bir-birinə çox bağlıdır, çox yaxındır və biz çox istəyirik ki, bütün Qafqazda sülh bərqərar olsun. Müharibələrə, qarşıdurmalara son qoyulsun və nəhayət, uzun illər ərzində, onilliklər, əsrlər ərzində Qafqazda yaşayan insanların əziyyətinə son qoyulsun”. 

Di, bu da sizə fakt. Buyurun, diqqətlə oxuyun.

Mən də Ermənistanda mətbuat konfransı zamanı elə belə demişdim: “Azərbaycan dövləti sülh variantına üstünlük verdiyini bəyan edir və bu olmayacağı təqdirdə müharibənin olacağını deyir. Bir sözlə, Azərbaycanda böyük əksəriyyət öncəliyi sülhə verir. Torpaqları işğal altında olan bir xalqın sülh yolunu seçməsi çətin və qürurvericidir. Çətindir, ona görə ki, məglubiyyət hissi ilə təxribata çəkilən bir toplum insanlığı qorumaq üçün qürurunu cilovlaya bilir. Qüruruna hakim çıxmaq özünü başqasından üstün hesab etməməkdir. Mən fəxr edirəm ki, belə bir xalqın nümayəndəsiyəm”. 

Bu sözlərdən sonra rəqs təklifinə yox demək, aqressiv baxışlar və utancaq qorxu ilə mısıb yerində oturmaq ikiüzlülük olmazdımı, əzizlərim? Hələ diplomatik etiketi demirəm.

Doğrusu, Mirşahin Ağayevin mənim barəmdə nə demək istədiyini anlamadım. Heç Azay Quliyevin də nəyi araşdırmağın lazım olduğunu dediyini də anlamadım. Tək onu bilirəm ki, mən susduqca, elə bilirlər, qorxuram, elə zənn edirlər, istədikləri kimi davrana bilərlər, elə düşünürlər səhv yolda olduğumu dərk edib sakit oturmuşam. Mən sadəcə bu kimi gündəm olayları ilə məşğul olub vaxt itirmək istəmirəm. Gələcək yalnız bizim dediyimiz kimi - sülhün təntənəsi ilə olacaq. Gələcəyi tikənləri məhv etmək istəyənlərə hərdən yerimizi göstərmək məcburiyyətindəyik deyə bəzi məsələləri yazıram. 

MİF

Bu gün artıq neçənci dəfədir ki, məni içtimai nəqliyyatda görüb təəccüblənənlər görürəm. Bilmirəm niyə, haqqımda ictimaiyyətdə geniş imkanları olan biri təəssüratı hardan yaranıb?! Guya hardansa böyük qrantlar alıb kef edirəm, guya hansısa dairələr mənə dəstək verir. Əslində isə vəziyyət fərqlidir. Mən həyata məğlub başlayanlardanam. Nəinki özüm üçün, himayəmdə olan insanlar üçün uşaq yaşlarında işləməkdəyəm. Məcburi köçkün həyatı, evsizlik, dəstəksizlik və s... 

Lakin inancımın, həmfikirlərimin, yaradıcılığımın, təhsilimin sayəsində ictimai siyasi arenada uğur qazana bilmişəm. Uğur hesab etdiyim - peşəkar siyasətçiyə çevrilmək, ideyamla tanınmaq, insanların uğurlarında pay sahibi olmaq, vicdanla və əxlaqla yaşamaqdır. Mənə görə uğurlarım az və balaca deyil. Onları ürəyimlə, zəhmətimlə, vicdanımla əldə etmişəm. Mənə inananlar çoxdu, çox adamın üzündə sevgi görürəm, çox adamdan xoş sözlər eşidirəm. Bununla qürur duyuram, bu, əlbəttə ki, çox yaxşıdır və həmişə əlimdən gəldiyi qədər insanlara əl uzatmağa çalışmışam. Çox təəssüf ki, 2013-cü ilin sentyabrından düşdüyüm iqtisadi böhrandan çıxmaq cəhdlərim hələ də bir nəticə vermir. İş imkanlarımı istifadə etmək istədiyim bütün qapılar üzümə bağlıdır, etdiyim bütün təkliflər "müxalifətçisən" deyilib geri çevrilir. Kimə üz tuturamsa, uzaq durur, qorxur. Kimə yaxınlaşıramsa, durumumun ağır olmasına inanmır, təəccublənir. Aylardır hər yerdən ancaq “yox” cavabı alıram. Və bu durum məni hövsələdən çıxarır, fəaliyyətsiz vəziyyətə salır, həvəsdən düşməyimə səbəb olur. Əslində isə mən dövlət tərəfindən qaralanmış deyiləm, mənimlə əməkdaşlıq edən kiməsə ziyan gəlməyib. Bu bir mifdir, dağıda bilmədiyim mif. Heç kimlə şəxsi düşmənçiliyim və ya problemli obrazım yoxdu. Bu mif qarşımda ən böyük birinci divardır...

Digər mif şübhədir. Uşaqlığını, gəncliyini hərəkətsiz vaqonda keçirən biri kimi deyirəm, özünü anlayandan müxtəlif yerlərdə zəhmətinlə pul qazanmaq, qaçqın düşümüş ailəyə məktəb yaşlarından sahib çıxmaq həyatın çox qəddar tərəflərini öyrədir insana. Həm də ən yaxşı təkliflərə rəğmən nə özünü, nə də başqasını satmamağını öyrədir. Lap uşaqlıqdan bilirsən ki, mərdlik səni öncə öz gözündə ucaldır, gecə başını yastığa rahat qoya bilirsən, həmişə hər yerdə başın dik gəzə bilirsən. Gözləmirsən ki, hər an kimsə hansısa qəbahətini üzünə vura bilər. Və mən bütün bu siyasi, ictimai prosesləri izləyib anlayıram ki, “vətən xaini” yalnız o kəs ola bilər ki, özünü sata bilsin. Özünü satan vətənini də satar. Amma adam özünü satmayıbsa, heç vaxt vətəninə qarşı ondan satqınlıq gözləməyin. Bu, mümkün deyil! Kiməsə “xalq düşməni”, “vətən xaini, “satqın” kimi baxmazdan öncə o adamın tarixçəsini nəzərdən keçirin, kimdi, hardan gəlib, hara gedir, nə işlə məşğuldu?.. Bu, doğruları görməyə bəs edir. Mən zəhmətimlə, bacarığım, biliyim və istedadımla pul qazanmaq istəmişəm həmişə. Heç bir çətinlik bizi kiminsə qulu edə bilməz. 

İnsanların məndən qorxmalarının, şübhə ilə yanaşmalarının və imkanlı olmağım düşüncəsinin nəticəsidir düşdüyüm böhran. Hələ ki, özümü qoruyaraq ayaqda qalmağa çalışıram, faydalı ola biləcəyim sahələrdə bacarıqlarımı nümayiş etdirmək istəyirəm, dəyər verən insanlardan, qurumlardan təkliflər gözləyirəm, cəhdlər edirəm, bəzi işlər görürəm. Və ölkəmdə qalmaq istəyirəm. Nə hansısa məmurun siyasi maşası olmaq istəyirəm, nə də yalnış yol tutduğunu düşündüyüm  klassik muxalifətlə bir yerdə olmaq. Öz yolumda, öz həqiqətlərimlə insanlara xidmət etmək arzusundayam. İnanmaq istəyirəm ki, biz – canıyla, qanıyla vətəninə bağlı olanlar, dişiylə-dırnağıyla nələrsə etmək istəyənlər hələ bu ölkəyə lazımıq.

Sayğılarla

Ramin Hacılı

rhacılı@gmail.com