Minskdən xüsusi reyslə Bakıya gətirilən blogger Aleksandr Lapşin aeroportdan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasına aparılıb.Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Qaynarinfo.Az xəbər verir ki, "Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası uğurumuzdur" -deyən ATLAS araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, bununla həm Azərbaycan hakimiyyəti, həm də ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenko prinsipiallıq nümayiş etdirdilər:

"Belarus prezidentinə xüsusi təşəkkür düşür, sağ olsun, Azərbaycanın maraqlarını Rusiya və Ermənistanın müxtəlif istiqamətlərindən yönələn təzyiqlərinə qurban vermədi. Aydındır ki, bundan sonra rəsmi Bakıya təzyiqlər artacaq. Ancaq vacibdir ki, hakimiyyət bu təzyiqlərə baş əyməsin, Lapşinin məhkəməsini keçirsin və o cəzasının önəmli hissəsini həbsxanamızda keçirsin. Qoy bu Azərbaycan qanunlarını pozan başqa xarici vətəndaşlara da dərs olsun".
Politoloq onu da vurğulayıb ki, bundan sonra Rusiya Azərbaycan hakimiyyətindəki “5-ci kolonunu” da hərəkətə gətirməyə çalışacaq:
"Dağlıq Qarabağda iki azərbaycanlı girovun geri qaytarılması üçün müraciət etmədiyimiz ünvan (Rusiya, ATƏT, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s.) qalmadı, ancaq İrəvan geri addım atmır, Moskva isə bu həyasızlığa görə vassalına güldən ağır söz demir. Belə isə biz niyə Moskvanın istəyi ilə Lapşini vaxtından əvvəl həbsdən azad etməliyik? Yox əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki girovumuza dəyişmək istəyərsə, bu başqa məsələ. Ancaq bu olmadan Lapşin Dağlıq Qarabağdakı girovlarımız kimi həbsxanada yatmalıdır. Şübhə etmirəm ki, Rusiya Azərbaycan hakimiyyətindəki “5-ci kolonunu” da hərəkətə gətirməyə çalışacaq. Ümid edirəm ki, dövlət başçısı Prezident Administrasiyasındakı və Nazirlər Kabinetindəki rus buyruqçularını da yerində oturdacaq".
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.
Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb.
Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Famil Zərgərov
Qaynarinfo.Az