
İstintaq təcridxanasına Leyla Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim olunsa da, istintaq təcridxanasının rəhbərliyi sorğunu qeydiyyata almaqdan imtina edib.
Son günlər həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti kəskin şəkildə pisləşib. Məlumatı "Turan İA"-a onun vəkili Elçin Qəmbərov verib.
Vəkilin sözlərinə görə, Leyla Yunusun qara ciyərində parçalanma prosesi başlayıb, xroniki olaraq az yemə nəticəsində təzyiqi ciddi şəkildə düşür və zəifdir. Həbs edildiyi gündən etibarən Leyla Yunus 10 kq arıqlayıb.
Digər vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Leyla Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib, lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib ki, bu da birbaşa qanun pozuntusudur, - deyə vəkil bildirib.
Xatırladaq ki, Leyla Yunus ağır diabet xəstəsidir və bu ilin iyulunda həbs edildikdən sonra o, müvafiq şəkildə müalicə olunmur. Kamerada mənəvi və fiziki təzyiq fonunda həbsdə onun səhhəti getdikcə pisləşir.
Beynəlxalq və yerli ictimaiyyətin hüquq müdafiəçisinə lazımi köməkliyin göstərilməsi haqqında hakimiyyətə çoxsaylı müraciətlər ünvanlanıb.
Leyla Yunus və həyat yoldaşı Arif Yunus Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.
Qaynar.info