Azərbaycanda üç böyük gücün toqquşması reallığı ...
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morinqstar ötən həftə «Azadlıq» radiosuna verdiyi müsahibəsində bir xeyli məqamlara toxundu. Həmin məqamların bəziləri sözün həqiqi mənasında rəsmi Bakının narahatlığı üçün zəmin yaratdı. Prezident Admnistrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun və ardından digər rəsmilərin verdikləri açıqlamalardan da aydın görünür ki, Azərbaycan hakimiyyəti səfirin dediklərindən heç də xoşhal deyil.
Qeyd edək ki, ABŞ-ın Azərbayandakı səfiri ölkədə baş verən hadisələrə münasibət bildirərkən davamlı olaraq «narahat olduq» ifadəsindən istifadə edib. Elə bu səbəbdən də sosial şəbəkələr səviyyəsində siyasətlə maraqlanan əksəriyyət ona «Narahat Morninqstar» adı ilə xitab edirlər. Maraqlıdır ki, daima "narahat olan" səfir gözlənilmədən narahatedici açıqlamalar verməyə başladı. Təbii ki, bu səbəbsiz deyildi və razılaşdırılmış bir müsahibə olduğu da şübhə doğurmur.
Səfir Azərbaycan hakimiyyətinə hansı mesajları göndərib və narahat edən məqamlar nələrdən ibarətdir? Bu sualın cavabını yazıda açıqlamağa çalışacağıq. Riçard Morniqstar deyir ki, Azərbaycan hakimiyyəti monolit deyil və bu da onların diqqətindən yayınmayıb. Əslində, Amerikalı diplomat bununla aydın şəkildə vurğulamağa çalışıb ki, hakimiyyət daxilində klanlararası mübarizə gedir və bu məsələdən xəbərdardırlar. Bu klanların maddi maraqlar və siyasi ambisiyalar uğrunda mübarizə apardıqlarından da xəbərdar olduqlarını dolayısı ilə dilə gətirən səfir mesaj göndərib ki, əgər onların dediklərindən kənara çıxılarsa, növbəti Fərhad Əliyev və ya Əli İnsanov formalaşdırmaq elə də çətin olmayacaq.
Nəzərinizə çatdıraq ki, hazırda faktiki olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədov arasında açıq savaş gedir. Hər iki tərəf əlindəki mətbuat resurslarından istifadə edərək, bir-birlərinə qarşı olan kompromatlardan yararlanırlar. Belə bir vəziyyəti mətbuatda təcrübəsi olan istənilən şəxs gördüyü halda, ABŞ səfirinin görə bilməməsi isə mümkünsüzdür.
Amma Morininqstar təkcə buna işarə vurmamış da ola bilər. Son dövrlər Rusiya ilə yaxınlaşma məsələsində bir xeyli irəli gedən Azərbaycan hakimiyyətinin hərəkətləri Qərbin xoşuna gəlməyən amildir. Elə Fransa prezidenti Ollandın Bakıya səfərini də təsadüf kimi qəbul etmək yanlışlıq olardı. Niyyət təkcə enerji maraqları deyil, həm də bölgənin gələcəkdə kimin nəzarətində olacağıdır ki, bunu isbat etməyə gərək qalmır.
Rusiya ilə yaxınlaşan Azərbaycan isə yaxın qonşusunun Ukraynanın başına gətirdiyi müsibətləri də görür. Analoji prosesin Bakı üçün də gözlənilən olduğunun fərqindədir. Bir tərəfdən Qərbin təzyiqləri, digər tərəfdən Rusiyanın «əba altından zopa» göstərməsi şübhəsiz tədirginlik yaratmaqdadır. Amma Azərbaycan iqtidarı onu da yaxşı bilir ki, əgər Rusiya hərəkətə keçərsə, ABŞ gələnə qədər ölkədə daş-daşın üzərində qalmayacaq. Üstəlik, daxildə Rusiyapərəstlərin varlığı, elə Rusiyanın özündə yaşayan milyonlarla azərbaycanlıların təsir imkanları, habelə SSRİ dövrünün nostaljisi ilə yaşayanların olması rəsmi Bakı üçün labirintdən başqa yeni bir şey vəd etmir.
Bütün bunların fonunda ABŞ səfiri deyir ki, əgər Qərb olmasa Azərbaycanın müstəqilliyinə kimsə təminat verməyəcək. Əslində, bunun özü də vacib mesajlardan biri sayılır və belə başa düşülməlidir ki, Qərb Rusiyadan üz döndərəcəyi təqdirdə Azərbaycana daha artıq təminatlar verməyə hazır olduğunu demək istəyir. Əks təqdirdə isə təhdid dilini də sakit qoymaq fikrində deyil. Necə ki, Morininqstar açıqlamasında vurğulayıb ki, Azərbaycanda da Maydan Hərəkatı təkrarlana bilər.
Bəs Amerikanı narahat edən ən vacib məsələ nədir? Burada diqqəti çəkən çox məqamlar var. Amma onların içində xüsusi olaraq biri daha çox diqqəti çəkir. O da Azərbaycanın Rusiyanın yeni planı olan Avrasiya İttifaqına qoşulmaq məsələsidir. Hərçənd rəsmi Bakı belə bir niyyətdə olmadığını bəyan edir. Amma həmin planın başlıca tərkib hissəsi olan Gömrük İttifaqı məsələsində tərəddüdləri var. Düzdür, ötən il bununla bağlı rəsmilərin verdiyi açıqlamalarda vurğulanırdı ki, Azərbaycanın belə bir niyyəti yoxdur. Amma bu il bu deyimlər bir qədər yumuşalmağa başlayıb.
Gömrük İttifaqına qoşulmaq Azərbaycanın Belarusiya kimi Qərbin əlindən birdəfəlik çıxması deməkdir. Bu həmçinin ABŞ-ın Azərbaycanda həyata keçirdiyi bir sıra iri layihələrin də təhlükə altına düşməsi anlamı daşıyır. Bakını əldən verməmək üçün Qərbin bir neçə çıxış yolu qalır ki, onlardan biri də daxildə vəziyyəti gərginləşdirməkdən ibarətdir. Amma bunu necə edəcəyi kifayət qədər maraqlıdır?
Arqumentlərdən biri odur ki, Qərb bunu müxalifətin əliylə edə bilər. Hərçənd indiki məqamda bu mümkünsüz görünür. Ona görə ki, Azərbaycan müxalifəti faktiki olaraq gücsüz vəziyyətdədir və onun cəmiyyəti ayaqlandırmaq imkanları həddindən artıq məhduddur. Ancaq Ukrayna təcrübəsi göstərdi ki, Qərb üçün müxalifətin güclü olması yetərli deyil. Əsas hədəf cəmiyyəti hərəkətləndirməkdir ki, bunun üçün də yetərli maliyyə imkanları olarsa, Bakıda da Maydan Hərəkatına bənzər bir şey yaratmaq mümkündür.
Belə olan təqdirdə, aydın məsələdir ki, daxildə Ukraynadan fərqli olaraq, Azərbaycanda üç dövlət üz-üzə gəlməli olacaq. Onlardan biri Rusiya, digəri Qərb olacaqsa, üçüncüsü də İrandır ki, onlar Avropa və ABŞ-ın bölgəyə gəlməsində qəti maraqlı deyillər. Hətta bunu aqressiya ilə qarşılayırlar. Lakin burada bir məqamı unutmaq olmaz ki, Kiyev təcrübəsi Qərb üçün əsaslı dərs olub və analoji səhvlərin Bakıda təkrarlanmaması üçün onlar bütün variantlara baş vuracaqlar. Elə Morininqstarın sərbəst və diplomatik dildə təhdidə baş vurması da onların əlində planlarının hazır olmasından xəbər verə bilər.
O dəqiq məsələdir ki, ABŞ səfiri Ağ Evin məsləhəti və razılığı olmadan belə bir açıqlama verə bilməzdi. Demək, Morininqstarın dilinə gətirdiyi ifadələrin hamısı konkret olaraq hesablanmış və əsaslandırılmış mesajlardan ibarət olub. Elə Bakını narahat edən başlıca məqam da odur ki, Qərb artıq fikrində ciddiləşməyə başlayıb və bu dəfə 2003-cü ildəki kimi güzəşt məsələsi olmaya bilər. Ona görə də, önləyici tədbir olaraq bir sıra addımlar atılmaqla yanaşı, həm də ABŞ səfirinin dedikləri israrla təkzib edilir və açıq hücum taktikası seçilirb. Amma bütün bunlar yetərli olacaqmı?
Qaynar.info