Xəbər lenti

"Natiq Cəfərli siyasətin əlifbasını bilmir" - Deputatdan sərt açıqlama
Siyasət14:04 15.01.2014

"Natiq Cəfərli siyasətin əlifbasını bilmir" - Deputatdan sərt açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Natiq Cəfərlini tanımıram. Belə bir adamın olduğunu sizdən eşidirəm. Mən REAL Hərəkatında İlqar Məmmədov adlı bir adamı tanıyıram. O da əvvəllər AMİP-də olub. Bir sıra tədbirlərdə bir yerdə olmuşuq".

Bunu Qaynar.info-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, Natiq Cəfərli tanınmaq üçün başqa partiyaları itiham edir, onların sayəsində gündəmdə qalmaq istəyir: "Yəqin, o, cəmiyyətə özünü bu cür texnologiyalardan istifadə edərək tanıtmaq istəyir. Düşünür ki, kiminsə ünvanına həqiqətə uyğun olmayan, qərəzli, böhtan, ifadələr işlədərək gündəmdə qalmaq olar. Təbii siz jurnalistlər də, çox düzgün edərək qarşı tərəfin fikrini öyrənməyə çalışırsınız. Və beləliklə, bu adamlar gündəmdə qalmağı bacarır.

Natiq Cəfərli kimdirsə, hələ o siyasətin əlifbasını bilmir, ya da təzə-təzə öyrənir. Amma Fəzail Ağamalı 20 ildən artıqdır ki, fəal siyasətlə məşğul olur. Fəzail Ağamalının partiya rəhbəri olaraq Azərbaycan dövlətinə, millətinə, istiqlalına tövhələrinin mində birini Natiq Cəfərli verəcək-verməyəcək, bilmirəm. Heç istəməzdim də bizim yaşadığımız ağır taleyi Natiq Cəfərli və onun həmyaşıdları yaşasın". 

Partiya sədri  bildirib ki, Natiq Cəfərlinin onu və partiyasını ittiham etməyə haqqı çatmır: "Biz Azərbaycana demokratik cəmiyyətin qurulması istiqamətində öz töhfəmizi vermişik və Natiq Cəfərli kimi adamlar da, demokratiya adı altında minmiş olduqları "qamış atını" sağa-sola çapmaqdadırlar. Ona görə də bu cür texnologiyalarla özünü gündəmdə saxlamağa çalışan insanlara məsləhətim budur ki, öncə Ana Vətən Partiyasının Azərbaycan dövlətinə, millətinə verdiyi töhvələri öyrənsinlər, sonra ittihamlarını irəli sürsünlər".

Xatırladaq ki, REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli Azərbaycandakı müxalif qüvvələrlə bağlı bölgü aparıb və parlamentdə təmsil olunan bir sıra partiyaları hakimiyyətin "kukla müxalifəti" adlandırıb. O, Qaynar.info-ya açıqlamasında Ana Vətən və Vətəndaş Həmrəyliyi partiyalarının adını xüsusi qeyd edib. 

Elkin Xəlilov

Qaynar.info