Avqustun 20-də Mingəçevir Polis Şöbəsində öldürüldüyü iddia edilən Bəhruz Həsənova görə şöbənin qarşısında şəhər sakinlərinin keçirilən aksiyada 21 nəfər saxlanılıb.
Saxlanılanlardan biri 39 yaşlı Rasim Abdullayevin anası Gülafət Abdullayeva Qaynar.info-ya açıqlamasında bildirib ki, oğlu aksiyada iştirak etməyib. Anasının sözlərinə görə, o, bacısının evinin işıq pulun ödəmək üçün evdən çıxıb və saxlanılıb.
"Səhər 11-dən ac susuz gedən adamdı. Qızım zəng etdi dedi ki, işıq pulunu ödəmək lazımdır. Rasim də dedi ki, yaxınlıqda poçt bağlanıb. Ödəmək üçün sayğac götürdü. Gözlədik gəlib çıxmadı. Axşamüstü qonşu uşaqları dedi ki, tutublar", - deyə Gülafət Abdullayeva bildirir.
Rasim Abdullayevin ürəyi xəstə olduğunu deyən ana qeyd etdi ki, hərbi xidmətdə də olmayıb: "Kasıb ailəyəm, gözümü ona dikmişəm, evin yeganə oğludur".
Ailəsi Rasimlə görüşmək istəsə də, onlara Polis Şöbəsində bunun mümkün olmadı deyilib: "İçəri buraxmadılar. Bizə dedilər ki, görüşə icazə yoxdur, ancaq buraxılacağına söz verdilər. Rasimin bir övladı var. Uşaq çox narahatdır, səhərdən atasını soruşur, əməliyyatdan da yenicə çıxıb".
Rasimin həbs olunmasının şahidi olan şəhər sakini Vüsal Məmmədov deyir ki, onu ayağından və kürəyindən vuraraq maşına mindirdilər: "Polislər bizə yaxınlaşanda qaçdıq, Rasimi isə tutdular. Ayağından, kürəyindən vurub maşına mindirdilər".
Ramin Deko
Qaynar.info




