
ADP sədri: "Bütün bunlar prokurorluğun, məhkəmənin, parlamentin gözləri qarşısında baş verir"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Qaynar.info-ya müsahibəsi
- Sərdar bəy, bələdiyyə seçiklərinə necə hazırlaşırsınız?
- Azərbaycan Demokrat Partiyası hələlik bələdiyyə seçkilərinə hazırlaşmır. Çünki həmin marafona hələ çox var. Öncə bələdiyyələrin statusu ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir. Bununla bağlı müəyyən təşəbbüslərimiz və təkliflərimiz var. Eyni zamanda gələcəkdə də bu istiqamətdə yeni təkliflərimizi irəli sürəcəyik. Hazırda partiyamız cari fəaliyyətlə məşğuldur.
- Əvvəlki dönəmlərlə müqayisədə hazırda "Qarabağ" blokunun fəaliyyəti olduqca zəif görünür. Hətta bir ara sizin İqbal Ağazadəylə yollarınızı ayıracağınız barədə xəbərlər də dolaşırdı. Blokun fəaliyyətinin passiv görünməsi nə ilə bağlıdır?
- Görünür, bununla bağlı informasiya siz jurnalistlərə az-az çatır. Biz hər həftənin çərşənbə günü "Qarabağ" blokunun toplantılarını keçiririk. Bir dəfə ADP-nin, bir dəfə isə Ümid Partiyasının qərargahında. İqbal bəylə görüşlərimizdə siyasi mövqeyimizi ortaya qoyuruq, habelə blokun inkişafı ilə bağlı lazımi məsələləri müzakirə edirik.
- "Qarabağ" blokundakı fəaliyyətinizlə eyni vaxtda Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri ilə də tez-tez bir araya gəlirsiniz. Əli Əliyevlə müzakirələriniz hansı mövzuları əhatə edir?
- Biz uzun illər eyni birliklərdə, bloklarda təmsil olunmuşuq, ünsiyyət qurmuşuq. Son günlər də belə bir ideya gündəmə gəldi ki, əməkdaşlığımızı genişləndirək. Əməkdaşlığa yeni müstəvidə baxaq. Bu mənada müəyyən müzakirələr apardıq. Qərar gəldik ki, əgər VİP rəhbərliyi razılıq verərsə, əməkdaşlığımızı "Qarabağ" bloku çərçivəsində davam etdirək.
- Bir neçə gün bundan əvvəl Rauf Mirqədirov "Vətənə xəyanət" maddəsi ilə həbs edildi. Həmin səbəbdən Leyla Yunusun da ölkədən çıxışına qadağa qoyuldu. Bugünlərdə isə telekanallardan birində erməni musiqisinin yayımlanması da bu proseslərə əlavə çalarlar bəxş etdi. Yəni media, ictimai-siyasi erməni mövzusu daha çox dartışılır. Sizcə, nə baş verir?
- Bildiyiniz kimi, bəziləri qrant layihələrinə uyğun şəkildə internyus, telekörpü həyata keçirirlər. Bunların da arxasında maddi maraqlar prinsipi dayanır. Hesab edirəm, proseslərin arxasında başqa bir şey yoxdur. Virtual aləmin elə bir imkanları var ki, internetə girib istədiyin erməni mahnısına qulaq asa bilirsən. Həmin telekanalın da özünü demokratik kütləvi informasiya vasitəsi kimi göstərmək cəhdi keçməz. Artıq o, özü özünü kifayət qədər ifşa edib, xeyli tamaşaçısını itirib. Mən özüm şəxsən həmin telekanalın heç bir verilişinə baxmıram.
- Son günlər baş verən proseslər məmur özbaşınalığının artdığını, hətta bəzi yüksək vəzifəli şəxslərin, onların ailə üzvlərinin hərəkətlərinin məcradan çıxdığını göstərdi. Məmur harınlaşmasının sonunu necə görürsünüz? Sizcə, bunun qarşısı alınacaq, yoxsa vəziyyət daha da gərginləşəcək?
- İdarəçilikdə "pul fəlsəfəsi" deyilən bir məfhum var. Onun mahiyyəti bundan ibarətdir ki, pul hansı yollarla qazanılırsa, həmin yollarla da xərclənir. Yəni pulun qazanılması ilə xərclənməsi uyğun prinsiplərdir. Bir ölkədə ki sərvət cinayət yoluyla əldə edilirsə, ya cinayət üçün xərclənəcək, ya da mənasız həyat tərzinə. Axı kim halal əmək haqqı ilə bahalı avtomobil, ev, villa ala bilər? Bütün bunlar oğurluq, cinayət yoluyla əldə olunur. Hamımız bilirik ki, dövlət əmlakı necə korrupsiya yolu ilə mənimsənilir, dağıdılır. Vətəndaşların mülkü necə əllərindən alınır. Təbii ki, cinayət yoluyla qazanılmış pul da yalnız cinayətə xərclənə bilər. Bunun başqa yolu yoxdur. Məmur balaları neynəməlidir? Görürlər ki, heç bir əziyyət çəkmədən evlərinə külli miqdarda pul gəlir. Bunu da zəruri ehtiyaclarına xərcləyirlər. Özləri mənəvi cəhətdən həmin pulları qazanmağa hazır olmadıqlarından belə məqsədlər üçün xərcləyirlər. Camaat pul qazanır, faydalı işlərə xərcləyir. Bizimkilər isə oğurluq edib ya qumar oynayır, ya həmin pulu mənasız əyləncələrə sərf edirlər. Çünki həmin pul halal pul deyil ki, bunların ailəsinə, özlərinə ya da cəmiyyətə hansısa fayda versin. O vaxt Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə belə bir kampaniya həyata keçirildi. O, villalarla bağlı narahatlığını ifadə edəndə araşdırma aparıldı. Məlum oldu ki, 3-5 milyon manat qiymətə malikanə hansısa 6 yaşlı uşağın, ya da başqasının adına sənədləşdirilib. Belə villaların bir nəfərə məxsus olması, sadəcə başqa-başqa şəxslərin adlarına sənədləşdirilməsi üzə çıxdı. Hesablama Palatasının bu yaxınlarda açıqladığı sənəddə bildirilir ki, Lənkəranda adi vətəndaş bir gündə 80 müəssisəni qeydiyyatdan keçirib. Guya o, səhiyyə, təhsil nazirliklərinin tenderlərini udub. İki həftə sonra isə onun bütün təşkilatları ləğv edilib. Bunlar hamısı qanunsuzluqdur, prokurorluğun, məhkəmənin, parlamentin gözünün qarşısında açıq-aşkar baş verən cinayətdir. Belə yolla qazanılan pullar ya ictimai nizamın pozulmasına, kiminsə əleyhinə qəsdə, ya da dövlət əleyhinə cinayətlərə xərclənə bilər. Xaricdə də məmurların, iş adamlarının övladları var. Baxın görün onlarla bağlı hansı xəbərlər var? Azərbaycanda isə çox az sayda məmurlar var ki, onların övladları ictimai baxımdan faydalı işlərlə məşğul olurlar. Böyük əksəriyyət cinayətkarlıqla məşğuldur.
- Rusiya-Ukrayna münasibətlərindəki gərginlik rəsmi Moskvanın xarici siyasətini hərbi rels üzərinə çıxardığını ortaya qoydu. Kremlin yaxın gələcəkdəki siyasəti Cənubi Qafqaz regionu üçün nə vəd edir?
- Rusiya indiki halda o qədər də uzağa gedən, deyildiyi kimi, guya imperiyanı bərpa edən ideyaları həyata keçirə bilməz. Görünən budur ki, vaxtilə SSRİ necə dağılmışdısa, indi də Rusiyanın dağılması prosesi gedir. Bütün bunlar isə çox güman ki, həmin ölkənin parçalanmasına gətirib çıxaracaq.
- Hansı proseslər fonunda?
- Fikir verin, Rusiya düz 20 il kiçik çeçen xalqının öhdəsindən gələ bilmir. Rəsmi Moskvaya bəzi ölkələr müəyyən maraqlar naminə dəstək verəndən, çeçenlərin özləri də parçalanandan sonra, nəhayət, Rusiya 20 il sonra Çeçenisitanı zəiflədə bildi. Amma hələ bu gün də Çeçenistanda gərginlik mövcuddur. Rusiya Dağıstanda baş verən hadisələr lazımi qədər nəzarət edə bilmir. İndi isə Ukrayna kimi ölkə ilə qarşı-qarşıyadır. Heç şübhəsiz ki, baş verənlər rəsmi Moskvanın özünün maraqlarına ziddir. Sadəcə, Putin əlində olan son imkanlardan istifadə etməyə çalışır və əlindəki son patronlarını atır. Hazırda bir sıra ölkələr tərəfindən Rusiyaya qarşı açıq-aşkar yeni soyuq müharibə gedir və bunun da əsas səbəbi Putinin həyata keçirdiyi avantürist siyasətlə bağlıdır. Ukraynada da hadisələrin tədricən rəsmi Kiyevin nəzarəti altına keçdiyini görürük.
- Bu proseslərin Azərbaycana sirayət edəcəyi gözləniləndirmi?
- Təəssüf ki, ölkəmizdə bəzi qüvvələr Rusiya faktorunu şişirtməyə çalışırlar. Bu fəaliyyət milli maraqlardan uzaqdır. Çox mürəkkəb geosiyasi durumda yaşayırıq. Əslində, bu proseslərin hamısını proqnozlaşdırırdıq. Vaxtilə Yaxın Şərqdəki proseslərin keçmiş SSRİ məkanında da bir sıra geosiyasi dəyişikliklərə gətirib çıxaracağını deyirdik. İndi sadəcə həmin prosesləri yaşayırıq. Sadəcə, Yaxın Şərqdən fərqli olaraq Qərb və ABŞ demokratiyanın postsovet ölkələrinə yayılmasının və dərinləşməsinin marağında deyillər.
- Azərbaycandakı bəzi rusiyapərəst qüvvələrin fəallaşmasına eyham vurdunuz. MM-in deputatı Qüdrət Həsənquliyevin sərhədlərimizin qorunmasının Rusiyanın qoşunlarına etibar edilməsi ilə bağlı təklifləri, habelə bəzi partiyaların Krımın təcavüzünü dəstəkləmələri dördüncü kolonun fəallaşmasının göstəricisidir.
- Mənə elə gəlir Azərbaycan iqtisadi baxımdan Qərbi inteqrasiya edib və ölkəmizdə hakimiyyətdə olan qüvvələrin də maraqları müstəqilliklə üst-üstə düşür. Azərbaycanın suverenliyi əvvəlki illərlə müqayisədə indi daha çox hakimiyyətdə təmsil olunanların maraqlarına uyğundur. Təbii ki, Rusiyanın müəyyən təzyiqləri var və hakimiyyət həmin pressinqdən qurtulmaq üçün müəyyən addımlar atır. Mən Azərbaycanda "5-ci kolon"un təhlükəsini bir o qədər də görmürəm. Son vaxtlar ruspərəst qüvvələrin, Rusiya vətəndaşlığının verilməsi ilə bağlı bu ölkəni sevənlərin, "İrəli" təşkilatının bu ölkəylə bağlı hərəkətləri onu göstərdi ki, yaranmış situasiyada hərə öz missiyasını yerinə yetirir. Amma bunların tarixin çarxını geri çevirib SSRİ-ni bərpa edəcəkləri ilə bağlı məndə narahatlıq yoxdur. Ancaq çox ciddi sosial və siyasi kataklizmlər baş verə bilər. Lakin bu ölkənin özündə çox dərin böhranlar var. Həmin ölkənin daxili problemlərini arxa plana çevirmək üçün xarici təcavüzə al atmaq Kreml ideoloqlarının ənənəvi üsullarıdır. Əslində, Putinin bu gün atdığı addımlar Hitlerin vaxtilə etdiyi hərəkətlərlə üst-üstə düşür. Səddam Hüseyn də vaxtilə Küveyti işğal etmişdi. Amma bu gün bütün dünya Rusiyaya qarşı olduğundan hesab edirəm ki, supergüclər rəsmi Moskvanın dünya düzənini əvvəlki dönəminə qaytarmağa imkan verməyəcəklər.
Cavid Əlisoy
Qaynar.info