Azərbaycanda 2015/16 futbol mövsümünə rəsmən yekun vurulub. Qaynarinfo.az xəbər verir ki, mövsümün son oyunu Azərbaycan Kubokunun finalı olub.
Həlledici matçda "Qarabağ"la "Neftçi" qarşılaşıb. Bütün çempionatların iştirakçısı olmuş rəqiblərin dueli Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. 90 dəqiqə qolsuz bərabərliklə yekunlaşıb və qalib əlavə vaxtda müəyyənləşib. 30 dəqiqənin tamamında - 120-ci dəqiqədə "Neftçi"nin qapısına yol tapan ispaniyalı Miqel Madera "Qarabağ"ı kubokun qalibi edib.
Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olan "Qarabağ" ötən il olduğu kimi mövsümü "qızıl dubl"la başa vurub. Komandalar ardıcıl 2-ci dəfə finalda qarşılaşıb. Ötən mövsüm Qəbələdə baş tutan görüşdə "Qarabağ" 3:1 hesablı qələbə qazanmışdı. "Qarabağ" "Neftçi" ilə ilk dəfə kubokun finalında 1995/96 mövsümündə üz-üzə gəlib. Həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda "ağ-qaralar" qələbə qazanmışdı - 3:0.
"Neftçi" Azərbaycan Kubokunun rekordçusudur. Belə ki, "ağ-qaralar" indiyədək hamıdan çox - 7 dəfə kuboku başı üzərinə qaldırıb. 4 dəfə həlledici matçda uduzmuş Bakı klubu ardıcıl 5-ci dəfə final oynayıb.
"Qarabağ" isə "Kəpəz"i geridə qoyub. Belə ki, Ağdam klubu bu günədək gəncəlilərlə birlikdə "Neftçi"dən sonra kuboku ən çox qazanan komanda idi. 5-ci dəfə qalib olan "Qarabağ" ölkə kubokunun ən titullu 2-ci klubudur. Ağdam təmsilçisi 3 dəfə finalda uduzub.
"Neftçi"ni məğlub edən Qurban Qurbanov ölkə kubokunu 3-cü dəfə qazanıb.
Qaynarinfo.az