Avropa Liqasında III təsnifat mərhələsinə start verilib. Qaynarinfo.Az xəbər verir ki, Azərbaycanın turnirdə mübarizəni davam etdirən yeganə təmsilçisi “Qəbələ” növbəti matçına çıxıb.
"Qırmızı-qaralar" Fransada "Lill"in qonağı olub. “Pyer Morua” stadionunda keçirilən oyun komandamız üçün uğurlu başlayıb və 13-cü dəqiqədə hesab açılıb. Nika Kvekveskirinin ötürməsini qola çevirən Vitali Vernidub "Qəbələ"ni hesabda önə keçirib. İlk yarıda qol vura bilməyən "Lill"in səyləri 47-ci dəqiqədə nəticə verib. İkinci hissənin ikinci dəqiqəsində fərqlənən Rayan Mendes bərabərliyi təmin edib. Bundan sonra qol vurulmayıb və matç 1:1 hesabı ilə yekunlaşıb.
"Qəbələ" qələbəni əldən versə də, səfərdə uğurlu nəticəyə imza atıb. Təmsilçimiz ev oyununda istənilən hesablı qələbə və qolsuz heç-heçə sayəsində mərhələ adlayacaq.
Qeyd edək ki, "Lill" klubu 1944-cü ildə yaradılıb. 71 yaşlı klub tarixində 3 dəfə Fransa çempionluğunu, 6 dəfə ölkə, 1 dəfə Liqa Kubokunu qazanıb. "Qəbələ"nin rəqibi 2004-cü ildə UEFA İntertoto Kubokuna sahib çıxıb.
Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" xari mövsümdə “Samtredia” (Gürcüstan) və MTK (Macarıstan) klublarını mübarizədən kənarlaşdırıb. "Lill" isə ötən mövsüm Liqa 1-də 5-ci yeri turaraq birbaşa turnirin III təsnifat mərhələsinə vəsiqə qazanıb.