Xəbər lenti

"Rusiyada Ərdoğanı yola verdilər" - Azərbaycanlı politoloq
Siyasət08:40 16.08.2016

"Rusiyada Ərdoğanı yola verdilər" - Azərbaycanlı politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bölgədə baş verən son hadisələr, Türkiyə-Rusiya yaxnlaşması, İranın, Azərbaycanın da ümumi danışıqlara qoşulması bəzi şərhçilərə "Avrasiya İttifaqı reallaşır" deyə proqnoz verməyə əsas verib. Qaynarinfo.Az bu və bununla bağlı politoloq Qabil Hüseynliyə müraciət edib.

- Bölgədə baş verən son prosesləri necə şərh etmək olar? Rusiya Avrasiya İttifaqını reallaşdırmağa nə dərəcədə yaxındır?


- Avrasiya İttifaqı abstrakt bir ideyadır. Bu ideyanın gələcəyi yoxdur. Hər hansı birlik o ölkənin ətrafında yarana bilər ki, onun iqtisadiyyatı yüksələn durumda olsun. Rusiyanın isə iqtisadiyyatı qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində o qədər də yaxşı durumda deyil. Hətta mən deyərdim ki, pis vəziyyətdədir və pisləşməkdə davam edir. Ölkələr də o birliyə meylli olurlar ki, orda texnologiya var, inkişaf var, rifah halı var və sairə. Hazırda Rusiyanın ətrafında olan dövlətlərin çoxu sovet boyunduruğundan çıxdıqlarına görə yenidən onun təsirinə düşüblər. Formal bir şey ola bilər, necə ki, MDB yarandı, işlək orqana çevrilə bilmədi, Avrasiya ideyası da bax, bu şəkildə qalacaq.

- Türkiyə - Rusiya münasibətlərinin presperktivi varmı?

- Prespektiv var, amma hələ ortada konkret iş yoxdur. Ərdoğan Rusiyaya səfər etdi, amma məncə, əliboş qayıtdı. Çünki ticarət əlaqələrinin canlandırılmasına hələ start verilməyib. Turist axını da qaydasına düşə bilmədi. Çünki ruslar Türkiyəyə səfər etməkdən qorxurlar. Həm də rusların maddi durumu yaxşı deyil. Türk inşaat şirkətlərinin bölgəyə getməsi məsələsində də müəyyən manelər var. Tikinti materialları bazarını rus şirkətləri tutub, onlar necə olacaq? Ərdoğanı bəhanələrlə, hiyləgərcəsinə yola verdilər. Rusiya-Türkiyə münasibətləri qarşılıqlı ticarət dövriyyəsi artmadıqca, necə deyərlər, relsə oturmayacaq.

- Belə olan halda bu münasibətlər uzunmüddətli ola biləcəkmi?

- Məncə, uzunmüddətli ola bilər. Türkiyə bir dəfə səhvə yol verdi, ondan da böyük əziyyət çəkdi. Türkiyə Rusiya ilə münasibətlərdən böyük mənfəət götürə bilər. Rusiyanın da bu münasibətlərə ehtiyacı var. Ona görə də yəqin ki, bu münasibətlər uzun çəkəcək. Azərbaycan da bölgədə sülhü istəyən bir dövlət kimi Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasında səy göstərir. Amma bu yaxınlaşmadan eyforiyaya qapılıb "Rusiya Avrasiya ittifaqını yaradır" deyə düşünmək yanlışdır.

Qızılgül

Qaynarinfo.Az