
Bunu Qaynar.info-ya Milli Məclisin deputatı Zahid Oruc Ermənistan prezidenti Serj Sərkisyanın Rusiyaya səfərinə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, Sərkisyanın əsas olaraq xarici siyasətə dair oriyentasiyası elə Moskva ilə İrəvan arasında periferiyada hərəkət və ona əsas mərkəzdən göndərilən tapşırıqların icrası olub: “Məhz ona görə də seçkilərə 7 ay qalmış əsas namizədləri tam neytrallaşdırmaq, sonrakı tədbirlər zamanı da birbaşa Kremlin xeyir-duası ilə 2,5 milyon seçicinin iradəsini kənara qoyaraq Putinin qərarını keçirməyə səbəb ola bildi. Bu səfər də növbəti dövrün planını, tapşırıqlarını qəbul etmək, ayrı-ayrı regional miqyasda indiyə qədər baş verənləri hesabat halında Kremlə təqdim etməsinə, o cümlədən, yəqin ki, hər hansı bir təfriqənin, qeyri-sabitlik planlarının icrasına da xeyir-duasını almasına sərf ediləcək. Düşünmürəm ki, məsələn, Rusiya tərəfindən “Xocalı” Hava Limanının işə düşməsi ilə bağlı münasibət bildirilsin. Həmçinin onu da gözləmirəm ki, belə əlaqələr fonunda məhz Ermənistanın üzərindən Azərbaycanı sıxışdırmaq, təzyiq altında saxlamaq niyyətləri gerçəkləşdirilsin. Bəli, sərhəd məkanı, işğalın davam etməsi, Qarabağ danışıqlarındakı mövqe tarixən onsuz da bizim ziyanımıza işləyirdi”.
Millət vəkili əlavə edib ki, bu görüşlərdə əsasən qərbin bölgədəki fəaliyyəti, o cümlədən Gürcüstan üzərində işləri müzakirə ediləcək: “Danışıqlar zamanı Ermənistanın vəzifələrini ona xatırlatmağa çalışacaqlar. Yəni cənub cinahından Rusiyanın əleyhinə formalaşdırıla biləcək hər hansı formatlara, bloklara qarşı çıxmaq üçün tapşırıqları almaq üçün gedir”.
Z.Oruc qeyd edib ki, ötən dövr ərzində Sərksiyan Rusiyanın bölgə planlarına kifayət qədər uyarlı ola bilib: “Məhz ona görə də Ermənistanın gələcək 5 illik dövrünü də onun rəhbərliyi altına keçirmək tərəddüdü olmayacaq. Faktiki olaraq Sərkisyan Azərbaycan xalqının intiqamını öz xalqından aldı. Bu dövr ərzində sosial-iqtisadi zəmində erməni vətəndaşları öz gələcəyini görmədi, beynəlxalq diapora insititutları parçalandı. Ermənistanda parlamentin gülləbəran edilməsindən sonra inanmıram ki, ona qarşı kimsə çıxa bilsin. Mən istəmirəm, orada baş verən nümunələri cəmiyyətimizə təqdim edim. Açıq demək lazımdır ki, orada da müxtəlif aksiyalar dövründə müəyyən qüvvələr meydanlara çıxırdı. Amma həmin müxalif qüvvələrin, sanki, müəyyən qanuni tələblərləri ödəməsi, hətta prezidentliyin şərti qalibi kimi elan olunan Raffi Ovannisyanın öz tərəfdarlarına “bu tədbir icazəli deyil. Evlərinizə dağılışın” deyə yanaşmasını bir çoxları özünə nümunə götürməlidir. Deyim ki, daxildə onun prezidentliyi üçün heç bir təhlükə yoxdur. Ona rəqib olan Levon Ter Petrosyan idi, onu da tamamilə neytrallaşdılar”.
Qeyd edək ki, sabah Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya rəsmi səfərə gedəcək. Sarkisyan Moskvada həmkarı Vladimir Putin tərəfindən qəbul olunacaq. Tərəflər Avroasiya İttifaqı, Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı məsələləri, Xocalı hava limanının açılması mövzusunu və ikitərəfli əlaqələri müzakirə edəcəklər.
İlkin
Qaynar.info