Əzizim Sevda, salam! Gözəl yaz səhərlərinin birində bülbüllərin cəh-cəh sədasında, yaşıl xalı kimi döşənmiş çəmənin, gül-çiçəklərin ətri rahiyəsini duya-duya səni bağrıma basaraq təbrik edirəm. Bu şad günündə yanında olmasam da, səmimi duyğularımı sənə ünvanlayıram. Sevdacan, biz Bakı Dövlət Universitetinin məzunuyuq. Tələbəlik illərimi xatirələrimdə haraylayanda duyğularım daha da kövrəkləşir. Elə kövrək xatirələrlə baş-başa qalıram. Tələbə yataqxanasında bizə qonaq gəldiyin gün, mehriban baxışın, səmimi söhbətlərin birər-birər yadıma düşür. İllər ömrümüzü rəngbərəng xalı kimi naxışlayaraq tələbə həyatı ilə vidalaşdıq. Zaman-zaman xoş duyğularla səni anırdım. O zaman sərbəst mühakimələrin, düşüncə tərzin gələcəyin tanınan qələm sahibindən soraq verirdi.
Uca Yaradanın nemətindən bizlərə nəsib olmuş müqəddəs qələmi təmiz xislətlə, pak duyğularla işlətməklə onlarca insanın sevincinə, kədərinə şərik oluruq. Duyğularımı tamamlayan qələm əhli kimi səni həmişə sevmiş, yaradıcılığınla öyünmüşəm. Sevdacan, sənin qələmin şəxsiyyətini, kimliyini bir daha bəyan edir. Deyirlər, hər qüdrətli kişinin arxasında bir ağıllı qadın dayanır. Sən həm qüdrətli, həm ağıllı, həm də dəyanətli əsl Azərbaycan qadınısan. Sən hər cür əzab-əziyyətə qatlaşaraq, ömrünü fəda edərək, sözə ilham verərək rəhmətlik eloğlumuz Şəkər Aslandan qalan “Söz”ü yaşadırsan. Deyərdim ki, “Söz” cilvələnə-cilvələnə nazlanan, könülləri oxşayan su sonası kimidir. “Söz”ün hər səhifəsində, hər kəlməsində qəlbinin sədası duyulur, məhəbbətin anılır. Aşiq məşuquna necə sevdalıdırsa, sən də inci mirvari tək sətirlərini, kəlamlarını sevdalanmış halda yazıb yaradırsan. Ona görə də bu jurnal qəlblərdə xoş ovqat oyadır, insanın iç dünyasını rövnəqləndirir. Bacım mənim, səni tez-tez görməsəm də, könüldən-könülə yollar görünür. Telefon danışıqlarında belə gözlərinin işartısından şölələnən qəlbinin sədasını duyuram. Təsəllimi isə nəsildən-nəsilə ötürülən əmanətlərin – kitablarında, “Söz” də gedən şəkillərindən tapıram. Zahirən nə qədər dəyişilmisən, səhhətindəki nasazlıq səni üzsə də, mərdi-mərdanə, dəyanətinlə şirin canını qətrə-qətrə “Söz” ün yolunda əridirsən. Yuxusuz gecələrinlə, narahat günlərinlə ömrün naxışlana-naxışlana mərhum Şəkər Aslanın yadigarına ehva verir, ömrünü uzadırsan. Deyərdim ki, bu günün onlarca “başıpapaqlı” kişilərinə örnəksən, bacım.
Əzizim Sevda! Yaradıcılığından su içmiş, ərsəyə gəlmiş kitabların sənə olan məhəbbəti daha da artırır, hörmət, izzət qazandırır. Emossional qəlbin aludəçisi kimi, qəlbindən süzülüb mirvarı kimi ipə-sapa düzülmüş sətirlərin oxucu qəlbinə məlhəm, sirdaş olur. Yana-yana, duya-duya işlətidiyin qələminlə qəlblərdə məhəbbət məbədi yaradırsan.
Allahın qulu, ibadət əhli kimi həyatımda heç zaman kiminsə yaşam tərzinə, var dövlətinə həsəd çəkməmiş, “Kaş mənim də olaydı” deməmiş, axirətimə lazım olanı düşünmüşəm. İnan ki, insan ürəyi yandığı zaman sərin suya təşnə, ləzzətli yeməyə iştaha ilə girişdiyi kimi kitablarını oxuyarkən içimdə “Maşallah yazıb ha, kaş mənə də belə şəxsiyyətlərdən bu cür yazmaq nəsib olaydı” deyə düşünmüşəm. Sənin kitablarının Nazim Hikmətin təbrincə desək “Deyilməmiş sözə” ehtiyacı var.
İlk kitabın olan “Xəzərin general oğlu”nda mənim həmyerlim, ağır illərin Daxili İşlər naziri, general-mayor Aydın Məmmədova sözdən elə abidə ucaltmısan, adam kitabı oxuyub qurtaranda qəhrəmanından ayrılmağına təəssüflənir. Respublikamızın ilk və yeganə poliqrafçı alimi olan Şəddat Cəfərova həsr olunmuş kitabın da beləcə. Qəhrəmanının bütün yaşantılarını, ağrı-acılarını, peşəkar və xeyirxahlığını xarakterinə xas olan səmimiyyətlə qələmə almısan.Teatr fədaisi İmamverdi Bağırov, şərqşünas alim Malik Qarazadənin də həyat və yaradıcılıq yollarını səmimi hisslərlə əbədiləşdirmisən. Yol təəssüratların da yaddaqalandır. Hekayələrin də yumorlu, duzludur. “Brilyant üzük əvəzinə bir cüt qaşqaldaq” hekayənin həcmi az olsa da, məzmunca, mənaca o qədər maraqlıdır ki, adamın içindən şaqqanaq çəkib gülməyi gəlir. Düzü, anamla bağlı ruhum pərişan olsa da, hekayəni oxuyandan sonra ürəkdən xeyli güldüm. Yaxşı ki, evdə tək idim... “Qasım kişinin arvadı”, “Özündənbəy eşitmisənmi” və s. hekayələrin də eləcə.
Tehran, Məşhəd, Təbriz təəssüratların məni bir anlıq da olsa, xəyalən sözlə təsvirə gəlməyən o füsunkar, müqəddəs məkanlara qaytardı. AzərTac-ın İranda ilk qaranquşu olan mərhum Üzeyir Kərimovla bağlı vida sözündən isə doluxsundum. Axı biz bir müddət “Astara” qəzetində bir yerdə çalışmıdıq. Ruhu şad olmuşun təbiəti sadə olduğundan heç zaman özünü dartmaz, bizimlə birgə yeməyə oturar, şirin zarafatlar edərdi.
Sevdacan, “Kənddə qalan vağzalı” hekayəni oxuyarkən bədbin yox, kövrək notlara kökləndim. Əsərin qəhrəmanı, mənim adaşım Gülnarın taleyinə heç də acımadım, öz taleyim kimi. Ulu Tanrı öz qullarına bir ömür bəxş edir. Bu ömrü ağlımızla, idrakımızla, təfəkkürümüzlə yaşasaq da, qismətdən qaça bilmirik. Axı Tanrı yazan pozulmaz...
Övladları ilə həmişə öyünən, qürur duyan “Qızım, gələcəkdə kitab da yazacaqsan” bir zaman söyləmiş atam haqq dünyasına vağzalı sədaları ilə qovuşub. Ömründə bircə dəfə xəstələnməyən, yatağa düşməyən rəhmətlik atam qardaşımın maşın qəzasından sonra sarsıntı keçirdi və yatağa düşdü. Həmin ərəfədə bacım gəlin köçəcəkdi. Atam qızı ilə görüşüb, halallaşandan sonra “Vağzalını uzun çaldırın, onu bir daha eşitməyəcəyəm” deyə söyləyərkən ətrafına yığışmış əzizlərinin hamısı kövrəldi. Atamın son arzusu həyata keçirildi. Musiqi çalınarkən atamın gözləri işım-işım işıldasa da, qəlbinin qan ağladığını duyurdum. Ona görə yox ki, ölümdən qorxurdu. Həmişə deyərdi ki, “Mən gecikmişəm, çoxdan getməli idim” halbuki yetmişi adlamadı. Rəhmətlik atam qızlarının mürüvvətindən binəsib olacağından qəlbində sanki ağır bir daş asılmışdı. Bacım için-için ağlayaraq uzun-uzadı çalınan “Vağzalı” sədası altında gəlin köçdü. Üstündən yarım saat keçməmiş atam dünyasını dəyişdi. O məşum gündən “Vağzalı” qəlbimdə niskinləndi, tonqal kimi qalandı. Tonqalın təbiəti isti olduğundan nə zaman “Vağzalı” sədasını eşidirəm, onda ruhum odlanır, atamı anır, atalı xoşbəxt günlərimə qayıdıram. Bəli, “Kənddə qalan “Vağzalı” hekayən ruhumda əbədiləşən niskilli vağzalını yaşatdı mənə.
Əzizim Sevda! Sevimli “Söz”də vaxtaşarı akademiklərdən, professorlardan, alimlərdən, söz ustalarından bəhs edən bir-birindən maraqlı, zövq oxşayan yazıların günümüzlə səsləşir, olduqca tərbiyəvi əhəmiyyət daşıyır. “Söz” respublikada çıxan bütün jurnallardan rəngarəng mövzuları ilə, aktuallığı ilə seçilir. Məhz ona görə də oxucular tərəfindən sevilə-sevilə oxunur. Etiraf edim ki, “Söz”də məşhur professor, dünya şöhrətli uroloq, akademik Südeyif İmamverdiyevdən dəfələrlə yazmağın mənə olduqca xoş təsir bağışlayır. Axı akademik ulu soy kökümüzün yəni Əsəd və İmamverdi qardaşlarının layiqli xələflərindəndir. Professorun xoş simasının , asta yerişinin, aram-aram, təmkinlə danışığının, xəfif gülüşünün vurğunuyam. Vurğunuyam ona görə ki, bütün bunlar mərhum atamı mənə xatırladır. Hər dəfə ondan yazmaq istəsəm də, bu xoş səadət nəsibim olmayıb. Nə yaxşı ki, sən varsan, akademikdən, mehriban ailəsindən, xanım-xatın ömür-gün yoldaşı Sevda xanım Nəsrullayevadan maraqlı yazılar yazırsan. Ulu kökümüzə işıq tutduğun üçün sənə minnətdaram.
Əzizim Sevda! Yorğunluqla, ən başlıcası sağlamlığına xələl gətirməklə mərhum Şəkər Aslanın xatirəsini əziz tutaraq “Söz” ü yaşatmağın əvvəl-axır Allah-təala tərəfindən mükafatlandırılacaq. Xoş əməlinə görə ucadan uca mərhəmətli Allahdan savabını, əcrini alacaqsan. Mən də, Allahın qulu kimi gərgin zəhmətinin müqabilində bu sətirləri dəfələrlə yazmaq eşqində olmuşam. Amma mənim təvazökar bacım, həmişəki kimi bu dəfə də imtina etsən, yəqin ki, başqa qəzet-jurnallara vermiş olaram. Çox istərdim coşqun məhəbbətlə qələmə aldıqlarım məhz baş redaktoru olduğun “Söz”də işıqlandırılsın.
“Söz” dünyanın nəxşidir deyib sələflərimiz, qoy dünyanı bəzəyən sözün söhbətin həmişə axarlı-baxarlı, incə qəlbin nurlu, qələmin kəsərli olsun. Bir gün madar oğlun Toğrulun da toy-büsatı qurulsun. Bu düşündüklərim isə yubileyinə ərmağan olsun.
Səmimi duyğularla səni sevən qələm dostun Gulnar Əsədli