
Futbolçu Ramil Şeydayev AFFA-ya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirib.
Qaynarinfo.az xəbər verir ki, Şeydayevin Azərbaycan milli komandasında çıxış etməsinin hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AFFA FIFA-nın müvafiq komitəsinə müraciət ünvanlayıb. FIFA-nın məsələ ilə bağlı qərarı barədə ictimaiyyətə AFFA tərəfindən daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Ramil Şeydayev 1996-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Onun atası Teymur azərbaycanlı, anası isə rusdur. O əvvəllər Rusiyanın "Zenit", "Rubin" klublarının, eləcə də bu ölkənin 17, 19 və 21 yaşadək millilərinin şərəfini qoruyub. Hücumçu olan Şeydayev U-21-də Azərbaycan millisinə qarşı da oynayıb.
Onun "Zenit"dən ayrılma səbəbi əsas komandada oyuna çıxarılmamasıdır. Ramil Şeydayevin meneceri Sergey Kuşovun sözlərinə inansaq, "Trabzonspor"un seçilməsində əsas amil dil faktoru olub. 3+1 il şərti ilə bağlanan müqavilə müddətində Ramil Trabzon klubundan 1,6 milyon avro alacaq. Artıq o, yeni komandasının Slovakiyadakı təlim-məşq toplanışına da qatılıb.
Qaynarinfo.az