Xəbər lenti

"Türkiyə çox risqli bir hədəf götürüb" - Müsahibə
Siyasət10:58 29.08.2016

"Türkiyə çox risqli bir hədəf götürüb" - Müsahibə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Politoloq Qabil Hüseynli son vaxtlar bölgədə baş verən proseslərlə bağlı Qaynarinfo.Az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Qabil bəy, Türkiyənin Suriya ilə bağlı hədəfi nədir və bu hədəflər çata biləcəkmi?

- Türkiyə çox risqli bir hədəf götürüb. Hədəfdə həm PKK-nın uzantılsı olan JPG,  yəni Suriya kürdlərinin peşmərgə dəstələri var, həm də əlbəttə İŞİD-in Türkiyəyə  yaxın olan hissələrdəki dəstələrinin darmadağın edilməsi durur. Celabrus rayonunda həm İŞİD-in, həm kürdlərin peşmərgə dəstələri var idi.  Bu rayon 34 kəndi ilə birlikdə artıq Türkiyənin nəzarəti altındadır. İndi Celabrusdan istiqamət  İŞİD-in dırnaqarası paytaxtı hesab olunan Rakka şəhəridir.  Bu istiqamətdə Türkiyə qoşunları Suriya azadlıq ordusu və türkmənlərlə birlikdə irəliləməlidir. Amma bu günlərdə JPG provakasiyaya əl atdı, Türkliyənin iki tankını vurdu və eyni zamanda onlara Amerikanın əmr etməsinə baxmayaraq, Fərat çayının sağ sahilinə çəkilməməkdə israr edir. Belə olan tərzdə Türkiyə artıq iki dəfə həmin JPG-çilərin yerləşdiyi bir sıra kəndləri bombardman edib. Onlar xeyli itki verib, yavaş-yavaş Fərat çayının sağ sahilinə çəkilməkdədirlər. Çünki Fərat çayının sol sahilində olan kəndlərin hamısı türkmənlərin yaşadığı kəndlərdir və  bunlar  geriyə qaytarılmalıdır. Türkiyə burada tampon bölgə yaratmaq istəyir. Bu, əlbəttə çox irimiqyaslı müharibədir. Xüsusilə İŞİD-lə aparılacaq müharibə çox irimiqyaslı olacaq. Düzdür, NATO aviasiyası havadan türk ordusuna dəstək verir, amma İran və Rusiya quru qoşunları ilə kömək edəcəkləri barədə vədlərinə hələ ki, əməl etmirlər. Ona görə də Türkiyənin bu bölgədəki  hərbi əməliyyatlarla bağlı vəziyyəti ağırlaşır. Türkiyə buraya ölkənin başqa bölgələrindən  yeni qoşun növləri, xüsusilə də raket və hava hücumundan müdafiə qoşunları cəlb etməlidir, qoşunlarının sayını artırmalıdır, yeni tank qoşunları gətirməlidir-bir sözlə, irimiqyaslı müharibəyə hazır olmalıdır. Çünki həm İŞİD-lə mübarizə, həm ola bilsin ki, Suriya kürdləri ilə mübarizə, həm də ortaya fitnəkarlar çıxa bilər, onlarla mübarizə Türkiyəyə çətin anlar yaşada bilər.

- Rusiya Türkiyənin Suriyadakı əməliyyatlarına hara qədər seyrçi qalacaq?

-   Rusiya Türkiyə ilə danışıb-razılaşıb. Rusiyaya vacib olan odur ki, Türkiyə Bəşər Əsədə toxunmur və ölkənin də ərazi bütövlüyünün təminatçısı kimi çıxış edir.  Suriyanın ərazisinin federallaşmasını əsas təklif edən kürdlərdir və bütün Suriyanı özündə birləşdirmək xəyalı ilə yaşayan İŞİD-dir. İŞİD-in demək olar ki, canı alınmaq üzrədir, Mosul və Rakka şəhərindən başqa elə bir ərazilərə nəzarət edə bilmir. İndiyə qədər 46 mindən çox  döyüşçü itirib. Az qoşunu qalıb ki, onu da əgər tərəflər ciddi iradə nümayiş etdirib, birgə hərəkət etsələr, tezliklə məhv etmək mümkün olacaq. Bir də bölgədə kürdlərin qabaran iştahasını yerində oturtmaq məsələsi var. Onların böyük bir ərazidə kürd dövləti yaratmaq iddiasından çəkindirmək lazım idi, görünür Türkiyə bunu da edə biləcək. Suriyanın federallaşmasına Türkiyə icazə verməyəcək. Bəşər Əsəd özünü narazı kimi göstərsə də, Türkiyənin bu günkü addımları həm Rusiyanın, həm Amerikanın həm İranın, həm də Suriyalıların mənafeyinə uyğundur. Artıq Suriya düyünü sanki çözülmək üzrədir. Milyonlarla qaçqının yer-yurduna qaytarılması, keçid dövrünün başlanması kifayət qədər real görünür.

-  Azərbaycan Türkiyənin bölgədə artan nüfuzundan və Rusiya ilə münasibətlərinin yaxşlaşmasından istifadə edib, Qarabağ məsələsində hansısa irəliləyişə nail ola bilərmi?

-  Qarabağ məsələsi getdikçə mürəkkəbləşir. Məsələyə mürəkkəbləşmə fonunu da verən Rusiya və əlbəttə ki, Ermənistandır. Son günlər Amerikanın, Qərbin Qarabağ münaqişəsinə yanaşmasında çox müsbət hal müşahidə olundu: onlar Azərbaycan ərazilərindən erməni qoşunlarının çıxarılmasını və Azərbaycanın unitar dövlət quruluşunun qorunmasını tələb etdilər. Bu yaxınlarda Varşava sammitində Avropa və Qərb post sovet məkanındakı bütün münaqişlərin Helsinki yekun aktının ərazi bütövlüyü prinsipinə uyğun olaraq tənzimlənməsini irəli sürdülər. Bu, Azərbaycan  üçün çox vacib bir tezisdir. Çünki indiyə qədər  ərazi bütövlüyü  prinsipi ilə millətlərin müqəddaratını təyin etmə prinsipinini guya uzlaşdırmağa çalşırdılar. Bu dəfə birmənalı olaraq dedilər ki, post sovet məkanındakı bütün münaqişələri Rusiya yaradıb, süni surətdə yaranıb, süni surətdə də dondurulub. Onları həll etmək üçün Helsinki Yekun Aktının ərazi bütövlüyü, sərhədlərin pozulmaması məsələsi öndə durmalıdır. Bu prinsiplərə uyğun hərəkət edilsə, bir nəticə əldə oluna bilər. Di gəl ki, Ermənistan Dağlıq Qarabağın statusunu əldə etməyə çalışır. Bu, Qarabağ məsələsi ilə bağlı danışıqlar yolunda bir əngəl kimi qalmaqda davam edir.

Qızılgül

Qaynarinfo.Az