Xəbər lenti

"Türkiyə Suriyada geniş miqyaslı əməliyyatlar aparmayacaq" -Müsahibə
Siyasət11:24 25.08.2016

"Türkiyə Suriyada geniş miqyaslı əməliyyatlar aparmayacaq" -Müsahibə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclu Qaynarinfo.Az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Ərəstun bəy, necə düşünürsünüz Türkiyə Suriyadakı əməliyyatlarda ciddi uğur qazana biləcəkmi?

- Məncə, bu çox da geniş miqyaslı bir əməliyyat olmayacaq. Türkiyənin qarşısında konkret vəzifələr dayanır: öz sərhəddini təhklükəsizləşdirmək. Görünür bu məqsədlə də müəyyən strateji əhəmiyyətli nöqtələri, xüsusilə də Türkiyə sərhəddinə yaxın bölgələrdə, nəzarətə götürmək istəyir. Burda məqsəd Suriya ərazisinə nüfuz eləmək deyil. Söhbət bütün Suriya ərazisindəki terrorçu dəstələri zərəsizləşdirməkdən deyil, Türkiyəyə lazım olan strateji əhəmiyyətli nöqtələri İŞİD-dən təmizləməkdən gedir. Türkiyə onları neytrallaşdırmaqla öz ərazisinin təhlükəsizliyini təmin etmək məqsədi güdür.

- Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Rusiyadan üzr istəmək kimi şərh olunan məktubu yazanda “turizm sahəsindəki gəlirə görə buna dəyməzdi” deyə Türkiyə prezidentini tənqid edənlər olmuşdu. Amma belə görünür ki, Türkiyə Rusiyadan daha əhəmiyyətli güzəştlər qopara bilib. Məsələn, Rusiya Türkiyənin Suriyaya ordu yeritməsinə seyrçi qaldı...

- Düşünmürəm ki, Rusiya Suriyada söz sahibidir və Türkiyəyə icazə verəcək qədər güclüdür. Rusiyanın özünü Suriyadan qovdular, çıxdı getdi.  Nəzərə alaq ki, Türkiyə Suriyaya antiterror koalisiyası dəstələrinin havadan dəstəyi ilə daxil olub. Sadəcə olaraq ola bilər ki, Türkiyə Rusiyanı fakt qarşısında qoyub, Rusiya bu günkü münasibətlərin müsbət inkişafını nəzərə alaraq susub.

- Suriyada vəziyyət sabitləşməyənə qədər Türkiyə sərhədləri təhdid altında olacağı deyilir. Ümumiyyətlə, Suriyada vəziyyət nə vaxt sabitləşə bilər?

- Bu, çox çətin sualdır. Suriyada bu gün düzən elə pozulub ki, orda hansısa bir gücün, bir qüvvənin vəziyyəti tənzimləyəcəyini təsəvvür eləmirəm. Koalisiyon hökumət qurulması nəzəri cəhətdən mümkündür, burda da Əsəd hökumətinin iştirakı məsələsi mübahisə doğurur. Yəni Suriya prosesi hələ çox çəkəcək. Belə görünür ki, yaxın zamanlarda onun çözülməsi gözlənilmir. Suriyada vəziyyət yalnız İraq ssenarisi üzrə normallaşdırıla bilər. Məsələn, ABŞ-dakı  prezident seçkilərindən sonra qərar verilə bilər ki, Suriyaya NATO qüvvələri yeridilir və ölkə bütövlükdə nəzarətə götürülür. Yalnız bu halda mümkündür. Belə olmadığı təqdirdə heç bir danışıq, heç bir lokal döyüşlər-filanlar məsələni çözməyəcək.   

- Son zamanlar Türkiyə Rusiya münasibətlərində bir istilik yaranıb. Sizcə bu uzun müddətli olacaq, yoxsa yenidən gərginlik yaranacaq?

- Fikrimcə bu, uzun çəkməyəcək. Türkiyə ciddi seçim qarşısında qoyulacaq. Ya Rusiya ilə tərəfdaşlıq, ya NATO ilə. Türkiyə də məcbur olacaq ikincini seçsin. İstəyir Ərdoğan olsun hakimiyyətdə, istəyir başqa birisi. Çünki Türkiyənin qərbə, NATO-ya strateji bağlılığı var.

- Türkiyə höküməti Fətullah Güləninin ABş-dan ekstradisiyasın tələb edir. Bu mümkün ola bilərmi? 

- Fətullah Gülənin Türkiyəyə ekstradisiyası olacağını düşünmürəm. Bu, olmayacaq.

Qızılgül
Qaynarinfo.Az