Xəbər lenti

"Türkiyə və Ərdoğan bunun bədəlini ödəyəcək" - Ekspert
Siyasət08:11 06.07.2016

"Türkiyə və Ərdoğan bunun bədəlini ödəyəcək" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İqtisadi və turizm məsələlərinə görə Rusiyanın qarşısında bu şəkildə diz çökmək yanlış addımdır. İrəlidə Türkiyə və Rəcəb Tayyib Ərdoğan bunun bədəlini ödəyəcək". Bu sözləri Qaynarinfo.az-a açıqlamasında REAL İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı deyib.
Politoloq Türkiyənin Rusiya ilə münasibətləri normallaşdırmaq üçün bütün riskləri gözə alıb etdiyi güzəştlərə qarşılıq Kremlin hansı addımları atacağına münasibət bildirib.
Azər Qasımlı deyib ki, Türkiyənin bu addımları atmasının mahiyətini dəqiq söyləmək çətindir: "Türkiyə NATO-nun üzvüdür və əsas açar ölkə hesab olunur. Yaxın Şərq və Qafqazda NATO-nun ən önəmli tərəfdaşıdır. İncirlik hərbi bazası burda yerləşir. NATO bu bazadan lazımi vaxtda və mütəmadi istifadə edir. NATO-nun üzvü olan bir ölkənin Rusiyaya öz ərazisindən hərbi nöqteyi-nəzərdən və İncirlikdən istifadə etmək üçün təklifi absurddur. 10 il bundan əvvəl səslənsəydi ki, nə vaxtsa Türkiyə belə bir təklif edər, hər kəs buna şok olardı və inanmazdı. Amma bu günün reallığı ondan ibarətdir ki, NATO-nun üzvü olan bir ölkə Rusiyaya öz ərazisindən istifadə etməyi təklif edir.
Azər Qasımlı
Əsas məsələ baş verənlərin mahiyətini anlamaqdır. Mən düşünürəm ki, məsələnin əsl mahiyyəti Ərdoğan iqtidarındadır. Ərdoğanın Türkiyəni tam qapalı bir ölkəyə çevirmək, özünü monopolistik siyasi lider kimi aparmaq və hakimiyyəti əbədi etmək istəyindədir. Əsas problem bundan ibarətdir. Avtoritar liderlərin də dostları avtoritar olmalıdır. Ona görə də Putinin rəhbərliyi altında olan Rusiya ilə dostluqda maraqlıdır. Bu jest Putinə görədir. Bu gün də Ərdoğan ondan dəstək istəyir". 
Politoloqun sözlərinə görə, Qərblə Türkiyə arasında münasibətlər çox pisləşib: "İlk növbədə ABŞ, Almaniya, Fransa və ümumuiyyətlə Avropa Birliyi arasında münasibətlər gərgindir. Buna görə də sıxılmış bir vəziyyətdə qalan Ərdoğan Rusiyadan dəstək gözləyir". 
Azər Qasımlının fikrincə, bu təkliflər Türkiyə tərəfindən oynanılan ikili oyun da ola bilər: "Çünki Suriyada Əsəd rejminə Rusiyanın təsiri çox böyükdür. Türkiyə də bunu çox gözəl anlayır. Türkiyə öz ərazisindən Rusiyaya ona görə istifadə etməyi təklif edir ki, İŞİD-i vursunlar. Hərbi bazasını Rusiyanın istifadəsinə verməklə Kremli müəyyən mənada nəzarətdə saxlamış olacaq. Belə bir fikir də ola bilər. Amma bütün hallarda bu yanlış bir addımdır. Elə bil Rusiya ilə anlaşacaqlar ki, ruslar türkmənlər yaşayan əraziləri bombalamasın, təkcə İŞİD-i vursun. Bu da inandırıcı deyil. İqtisadi və turizm məsələlərinı görə Rusiyanın qarşısında diz çökmək yanlış addımdır. İrəlidə Türkiyə və Ərdoğan bunun bədəlini ödəyəcək".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az