
Xarici ticarət dövriyyəmizdə 3-cü aydır ki, dalbadal mənfi saldo qeydə alınır.
Qaynarinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib.
Samir Əliyev qeyd edib ki, Dövlət Gömrük Komitəsinin məlumatında, 2016-cı ilin 5 ayı ərzində xarici ticarət dövriyyəsində -281,5 milyon USD məbləğində mənfi saldo yaranıb:"Yanvar-may ayında ixracın həcmi 3 milyard 50 milyon USD, idxalın həcmi isə 3 milyard 331,4 milyon USD olub. Nəticədə idxal ixracı üstələyib".
Ekspert bildirib ki, diqqəti cəlb edən digər məsələ mənfi saldonun getdikcə artmasıdır:"Belə ki, I rübdə mənfi saldo 45 milyon USD olduğu halda, sonrakı aylarda artaraq yanvar - aprel aylarında 144,4 milyon USD, yanvar-may aylarında 281,5 milyon USD olub.Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın azalması təkcə neft yox, həmçinin qeyri-neft məhsulları hesabına olub. Çay ixracı 3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 11 dəfə, şəkər 4 dəfə, kimya sənayesi məhsulları 3 dəfə azalıb.Bəzi məhsulların ixracında isə artım olub. Meyvə-tərəvəz 58%, pambıq ipliyi 83%, qara metallar və onlardan hazırlanan məmulatlar 4 dəfə artıb.İdxalda ət, süd, kərə yağı, meyvə tərəvəz, şəkər idxalı artıb".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az