
Azər Ayxan: "Özlərini demokratiya Allahı sayan partiya sədrləri, funksionerləri niyə adi bir telefon zəngini bizə çox görürlər?"
"Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxan "Facebook" səhifəsində AXCP və Müsavat partiyalarını "Yeni Müsavat" qəzetinə dəstək göstərməməkdə günahlandırıb.
Qaynar.info-nun məlumatına görə, A.Ayxan "Facebook"da yazıb: "Üç gündür "Yeni Müsavat" qəzeti və şəxsən özüm ağır mənəvi-psixoloji terrora məruz qalırıq. Özünü Elmar Vəliyevin adamları kimi təqdim edən bir neçə şəxs açıq nömrələrdən zəng vurub, mesaj yazıb məni, qəzet kollektivini ən ağır sözlərlə təhqir edirlər. Həmçinin məni ölümlə hədələyirlər. Bu üç gündə nə Mətbuat Şurasından, nə başqa jurnalist təşkilatlarından heç biri zəng edib məsələylə maraqlanmayıb. DİN-ə etdiyim müraciətdən də xəbər yoxdu. Böyük ehtimalla olmayacaq da. Prezidentə vurduğum teleqramın çatmasına dair qəbz gəlib. Amma inanmıram ki, PA-dan da müsbət bir addım olsun. Bunları boş verək. Onsuz da hökumət və onun yedək qurumu olan MŞ müstəqil mətbuatın və jurnalistikanın məhv olmasına çalışırlar.
Məni maraqlandıran başqa məsələdir. Üstümüzdə bu qədər basqı olmasına baxmayaraq, iki gün davamlı olaraq telefon terroruna məruz qalmağıma və bu haqda "Yeni Müsavat"da, digər qəzetlərdə ətraflı informasiyalar dərc olunmasına rəğmən Müsavat Partiyası, AXCP bir növbətçi bəyanat belə verməyiblər. Özlərini demokratiya Allahı sayan partiya sədrləri, funksionerləri niyə adi bir telefon zəngini bizə çox görürlər? Yoxsa daha qlobal işlərlə məşğul olduqlarını zənn edib bu məsələyə əhəmiyyət vermirlər. Axı söhbət fərdlərdən yox, prinsiplərdən, dəyərlərdən gedir. Niyə müxalifət partiyasının sədrləri, funksionerləri özləri ilə bağlı qəzetdə xırda bir yanlışa görə bizdən hesab sorurmağa qalxırlar, amma ölkənin ən tirajlı qəzetinə, onun redaktoruna qarşı mənəvi-psixoloji terroru görməzdən gəlirlər. İndi neyniyək, başımıza nə çarə qılaq? Nə iqtidarımız bir işə yarayır, nə müxalifətimiz.