Xəbər lenti

Qurban Qurbanov:
İdman 22:56 30.07.2025

Qurban Qurbanov: "Buraxdıqları səhvlərə görə futbolçularıma irad bildirməyəcəm"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Şelburn"la matçda buraxılan səhvlərə görə futbolçulara irad bildirməyəcək.

Report xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar".

O, qarşılaşmanın 68-ci dəqiqəsində Kadi Borgesin yararlana bilmədiyi penalti zərbəsindən danışıb:

"Məncə burda futbolçunu güclü şəkildə tənqid edə biləcək nəsə yoxdur. Bəlkə kənardan rahat görünə bilərdi. Lakin futbol maçtlarında belə hallar yaşanır. Hər halda o da istəyərdi ki, qol vursun".

Q.Qurbanov heyətə yeni hücumçu cəlb etmək istədiklərini vurğulayıb:

"Hər dəfə bu barədə danışıram. Heyətdə olan futbolçularımıza güvənirəm. Onların hər biri bizim üçün dəyərlidir. Lakin yeni oyunçulara ehtiyac olacaq. Çünki minimum UEFA Konfrans Liqasında qrup mərəhləsini təmin etdik. Ən azı futbolçuların sayının artması baxımından heyətimizi gücləndirəcəyik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ” - "Şelburn” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ” III təsnifat mərhələsində "Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->