Dünya 12:09 10.10.2022

Raket hücumlardından sonra Ukraynada son vəziyyət: Ölən və yaralananların sayı artır (YENİLƏNİB)

Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutması nəticəsində yaralananların sayı 30-a çatıb.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyirlər. Ölənlərin sayı dəqiqləşdirilir. 

Son məlumatlara görə, paytaxtdakı partlayış nəticəsində 8 nəfər həlak olub. 

Bu arada Kiyevdə daha 2 partlayış olub. Dövlət qurumları yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edib.

Ukraynanın Xarkov vilayətinin bəzi rayonlarında su və işıq kəsilib. Bunu Xarkovun meri İqor Terexov teleqramda yazıb. Onun sözlərinə görə, 3 raket strateji əhəmiyyətli infrastukturlara dəyib.

11.10
 
Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

Qaynarinfo Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib. 

Artıq ölkənin hər yerində hava həyəcanı işə salınıb. 

Rusiya Ukraynanın şərqində yerləşən Dnepr və qərbindəki Lvov vilayətlərini də raket atəşinə tutub. Dağıntı, ölən və yaralananların olub-olması barədə hələlik informasiya yoxdur.  
 
10.28
 
Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində də partlayışlar törədilib.

Qaynarinfo "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub. 

Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.

Paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vladimirskaya küçəsində Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. 

Partlayışlar zamanı ölən və yaralananların olduğu bildirilir.
 
10.06
 
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində partlayış olub.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, səhər saatlarından Hava Hücumundan Müdafiə siqnalı verilib və partlayış səsləri eşidilib.

Şəhər meri Vitali Kliçko hadisəni təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.