Xəbər lenti

Ramil Usubov son təyinatı niyə dəyişib?
Ölkə07:22 17.01.2015

Ramil Usubov son təyinatı niyə dəyişib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili işlər naziri Ramil Usubovun son təyinatları ilə bağlı maraqlı məlumat yayılıb. 

Qaynar.info xəbər verir ki, “Azadlıq” qəzetinin bu haqda yaydığı məqalədə bildirilir ki, nazirin əmri ilə Şəki rayon Polis Idarəsinin rəisi Eldar Ilyasov Nərimanov RPI-yə, Nərimanov RPI-nin rəisi Muradəli Babayev Xətai RPI-yə, Xətai rayon PI-nin rəisi Əkbər Ismayılov Yasamal rayon PI-yə, Yasamal RPI-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPI-yə rəis təyin edilib.  Lakin, bu xəbərdən sonra bəzi xəbər portallarında məlumat yayıldı ki, yeni təyinatlarla bağlı bəzi rəislər nazirliyə müraciət ediblər. Məlumatda bildirilir ki, Sabunçu rayonuna polis rəisi göndərilən və hətta əmri verilən polkovnik İsmayıl Əsədov təyinat yerinin dəyişidirilməsini istəyib və bunu Sabunçu rayonunda yerlilərinin və yaxınlarının həddən artıq çox olduğu ilə əlaqələndirib. O bildirib ki, bu rayonda çalışması onu doğmaları ilə üz-üzə qoyacaq. Nazirlik isə onun gətirdiyi arqumentlərin işinə doğrudan da təsir edəcəyi ehtimalını əsaslı saydığından, təyinatını dəyişib.

Qəzet yazır ki, ilk baxışdan bu xəbər hamıya adi görünə bilər. Amma baş verənlərə diqqətlə nəzər salanda Azərbaycandakı əcaib vəziyyəti görmək olar. Əgər bütün rayonlarda Cinayət Məcəlləsi eynidirsə, qanun qarşısında hamı bərabərdirsə və rəis öz vəzifəsini vicdanla həyata keçirirsə, yerin nə fərqi var ki? “Azadlıq” qeyd edir ki, əgər rəisə kimisə şərləmək, kiməsə mərdiməzarlıq etmək, vəzifəsindən sui-istifadə etmək tapşırığı verilmirsə, həmin rəis niyə yaxınlarının yanında başıaşağı olmalıdır? Əgər polis rəisi vətəndaşlardan qeyri-qanuni ödənişlər tələb etməyəcəksə, ərazidə işləyənləri bezdirməyəcəksə, niyə bu təyinatdan kədərlənməlidir?

Qəzetin yazısında deyilir: “Deməli, vəziyyət düşündüyümüz kimidir. Baş verənlər  Azərbaycan reallığının bariz göstəricisidir. Əslində uzun illər ərzində Azərbaycanın məhkəmə-hüquq sisteminin necə işlədiyini, ictimai-siyasi fəalların polis vasitəsilə necə susdurulduğunu, polis rəsilərinin yerlərdəki fərqli düşüncələrə qarşı necə mübarizə apardığını görmüşük. Indi yayılan məlumat isə bu prosesin norma olduğunu təsdiqlədi. 

Deməli, polis rəisi də bilir ki, işlədiyi müddətdə xeyli “savab” işlər görəcək, qohumların, yerlilərin gözündə alçalacaq və hamı onun əsl vəzifəsinin nədən ibarət olduğuna şahidlik edəcək”.

Məsələ ilə bağlı DİN-in mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info