(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)
Hər bir dövlətin güclənməsində onun regionlarının inkişafı da mühüm yer tutur. Mərkəzi əyalətlərin inkişaf edib, regionların isə bu prosesdən kənarda qalması fonunda ölkənin tam və hərtərəfli inkişafından danışmaq yersizdir.
Artıq 18 ildir ki, Azərbaycanda regionların sosial-iqtisadi baxımdan inkişafına da xüsusi önəm verilir. Ötən müddət ərzində bu istiqamətdə bir sıra proqramlar da qəbul edilib. İlk belə proqram 2004-2008-ci illəri əhatə edib. Ardınca, bu istiqamətdə 2008-2014 və 2014-2018 və nəhayət 2019-2023-cü illəri əhatə edən proqramlar qəbul edilib və əksəriyyəti də icra olunub.
Qəbul edilən bu proqramlarda əsas məqsəd regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sahələrinin, o cümlədən emal sənayesi, kənd təsərrüfatı, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafına nail olmaq, məşğulluğun səviyyəsinin artırılması və bu əsasda əhalinin rifah halının yüksəldilməsindən ibarət olub.
Artıq bu istiqamətdə 3 proqram həyata keçib. İndilikdə isə dördüncü proqramın icrası üzərində iş gedir.
"Bütün iqtisadi fürsətlərin Abşeron yarımadasında cəmlənməsi ölkədə qeyri-proporsional iqtisadi vəziyyətin yaranmasına səbəb olur"
İqtisadiçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya bildirib ki, ötən müddətdə regionların sosial-iqtisadi inkişafı yolunda qarşıya qoyulan hədəflərə tam olaraq çatmamışıq:
"Regionların sosial-iqtisadi inkişafı ilə bağlı bu günə qədər 4 proqram qəbul olunub. Həmin proqramlarda nəzərdə tutulan məqsədlər regionların ölkə iqtisadiyyatında rolunun artırılması, istehsal sahələrinin genişləndirilməsinə nail olmaqdan ibarət idi. Qlobal götürəndə qarşıya qoyulan hədəflərdə təəssüf ki, ciddi irəliləyişlər əldə olunmadı. Ümumdaxili məhsulun formalaşmasında, xarici ticarətdə regionların payı az olaraq qalmaqdadır. Bakı və Abşeron yarımadası hələ də bu istiqamətdə hegemon olaraq qalır. ÜDM-nin formalaşmasında bu bölgənin payı 90 faiz, xarici ticarətdə isə 92 faizdir. Bütün iqtisadi fürsətlərin Abşeron yarımadasında cəmlənməsi ölkədə qeyri-proporsional iqtisadi vəziyyətin yaranmasına səbəb olur. Bu da onu deməyə əsas verir ki, regionların inkişafı istiqamətində qoyulan hədəflərə ümumi olaraq tam çatılmayıb.
Bununla belə, ekspert görülən işlərin müəyyən müsbət nəticələr verdiyini də diqqətə çatdırdı:
"Regionlarda görülən işlər nəticəsində əsasən də kənd təsərrüfatı istehsalı və ixracatında nəzərə çarpacaq dərəcədə artım baş verib. İnfrastrukturla bağlı qarşıya qoyulan bir çox hədəflər də yerinə yetirilib. Son 20 ildə regionların qaz, işıqla təminatında, yolların çəkilməsində mühüm işlər görülüb. Nəticədə regionların sosial, kommunal sahədə mövcud olan problemlərinin əksəriyyəti öz həllini tapıb”.
N. Cəfərlinin fikrincə, regionların inkişafı sahəsində qarşıya qoyulan məqsədlərə geniş mənada nail olmaq üçün idarəetmə sahəsində təkmilləşdirilmə işləri aparılmalıdır:
"Əsas problem də budur. Yerli icra hakimkiyyəti strukturu, idarəetmə fəlsəfəsi müasir dövrün tələblərinə uyğun gəlmir. Ona görə də onlar ləğv edilməli, regionlarda özünü idarəetmə institutları gücləndirilməlidir. Bu baş verərsə, regionların sosial-iqtisadi inkişafı sahəsində daha ciddi nailiyyətlərə nail olmaq mümkün olacaq. Ona görə də regionlar üzrə həyata keçirilən iqtisadi addımnlar idarəetmə ilə tamamlanmalıdır”.
"Bu istiqamətdə qəbul edilən proqramlar tam həcmdə yerinə yetirilməyib”
İqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bu istiqamətdə qəbul edilən proqramlar tam həcmdə yerinə yetirilməyib:
"Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində ötən müddətdə istər infrastrukturun inkişafı, istərsə də işsizliyin aradan qaldırılmasında mühüm addımlar atılıb. Amma dərin təhlillər göstərir ki, sözügedən istiqamətdə qəbul edilən proqramlar tam həcmdə yerinə yetirilməyib. Bu hal ölkə rəhbərliyinin çıxışlarında da qeyd olunub.
Nəticələr də var, amma bu nəticələr rəqəmlərdə artır. İşsizliyin qarşısı alınaraq, aşağı faizə endirilib. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsində də nailiyyətlər var”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.