Xəbər lenti

Rəşadət Axundovdan xəbər var
Siyasət12:09 17.09.2014

Rəşadət Axundovdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 17-də “Media forum” saytı Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbus Rəşadət Axundovun vəziyyəti ilə maraqlanıb.

Atası Fikrət Axundov oğlu ilə hər həftə görüşdüyünü deyib: “Səhhətindən və saxlanma şəraitindən narazılığı yoxdur. Əhval-ruhiyyəsi yaxşıdır. Ötən həftə ailəsi və oğlu ilə görüşüb. Apardığımız yeməkləri götürməkdə problem olmur. Yalnız dəmir qabda aparılan yeməklərə qadağa var.

Ümidimiz beynəlxalq qurumlara qalıb. Həmin qurumlardan kömək ummağımız məni çox utandırır. Azərbaycan vətəndaşının taleyindən onlara şikayət edəndə xəcalət çəkirəm. Gör nə günlərə qalmışıq ki, ədalətin bərpasını kənardan umuruq. Ölsək daha yaxşıdır.

Mən nikbin adamam, ümid edirəm ki, nəsə dəyişəcək, haqq-ədalət yerini tutacaq. Bu qədər ədalətsizlik olmaz. Rəşadətin dostlarından razıyam. Hamısı gəlib bizə baş çəkir. Rəşadətin yanına getmək üçün növbəyə dururlar”.

Rəşadət Axundov 1984-cü ildə Beyləqanda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Mərkəzi Avropa Universitetində (Budapeşt) işgüzar idarəçilik üzrə magistr dərəcəsi qazanıb. Ailəlidir, bir oğlu var.

Rəşadət Axundov ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Bu il mayın 6-da Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzası verilib.

Qaynar.info