
Bağışla, bu dəfə bir az uzun olacaq. Bilirsən, səninlə hələ tanış deyilik. Səni görmək, səni tanımaq mənə qismət olmayıb. Amma ümid edirəm ki, yaxın zamanlarda mən də səninlə şəxsən tanış olacam.
Bu gün sənin 1 yaşın tamam olur. Bilirəm, bu yazdıqlarımı indi oxuya bilməyəcəksən. Bunun üçün ən azı 6-7 il vaxt lazımdır. Amma əminəm ki, bunu nə vaxtsa oxuyacaqsan. Ona görə də gəl səninlə atan barədə danışaq. Düzdür, bu haqda sənə çox danışacaqlar, özün bunları vaxt gəldikcə biləcəksən, amma nə ziyanı mən də bir-iki kəlmə deyim.
Mən sənin atan Rəşadət Axundovu elə yaxından tanımırdım. Sadəcə, bir neçə aksiyada bir yerdə olmuşduq və bir neçə dəfə müxtəlif məkanlarda görüşüb, salamlaşmışıq. Yəni elə ciddi münasibətimiz olmayıb.
Sən doğulmamışdan bir neçə gün öncə atanı həbs etdilər. Əsassız iddialar və bəhanələrlə...
İndi haqlı yerə soruşa bilərsən ki, bəs sizi niyə həbs etmədilər? Bilirsən, sənin atan bizlərdən çox fərqlənirdi. Xahiş edirəm elə düşünmə ki, bunu deməklə məsuliyyətdən yaxa qurtarmaq və ya özümə haqq qazandırmaq istəyirəm. Yox, əsla.
Görünən budur ki, sənin atanın düşüncəsi, məqsədləri, ideyaları bunlar üçün qorxulu oldu və onu həbs etdilər. Bəli, amma bu tənqidinlə razıyam ki, onun həbs olunması həm də bizim günahımızdan oldu. Sənin atan savadlı, ağıllı, bacarıqlı və yaxşı yerdə işləyən bir adam idi. Amma o, bizdən fərqli olaraq bunlardan imtina etməyi bacardı. Biz əlimizdə olan və ya olmasını istədiyimiz şeyləri itirməkdən qorxuduğumuz halda o qorxmadı. Bizim susqunluğumuz sayəsində onu həbs etdilər. Hətta savadsız mirzələrinə onun haqqında yazılar da yazdırdılar. Halbuki atanın oxuduğu kitablar o mirzələrin təkcə yaradıcılığından yox, həm də mahiyyətindən ağır idi. Bax buna görə səndən şəxsən öz adımdan, hətta həyasızlıq etsəm belə üzr istəyirəm.
Sevgili Araz, icazə ver indi bir az da duyğusallıqdan çıxıb, optimist olaraq yazını tamamlayım. Bayaq dediyim kimi, əminəm ki, sən bu yazını bir neçə ildən sonra oxuyacaqsan. Bax o zaman artıq biz demokratik bir ölkədə yaşayacağıq. Və sənin atan çoxdan sənin yanında olacaq. Məhz bir neçə ildən sonra biz yaşadığımız ölkəni ayaqda tutduğuna görə sənin atana təşəkkür edəcəyik. Baban Əyanətin məğrur ruhu qarşısında zaman-zaman baş əyəcəyik. Necə ki, indinin özündə də onun dəyanəti qarşısında baş əyirik.
Rəşadətli Araz, o zaman sən də öz atanla, hər şeyə rəğmən məğrur dayanan, başını dik tutan ananla fəxr edəcəksən. Bəlkə də, dostların bu zaman sənin yerində olmaq istəyəcək. Onlarda "keşkə mənim atam, anam da susmasaydılar" deyəcəklər.
Sevgili Araz, uzun oldusa bağışla, amma içimdən gəldi deyə yazdım. Bir daha səni doğum günün münasibətilə təbrik edirəm. Hər bir gələcək uşağa sənin ailən kimi dəyərlərə sahib olan bir ailə arzu edirəm.
Sevgi və sayğılarla, Elkin Xəlilov