Xəbər lenti

"Rəsmi Bakı 15 diversantın qaytarılmasında Rusiyanın vasitəçiliyinə imkan verməklə..." (ŞƏRH)
Siyasət13:14 05.07.2021

"Rəsmi Bakı 15 diversantın qaytarılmasında Rusiyanın vasitəçiliyinə imkan verməklə..." (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan 15 erməni diversantını məhz Rusiyanın vasitəçiliyi ilə Ermənistana qaytarmaqla dolayısıyla prosesdə dünya gücləri arasında balans yaratdı”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri erməni diversant əsgərlərin qaytarılması müqabilində mina xəritələrinin verilməsi prosesində Qərb dövlətlərindən sonra bu dəfə Rusiyanın vasitəşilik missiyasına toxunarkən deyib. Həmsöhbətimizin fikrincə, bu, həmçinin ona dəlalət edir ki, Moskva hələ də prosesdə həlledici amildir:
"Erməni diversantlarının arxasınca gələn təyyarə bu dəfə Gürcüstandan gələn təyyarə olmadı. Bu, Qarabağda yerləşən Rusiya sülhməramlılarının komandanı Muradovun təyyarəsi idi. Belə vəziyyət açıq şəkildə göstərdi ki, mina xəritələrinin verilməsi və diversantların geri qaytarılması prosesinin içində Rusiya da var. Moskva növbəti dəfə belə addım atmaqla Qarabağ prosesində hələ də həlledici amil olduğunu ortaya qoydu”.  
 
N. Miri bildirdi ki, Azərbaycan bu dəfə Rusiyanın vasitəşiliyinə razı olmaqla balans siyasəti yürütdüyünü bir daha ortaya qoydu: 
"Məsələnin ən maraqlı tərəfi Azərbaycanın buna imkan yaratmasıdır. Yəni Bakı buna razı olmaya, hansısa şərtlər daxilində prosesi əngəlləyə də bilərdi, amma etmədi. Azərbaycan 15 erməni diversantını məhz Rusiyanın vasitəçiliyilə Ermənistana qaytarmaqla dolayısıyla prosesdə dünya gücləri arasında balans yaratdı. Bakı balans yaratmaqla dünya güclərinin hər hansı birinə qarşı seçim etmədiyini və normal, ədalətli proseslərə hər zaman açıq olduğunu nümayiş etdirdi. Yürüdülən siyasətin əsas qayəsi budur”. 
Lakin politoloqun fikrincə, prosesdə Azərbaycanın marağına uyğun olmayan bəzi qüsurlu məqamlar da var. Ekspert düşünür ki, məhkəmə qərarı ilə erməni diversantlarının buraxılması doğru qərar deyil. O, bundan öncəki prosesdə olduğu kimi, məsələyə humanitar müstəvidə yanaşmağı daha doğru hesab edir:  
"Bu qüsurlu məqam diversantların geri qaytarılması və əvəzində iki rayon üzrə mina xəritələrinin verilməsi ilə bağlı deyil. Burada etiraz olunası məqam odur ki, erməni diversantlarının guya heç nə etməmiş kimi məhkəmədən azad buraxılmaları bir növ cəzasızlıq mühitini ortaya qoydu. Dünənə qədər bu erməni əsirlərini diversant və terrorçu kimi təqdim edir və onların cinayət məsuliyyətinə cəlb edilməsindən danışırdıq. Buna görə də hüquqi cəhətdən onları geri qaytarmaq imkanımızın doğru olmadığını əsaslandırırdıq. Birdən-birə isə onları məhkəmə qərarı ilə buraxırıq. Fikrimcə, bu, yanlış yanaşma idi. Azərbaycan prosesə sadəcə keçəndəfəki kimi humanitar müstəvidə baxmalı idi. Belədə, dövlətimizin mərhəmətli olduğu ortaya qoyulmuş olardı”. 
Rüfət Sultan