"Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.”
XİN-dən Qaynarinfo-ya verilən məlumata görə bunu qurumun mətbuat katibi Ayxan Hacızadə Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
XİN rəsmisinin sözlərinə görə təəccüblü hal odur ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir.
O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır.
A. Hacızadə daha sonra sözlərinə belə davam edib:
"Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir.
Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub.”
Sonra diplomat Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.
Şərhlər